“Bu, ciddi jurnalistikanın inkişafına müsbət təsir göstərər”
Xəbər veridyimiz kimi, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin son iclasındakı çıxışında çap mediasına göstərilən qayğının onlayn mediaya da göstərilməsinin vacibliyini vurğulayıb, elektron mediaya belə bir yardımın göstərilməsinin zəruriliyni əsaslandırıb
MŞ sədrinin bu çıxışından sonra bir sıra millət vəkilləri, onlayn media qurumlarının rəhbərləri açıqlama verərək Əflatun Amaşovun bu vacib təklifini dəstəklədilər.
Bu gün bir zamanlar peşəkar jurnalist kimi sevilən millət vəkili Qənirə Paşayeva da məsələ ilə bağlı Moderator.az-a açıqlama verib.
Xanım millət vəkili də onlayn media qurumlarına dövlət tərəfindən yardım edilməsi təklifini dəstəklədiyini bildirib:
“Onlayn mediaya dövlət yardımı ilə bağlı həmkarlarımın qaldırdığı təklif və fikirləri həmişə dəstəkləmişəm və bu barədə bir neçə dəfə öz fikirlərimi də bildirmişəm.
Bildiyimiz kimi, cənab prezident hər zaman mediaya ayrıca diqqət, qayğı göstərib, hər zaman bu sahəyə həssaslıqla yanaşıb. Ölkəmizdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və fəaliyyət göstərir. Dövlət bu qurum vasitəsilə print mediaya geniş dəstək göstərir və təbii ki, bu, çox müsbət haldır.
Amma bilirik ki, dünyada, eyni zamanda bizim ölkəmizdə də internetin inkişafı ilə bərabər onlayn medianın gücü daha da artır. Dünyada onlayn medianın gücü artdıqca da print medianın gücü zəifləyir. Təbii ki, buna görə də Azərbaycanda da onlayn mediaya yüksələn sürətlə inkişaf edir. Bu gün bizim sanballı onlayn media qurumlarımız var ki, onların da print media kimi dövlət dəstəyindən yararlanması labüddür. Dövlət dəstəyinin göstərilməsi onlayn medianın inkişafına öz müsbət təsirini göstə bilər. İnanıram ki, bu dəstək də göstəriləcək.
Bir məsələni də qeyd etmək istəyirəm, hansı ki, mənim jurnalisitika ilə bağlı əndişə duyduğum bir məsələdir və bu barədə fikirlərimi hər zaman açıq deyirəm. Çox təəssüf ki, Azərbaycanda reket jurnalistikası getdikcə daha da güclənir. Biz bunu etiraf etməliyik və bu hal hamımızı, cəmiyyətimizi, ciddi jurnalistika ilə məşğul olan bütün KİV-ləri narahat etməlidir. Həmçinin hər birimiz reket jurnalistikaya qarşı ciddi mübarizə aparmalıyıq. Təəssüf ki, onlayn medianın içərisində də məhz reket jurnalistika ilə məşğul olanlar var. Ona görə də biz çalışmalıyıq ki, onlayn mediaya dövlət dəstəyi olduğu zaman da, sözün əsl mənasında əsl jurnalistika ilə məşğul olan onlayn media qurumları bu dəstəkdən yararlansınlar. Cəmiyyətimiz üçün, eyni zamanda Azərbaycanın dünyada, beynəlxalq aləmdə təbliği üçün daha faydalı işlər görsünlər.
Biz millət vəkilləri olaraq həmkarlarımızın onlayn mediaya dəstəklə bağlı ciddi təklif və fikirlərini dəstəkləyirik. Həmçinin KİV haqqında Qanuna yenidən baxılması ilə bağlı fikirlər də irəli sürülür ki, Qanuna elektron media ilə bağlı çox vacib maddələr əlavə olunmalıdır. Bu istiqamətdə müzakirələr açıldığı zaman KİV haqqında Qanunda əlavə və dəyişikliklər edilə bilər və edilməlidir. Bunun qanunvericilikdə də öz əksini tapması vacib məsələdir və biz bunları da dəstəkləyirik.
İnanırıq ki, cənab prezident tərəfindən Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair milli strategiyanın həyata keçirilməsi ilə bağlı 2016-2020-ci illər üçün dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Bu proqrama əsasən Mətbuat Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2016-2020-ci illərdə onlayn medianın inkişafı üçün də tədbirlər görməlidir. Düşünürəm ki, elə bu proqramın hazırlanmasında da onlayn mediadakı jurnalist həmkarlarımızın təklif və fikirlərinin öz əksini tapacağına inanırıq. Dövlət tərəfindən onlayn mediaya dəstək göstərilməsi məsələsi də yaxın zamanda öz həllini tapacaq.
İnternet mediasına dövlət dəstəyi artarsa, Azərbaycanın internet mediasının beynəlxalq arenada da öz sözünü deməsi üçün imkanlar genişlənə bilər. Ona görə də biz inanırıq ki, dövlətimiz, dövlət başçımız hər zaman olduğu kimi jurnalistlərin, onlayn mediadakı həmkarlarımızın təklif və xahişlərini nəzərə alacaq. Necə ki, print mediaya dövlət dəstəyi həyata keçirilir, eləcə də onlayn mediaya da dövlət dəstəyi həyata keçiriləcək. İnanırıq ki, bu məsələ geniş şəkildə təqdim olunduğu zaman cənab prezident tərəfindən ciddi jurnalistika ilə məşğul olan onlayn media qurumlarına dövlət dəstəyi göstəriləcək.
Biz də parlamentdə təmsil olunan jurnalist kökənli millət vəkilləri olaraq öz tərəfimizdən bu istiqamətdə məsələlərin, KİV haqqındakı Qanunda gərəkən dəyişikliklərin olunması üçün hər zaman fəal müzakirələrə hazırıq. Müzakirələrdə fəal iştirak edərək həmkarlarımızın fikir və təkliflərini çatdırmağa çalışacağıq.
Onlayn mediada çalışan həmkarlarımızın təkliflərinə qoşularaq çox istəyərdik ki, onlayn mediadakı əsl jurnalistlərə dəstək verilsin. Reket jurnalistika ilə məşğul olanların imkanları zatən genişdir. Onlara çirkin məqsədləri üçün vəsait ayıranlar var. Reket jurnalistika vasitəsilə onlayn medianın imkanlarından istifadə edərək pul qazanırlar. Əlbəttə ki, bunlar jurnalistika adına utanc gətirilər və biz onları qınayırıq. Ancaq onlayn mediada əsl jurnalistika ilə məşğul olaraq cəmiyyətimiz, ölkəmiz üçün faydalı işlər görən onlayn media qurumları var ki, onların problemləri, çətinlikləri çoxdur. Dövlət dəstəyinin artması onların inkişafına və onlayn mediada da ciddi jurnalistikanın inkişafına müsbət təsir göstərər. Məhz bu vacib məsələdə dövlət dəstəyi də çox yardımçı ola bilər”.