"İdmandan kənar": Rafael Nadalın ağrı, göz yaşı və zəfərlərlə dolu hekayəsi - Foto/Video
O, meydançaya çıxanda sadəcə rəqibinə qarşı mübarizə aparmırdı. Hər xal uğrunda son nəfəsinə qədər döyüşür, məğlubiyyətlə üzləşəndə belə təslim olmurdu. Bəzən zədələr, bəzən ağrılar, bəzən də ən çətin rəqiblər onun yolunu kəsməyə çalışırdı. Ancaq o, hər dəfə yenidən ayağa qalxmağı bacarırdı. Söhbət tennis tarixinin ən böyük simalarından biri, "torpaq kortların kralı" Rafael Nadaldan gedir.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Rafael Nadalın həyat və karyera hekayəsindən bəhs edəcəyik.
Malyorkadan başlayan yol
Rafael Nadal Parera 3 iyun 1986-cı ildə İspaniyanın Malyorka adasındakı Manakor şəhərində dünyaya gəlib. Onun idmana marağı hələ uşaq yaşlarından formalaşıb. Dörd yaşında ikən əmisi Toni Nadalın rəhbərliyi altında tennis məşqlərinə başlayıb. Sonradan onun karyerasında mühüm rol oynayacaq Toni həm məşqçisi, həm də ən böyük yol göstərəni olub.
Maraqlı məqamlardan biri də Nadalın sağ əlli olmasına baxmayaraq, tennisdə sol əllə oynamasıdır. O, gündəlik həyatda sağ əlindən istifadə etsə də, kortda sol əllə çıxış edib. Əvvəllər iki əllə "forehand" zərbəsi vuran Rafael doqquz yaşında əmisinin məsləhəti ilə bu texnikanı dəyişib.
Nadalın ailəsində idmana maraq təkcə onunla məhdudlaşmırdı. Əmisi Migel Anxel Nadal da futbolçu olub. O, "Barselona", "Malyorka" və İspaniya millisinin formasını geyinib, üç dünya çempionatında iştirak edib.
Rafael isə öz yolunu tennis kortlarında seçmişdi. 15 yaşında peşəkar səviyyədə ilk qələbəsini qazanan gənc idmançı qısa müddətdə diqqətləri üzərinə çəkdi. 2003-cü ildə "Uimbldon"un gənclər turnirində yarımfinala yüksəlməsi də onun gələcək uğurlarının xəbərçisi idi.

19 yaşında dünyanın zirvəsinə doğru
Nadalın böyük tennisə gəlişi uzun müddət gözləmədi. 2005-ci ildə, cəmi 19 yaşında ikən "Rolan Qarros"da ilk "Böyük dəbilqə" titulunu qazandı. Finalda argentinalı Mariano Puertanı məğlub edən ispaniyalı bununla Parisdə başlayacaq böyük hökmranlığının əsasını qoydu.
Həmin il o, "Rolan Qarros"la kifayətlənmədi. Mövsüm ərzində daha bir neçə turnirin qalibi oldu və dünya tennisinin ən parlaq gənc ulduzlarından birinə çevrildi.
Nadalın oyun üslubu fərqli idi. Sol əllə vurduğu güclü "topspin" zərbələri, fiziki dözümlülüyü, müdafiədən hücuma sürətli keçidi və hər top uğrunda mübarizə aparması onu rəqibləri üçün olduqca çətin oyunçuya çevirirdi. Xüsusilə torpaq kortlarda onunla mübarizə aparmaq əsl sınaq idi.
2005-ci ildən 2008-ci ilə qədər ardıcıl dörd dəfə "Rolan Qarros"un qalibi olan Nadal bu müddətdə Rocer Federerə də ciddi rəqabət göstərirdi. İki tennisçinin qarşıdurması idman tarixinin ən yaddaqalan rəqabətlərindən birinə çevrildi.

Federerə qarşı unudulmaz final
2008-ci il Nadalın karyerasında xüsusi yer tutur. Həmin ilin iyulunda o, "Uimbldon"un finalında Rocer Federerə qarşı korta çıxdı. Beş set davam edən və 4 saat 48 dəqiqə çəkən qarşılaşma tennis tarixinin ən möhtəşəm finallarından biri kimi yadda qaldı.
Nadal rəqibini 6:4, 6:4, 6:7, 6:7, 9:7 hesabı ilə məğlub edərək ardıcıl dördüncü "Rolan Qarros" titulundan sonra ilk "Uimbldon" zəfərini də qazandı. Bu qələbə onun yalnız torpaq kortların deyil, digər örtüklərin də güclü oyunçusu olduğunu göstərdi.
Həmin il Pekin Olimpiadasında da qızıl medal qazanan Nadal dünya reytinqində birinci pilləyə yüksəldi. O, artıq tennisin ən böyük ulduzlarından biri idi.
2009-cu ildə isə Avstraliya Açıq çempionatının finalında Federeri məğlub edərək bu turnirdə ilk titulunu qazandı. 2010-cu ildə "Rolan Qarros", "Uimbldon" və ABŞ Açıq çempionatında qalib gələn ispaniyalı karyera "Böyük dəbilqə"sini tamamladı. Beləliklə, o, dörd əsas turnirin hamısında çempionluq yaşayan tennisçilər sırasına qoşuldu.
Rəqiblər, zədələr və geridönüşlər
Nadalın karyerası yalnız qələbələrdən ibarət olmayıb. Onun ən böyük rəqibləri ilə mübarizəsi qədər zədələrlə savaşı da yadda qalıb.
Diz problemləri, bel və qarın nahiyəsindəki zədələr, ayağındakı ağrılar ispaniyalının dəfələrlə kortlardan uzaq qalmasına səbəb olub. Hər dəfə geri dönəndə isə onun əvvəlki səviyyəyə qayıdıb-qayıtmayacağı sual doğururdu.
2012-ci ildə diz zədəsi səbəbindən bir neçə ay yarışlardan kənarda qalan Nadal 2013-cü ildə möhtəşəm dönüş etdi. Həmin mövsüm "Rolan Qarros" və ABŞ Açıq çempionatını qazandı. Bir il sonra Parisdə doqquzuncu titulunu əldə etdi.
Lakin zədələr onun karyerasını rahat davam etdirməsinə imkan vermirdi. Bəzən ən böyük qələbələrindən sonra belə uzun müddət bərpa prosesi keçməli olurdu. Buna baxmayaraq, Nadal korta qayıtmaqdan vaz keçmirdi.

2022-ci il: Ağrılar içində iki böyük zəfər
Nadalın iradəsini ən yaxşı göstərən mövsümlərdən biri 2022-ci il oldu.
Avstraliya Açıq çempionatının finalında Daniil Medvedevə qarşı mübarizə aparan ispaniyalı ilk iki seti uduzdu. Qarşılaşmanın gedişində onun şansları xeyli azalmışdı. Ancaq Nadal geri çəkilmədi. Beş saat 24 dəqiqə davam edən oyunda 2:6, 6:7, 6:4, 6:4, 7:5 hesabı ilə qalib gələrək 21-ci "Böyük dəbilqə" titulunu qazandı.
Bu, onun karyerasındakı ən möhtəşəm geridönüşlərdən biri idi. Həmin vaxt ayağındakı xroniki ağrılar səbəbindən tennisdən uzaq qala biləcəyi də müzakirə olunurdu. Lakin Nadal yenə də bütün çətinliklərə baxmayaraq, zirvəyə qayıtdı.
Bir neçə ay sonra Parisdə daha bir tarix yazdı. "Rolan Qarros"un finalında norveçli Kasper Ruudu məğlub edən Nadal 14-cü dəfə turnirin qalibi oldu. Bu göstərici onu Fransa Açıq çempionatının tarixində misilsiz mövqeyə yüksəltdi.
Ancaq həmin qələbənin də bədəli ağır oldu. Ayağındakı ağrılar səbəbindən Parisdən sonra qoltuq ağacları ilə hərəkət etməli idi. Daha sonra qarın nahiyəsindəki zədə onun "Uimbldon"dan da çəkilməsinə səbəb oldu.

"Böyük üçlük" və dostluğa çevrilən rəqabət
Nadalın adını çəkərkən Rocer Federer və Novak Cokoviçi unutmaq mümkün deyil. Bu üçlük uzun illər dünya tennisinə hökmranlıq etdi. Onların rəqabəti azarkeşlərə saysız-hesabsız unudulmaz qarşılaşmalar yaşatdı.
Federerlə Nadalın münasibəti isə zamanla rəqabətdən dostluğa çevrildi. 2022-ci ildə Federer son peşəkar matçını keçirərkən Nadal onunla cütlükdə korta çıxdı. Qarşılaşmadan sonra iki tennisçinin yanaşı oturaraq göz yaşlarını saxlaya bilməməsi idman tarixinin ən təsirli görüntülərindən biri oldu.
Nadal həmin an yalnız böyük rəqibini deyil, uzun illər eyni səviyyədə mübarizə apardığı dostunu da yola salırdı. Bir-birinə qarşı yüzlərlə oyun keçirən iki əfsanə kortdan kənarda da dərin hörmət və dostluq münasibəti qurmuşdu.

Son nöqtə: Doğma torpaqda vida
2023-cü ildə bud nahiyəsindən əməliyyat olunan Nadal uzun müddət yarışlardan uzaq qaldı. 2024-cü ildə kortlara qayıtsa da, əvvəlki fiziki gücünü bərpa etməkdə çətinlik çəkirdi.
Həmin il oktyabrın 10-da o, peşəkar tennis karyerasını başa vuracağını açıqladı. Nadal son turnir kimi İspaniyada keçiriləcək Devis Kubokunun final mərhələsini seçdi.
38 yaşlı tennisçinin son matçı 2024-cü il noyabrın 19-da Niderland yığmasına qarşı oldu. Botik van de Zandsxulpla qarşılaşmada 4:6, 4:6 hesabı ilə məğlub olan Nadalın karyerası bununla da başa çatdı. İspaniya həmin görüşdə ümumi hesabda 1:2 uduzaraq turnirlə vidalaşdı.
Matçdan əvvəl İspaniyanın dövlət himni səslənərkən Nadal göz yaşlarını saxlaya bilmədi. Qarşılaşmadan sonra isə minlərlə azarkeş ayağa qalxaraq onu alqışladı.
Vida mərasimində Nadal karyerası ərzində qazandığı titullardan daha çox necə insan kimi xatırlanmaq istədiyini vurğuladı. O, Malyorkanın kiçik bir şəhərindən çıxan, arzularının arxasınca gedən və çox çalışan bir uşaq kimi yadda qalmaq istədiyini bildirdi.

Rəqəmlərin arxasındakı əfsanə
Nadal peşəkar karyerasını 92 ATP turnirinin qalibi, 22 "Böyük dəbilqə" titulu sahibi kimi başa vurdu. Onun qazandığı əsas turnirlərin bölgüsü belədir: "Rolan Qarros"da 14, Avstraliya Açıq çempionatında 2, "Uimbldon"da 2, ABŞ Açıq çempionatında 4 titul.
O, dünya reytinqində ümumilikdə 209 həftə birinci pillədə qərarlaşıb. 2008-ci ildə Pekində təklərdə, 2016-cı ildə Rio-de-Janeyroda isə Mark Lopeslə birlikdə cütlüklərdə Olimpiya çempionu olub. İspaniya ilə dörd dəfə Devis Kubokunu qazanıb.
Nadalın torpaq kortlardakı göstəriciləri isə ayrıca bir tarixdir. O, bu örtükdə 63 titul əldə edib, 2005-2007-ci illərdə ardıcıl 81 oyunda qalib gəlib. "Rolan Qarros"da 112 qələbə və cəmi dörd məğlubiyyətlə turniri tərk edib.
Bu rəqəmlər onun nə qədər böyük idmançı olduğunu göstərir. Ancaq Nadalı əfsanəyə çevirən təkcə titullar deyildi. Onun hər xal uğrunda mübarizəsi, məğlubiyyətə münasibəti, zədələrdən sonra dəfələrlə geri qayıtması və rəqiblərinə göstərdiyi hörmət onu milyonların sevimlisinə çevirdi.
Rafael Nadal kortla vidalaşsa da, tennis tarixində qoyduğu iz silinməyəcək. Malyorkadan çıxan həmin uşaq arzularının arxasınca getdi və bir gün dünyanın ən böyük tennisçilərindən birinə çevrildi.