azia.az
azia.az

Tağı Əhmədov 3 milyonunu Eldar Mahmudovdan ala biləcəkmi?

15-11-2016, 09:16

Tağı Əhmədov 3 milyonunu Eldar Mahmudovdan ala biləcəkmi?Müsadirə olunan əmlaklar zərərçəkənlər arasında bölünəcək, çatmayan hissə isə...

Ləğv edilmiş MTN-in sabiq idarə rəisi, general-mayor Akif Çovdarov Bakı Metropolteninin keçmiş rəisi Tağı Əhmədovdan şantaj yolu ilə 3 milyon avro alıb.

İstintaq materiallarına əsasən, pulu A.Çovdarova T.Əhmədovun qardaşı oğlu Əli Əhmədov çatdırıb.

Hazırda Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə bir çox zərərçəkənlər sırasında Tağı Əhmədovun da adı var.
A.Çovdarovun əməlləri nəticəsində bu şəxslərə xeyli miqdarda zərər vurulub. Qanunda vurulmuş zərərin hansı mənbələr hesabına ödənilməsi və zərərçəkənlərin itirdiklərini qaytarmaq üçün hansı addımlar atmalı olduqlarını tanınmış hüquqşünas Müzəffər Baxışdan öyrəndik.

“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri deyir ki, belə hallarda vurulmuş zərər əsasən təqsirləndirilən şəxsdən müsadirə olunan əmlaklar hesabına ödənilir: “Çovdarov və digərləri həbs olunarkən onların əmlakları üzərinə həbs qoyulub. Barələrində ittiham hökmü çıxarılanda Tağı Əhmədovun da mülki iddiasına münasibət bildiriləcək. Cinayət Prosessual Məcəllənin tələblərinə görə, hökmdə də mülki iddiaya qiymət veriləcək. İddia təmin olunacaqsa, hökm qüvvəyə minəndən sonra hökmün əmlak müsadirəsi hissəsi icra olunacaq. İlk növbədə mülki iddiaçıların iddiasının təmini gerçəkləşdiriləcək. Pul vəsaiti nə qədər çatırsa, zərərçəkən şəxslərin arasında bölünəcək. Çatışmayan hissə isə Akif Çovdarovdan tutulacaq. Əgər o, həbsxanada işləyəcəksə, əldə etdiyi gəlirdən həmin şəxslərə vurduğu ziyanı ödəyəcək. Təqaüdünün 50 faizini də tutacaqlar. 30 il müddətində həmin hökmün mülki iddia hissəsinin icrası qüvvədədir. Bu müddətdən sonra icraata xitam verilir”.

M.Baxış deyir ki, A.Çovdarova qarşı mülki iddianın təmini onun yaxınlarına vərəsəlik əsasında keçən əmlaklar hesabına da gerçəkləşdirilə bilər: “Vərəsəlik əmlak qaydasında keçən əmlakı mülki iddianın təmini obyekti ola bilər. Akif Çovdarov dünyasını dəyişərsə, onun tutaq ki, 1 milyon manatlıq evi birinci dərəcəli vərəsələrinə çatır. Həmin 1 milyon həcmində mülki iddianın ödənilməsinə həmin vərəsələr mülki-hüquqi məsuliyyət daşıyırlar”.

Məşhur DİN polkovniki, adam oğurluqları, sifarişli qətllər, quldurluq cinayətlərinə görə ömürlük həbsə məhkum edilmiş Hacı Məmmədova qarşı da vaxtilə mülki iddialar qaldırılmışdı. Maraqlıdır ki, məhkəmə hökm çıxararkən həmin mülki iddiaları baxılmamış saxladı. Faktiki, H.Məmmədovun bir çox şəxslərə vurduğu ziyan ödənilməmiş qaldı. Eyni durum Akif Çovdarovun da məhkəməsində təkrarlana bilərmi?

Vəkil deyir ki, CPM-nin tələblərinə görə mülki iddia məhkəmə istintaqı başlanana qədər verilə bilər: “Tağı Əhmədov mülki iddianı məhkəmənin hazırlıq iclasında verdi. O, məhkəmə istintaqı başlamazdan əvvəl bunu etdi”.

Mülki iddiaçılar Akif Çovdarova birbaşa rəhbərlik etmiş, hazırda istintaqdan kənar qalan Eldar Mahmudova, Hilal Əsədova qarşı mülki iddia qaldıra bilərlərmi?

M.Baxış belə bir iddianın qaldırılmasının mümkün olduğunu deyir: “Akif Çovdarovun əməllərindən zərərçəkənlər mülki icraat qaydasında Eldar Mahmudova, Hilal Əsədova qarşı iddia qaldıra bilərlər. Amma həmin iddia ilə çıxış edən sübut etməlidir ki, Akif Çovdarovun ona ziyan vurması bu şəxslərin hərəkətsizliyi və ya hansısa hərəkətləri nəticəsində baş tutub. Deyə bilər ki, həmin 3 milyonu Akif Çovdarov Hilal Əsədov, Eldar Mahmudov və digərlərinin köməyi ilə alıb. Belə bir iddia ilə də çıxış etmək olar”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi