Həkim yaşa dolduqca diş əyriliyinin nədən yarandığını izah etdi
"Dişlərin ömür boyu düz qalması şərt deyil. Onların mövqeyi həyat boyu dəyişməyə davam edir".
Oxu.Az xəbər verir ki, bunu Lenta.ru-ya açıqlamasında həkim Raul Mora deyib.
Mütəxəssis 40 yaşdan sonra dişlərin mövqeyinin niyə dəyişdiyini izah edib:
"Yaş artdıqca qonşu dişlərin bir-birinə toxunan səthləri tədricən aşınır. Bu aşınmanı kompensasiya etmək və sıx təması qorumaq üçün dişlər diş sırasının mərkəzinə doğru yerini dəyişir. Ön kəsici dişlər isə dönərək bir-birinin üzərinə çıxmağa başlayır. Bu hal daha çox alt çənədə müşahidə olunur. Yaşla bağlı dəyişikliklər adətən tədricən baş verir. Lakin qısa müddətdə dişlər arasında nəzərəçarpacaq boşluqlar yaranarsa, dişlər əyilərsə və ya laxlayarsa, bunu təkcə yaşla əlaqələndirmək olmaz. Belə hallarda dişləri yerində saxlayan toxumaların vəziyyətini yoxlatmaq lazımdır".
Həkim bu cür sürətli dəyişikliklərin səbəblərindən biri kimi parodontiti göstərib. Bu iltihabi xəstəlik zamanı dişin ətrafındakı toxumalar, o cümlədən onu dəstəkləyən sümük tədricən zədələnir. Dəstək zəiflədikdə dişlər yerini dəyişə və aralarında boşluqlar yarana bilər.
Mora əlavə edib ki, dişlərin yerini dəyişməsinin digər səbəbi diş itkisidir. Çeynəmə dişlərindən biri çıxarıldıqdan sonra qonşu dişlər yerini dəyişə, qarşı çənədə təmassız qalan diş isə tədricən boşluğa doğru uzana bilər.