Tağı Əhmədovun övladları ilə bağlı ittihamlara rəsmi reaksiyalar
“Bakı Metropoliteni”nin keçmiş rəisi haqda iddialar niyə araşdırılmayıb?
“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun ifşa olunmuş MTN çetesinə 3 milyon manat rüşvət verməsi ciddi müzakirələrə yol açsa da, bununla bağlı aidiyyəti qurumlar heç bir araşdırma aparmır.
Həmçinin onun oğlunun maşınla adam vurması barədə həbsdə olan MTN generalı Akif Çovdarovun açıqladığı fikirlər də indiyədək araşdırılmayıb.
Qeyd edək ki, Tağı Əhmədov istintaqa verdiyi ifadəsində 3 milyon manatı Akif Çovdarova nə səbəbə verdiyini açıqlamışdı. T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan “Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə, cavab verib.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov isə musavat. com saytına açıqlamasında müdafiə etdiyi tərəfin fikirlərini bəyan edib. Onun sözlərinə görə, Akif Çovdarov istintaq dövründə Tağı Əhmədovla üzləşmək istəyib: “Lakin bizim vəsatətlərimiz təmin edilmədi. Tağı Əhmədovun balaca oğlu bu yaxınlarda aeroport yolunda dayanacaqda maşını ilə adam vurub. O biri oğlunun da barəsində rayon polis idarələrində cinayət materialları var. Hesab edirəm ki, bunları ört-basdır etmək üçün Tağı Əhmədovu mənə qarşı istifadə edirlər”.
Vəkil onu da əlavə edib ki, müvəkkili A.Çovdarova qarşı bir neçə ərizələrin sahibləri hazırda dələduzluq maddəsi ilə həbs olunmuş şəxslərdir və onların ərizələrini də ciddi qəbul etmək olmaz. Qeyd edək ki, T.Əhmədov metropoliten rəhbəri olduğu dövrlərdə ciddi şəkildə korrupsiya faktları barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilib. Üstəlik, məhkəmə istintaqında 3 milyon manat söhbətinin qeyd olunması T.Əhmədovun korrupsiya iddiaları ilə bağlılığını bir daha diqqətə gətirir. Ancaq bu kimi faktlar rəsmi qurumlar üçün araşdırma aparılması üçün yetərli deyil.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov musavat.com-a bildirib ki, T.Əhmədovun 3 milyonluq iddiası və buradakı korrupsiya ehtimalları qurumda araşdırılmayıb. Onun sözlərinə görə, hələ məhkəmə keçirilməyib və bu səbəbdən açıqlama verməyəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə açıqlanan avtoqəza barədə araşdırma aparılmadığını qeyd edib. Onun sözlərinə görə, DİN bu hadisədən xəbərsizdir və araşdırmayıb.
O, məsələni Baş Dövlət Yol Polis İdarəsindən soruşmağı məsləhət bilib. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də qeyd edib ki, Çovdarovun iddiası araşdırılmayıb. Onun sözlərinə görə, araşdırma aparmaq üçün maşının nömrəsi olmalıdır: “Adamın ad və soyadı ilə tapa bilmərik. Maşının nömrəsi məlum olsun ki, görək hadisə baş verib, ya yox”.
İqtisadçı Qadir İbrahimli isə bildirib ki, T.Əhmədovun rəhbəri olduğu dövrdə metropolitendə ciddi yeyintilərin, korrupsiya faktlarının olması barədə dəfələrlə detallı və bilgi dolu materiallar işləyib, yazılar yazıb: “Tağı Əhmədov rəhbər olduğu zaman metropolitenin gəlirləri ictimaiyyətə açıqlanmırdı. Metropoliten dövlət strukturu olduğuna görə maliyyə hesabatları dərc olunmalı, qurumun gəlirləri, xərcləri barədə məlumat verilməli idi. Tağı Əhmədov təkcə keçidlərdəki dükanların idarə edilməsindən milyonlarla manat qazanırdı. Özü açıqlamışdı ki, buradan yüz min manat vəsait əldə olunur. Ancaq sadə hesablamalara görə, həmin vəsaitin həcmi il ərzində on milyon manata çatırdı. Yaxud metrostansiyalarda yerləşdirilən reklam lövhələrinə görə milyonlarla manat gəlir gəlirdi, ancaq rəqəm açıqlanmırdı. Ümumiyyətlə, bu məsələlər heç vaxt rəsmi şəkildə təsdiqini tapmayıb.
Tağı Əhmədov deyirdi ki, gəlirlərdən sizə nə var? Böyük ehtimalla həmin gəlirlərin bir hissəsi nağdlaşdırılıb oğurlanırdı. Ümumiyyətlə, kriminal aləmin bir xususiyyəti var. Hansısa bir məmurdan, yaxud iş adamından külli miqdarda pul tələb edəndə həmin adam tam öyrənilir, imkanlarına adekvat pul tələb olunur. Yəni pul istəyənlər Tağı Əhmədovun çox imkanlarını dəyərləndirib. Akif Covdarov MTN generalı olub, başqa mənbələrdən də Tağı Əhmədovun gəlirləri ilə bağlı kifayət qədər qeyri-rəsmi məlumatlar alıb. Ona görə də obyekt olaraq Tağı Əhmədov seçilib”. (musavat.com)