Qənirə Paşayevanın təklifi İzmir bələdiyyə başqanı tərəfindən dəstəklənib
Millət vəkili Qənirə Paşayevanın İzmirdə Laçın parkı təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.
Gün.Az xəbər verir ki, Türkiyənin İzmir şəhərində Xocalı Soyqırımı ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Bornova bələdiyyə başqanı Olqun Atila ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Bornovanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Bornovanın mərkəzi parklardan birinə Laçın adının veriləcəyinə inandığını deyib və Bornova bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.
Azərbaycanı çox sevdiyini deyən Bornova bələdiyyə başqanı Olqun Atila Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Bornova bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib.