"Son zamanlar ölkədə bu kimi iyrənc mənzərələr artır" — VİDEO
"İslam dini əxlaq normalarına riayət etməyi hər mənada vacib hesab edir. Dini yöndən xoşagəlməz məclislər, qadın və kişilərin birlikdə yaxud ayrılıqda eyş-işrət məclisi qurması, günah işlərə mürtəkib olmaq haram və böyük günah sayılır. Ələlxüsus da qadınlar alçaltmaq, pul müqabilində onları aşağılamaq, bəlkə də ağır sosial çarəsizliyindən istifadə edərək onların mənliyini ictimai şəkildə təhqir etmək İslam hüququ baxımından da dünyəvi hüquq baxımından da ciddi məsuliyyət yaradır. Bu və bu kimi məclislərdə öncə qadınların iştirakı qəbuledən deyil".
Bu fikirləri Demokrat.az-a açıqlamasında dinşünas Tural İrfan deyib.
Onun sözlərinə görə, əvvəlcədən təxmin etmədikləri situasiyaya rəğmən iştiraka məcbur olsalar da pul müqabilində xoşagəlməz proseslərə alət olmaqları öz məsuliyyətləridir:
"Son zamanlar ölkədə bu və bu kimi iyrənc mənzərələr artır. Dəhşətli səhnələrdir. Xalqın mentaliteti məhv olur, dini dəyərlər sıradan çıxır. Ölkədə mənəvi boşluq var. İctimai əxlaq sıfıra enib. Pozğunluq, kobudluq, qabalıq müasirlik və yenilik kimi qəbul olunur. Qadın və kişilərin çoxu öz yerini bilmir. O cür məclislər xüsusi olaraq məqsədli şəkildə təşkil olunur və məqsədyönlü şəkildə ictimailəşdirilir. İctimai əxlaqı pozmaq üçün çox güclü fəaliyyət var. Fərdi məsuliyyət baxımından isə orada iştirak edən hər kəs günahkardır. Quranda qeydə alındığına görə vaxtilə Sədum, Səmud və Lut qövmü də bu cür iyrənc işlər götürdülər. Nəticədə Allah o qövmləri yerə batırdı və məhv etdi. Bütün bəlalar bu cür iyrəncliklərin nəticəsində ilahi təqdirlə baş verir. Həyatda təsadüf yoxdur".
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə qadınlara 100 manat pul verildikdən sonra onlara spirtli içki içirdildiyi əks olunub. Hadisə cəmiyyətdə ciddi narazılıq yaradıb və müzakirələrə səbəb olub.