Deputat narazılıq etdi, Fazil Mustafa "bizdə elə hallar yaşanmır" dedi
Milli Məclisin deputatı Naqif Həmzəyev seçicilərlə görüşlər zamanı qarşılaşdıqları çətinliklərdən danışıb. O bildirib ki, xüsusilə doğulub boya-başa çatdıqları və ya birlikdə böyüdükləri qonşularının qarşısına çıxmaq deputatlar üçün çətin olur. Seçicilər onlara müraciət edərək vəzifə tutduqlarını və yaxşı dolandıqlarını, lakin onları niyə düşünmədiklərini soruşurlar.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, seçicilər qəbula gəlir, problemlərini səsləndirirlər.
"Kimdən nə soruşduqlarını bilmirəm. Seçicilər qəbulumuza gəlir, problemlərini səsləndirirlər. Bizə qarşı hər hansı xüsusi irad bildirmirlər, sadəcə üzləşdikləri çətinlikləri çatdırırlar. Biz də həmin problemləri həll etməyə çalışırıq.
Ümumiyyətlə, bizə qarşı xüsusi iradların səsləndirilməsi üçün də əsas görmürəm. Çünki digər məmurlar tərəfindən hər hansı haqsızlıq və ya uyğunsuzluq varsa, onu aradan qaldırmağa çalışırıq. Seçicilər də bu istiqamətdə səy göstərdiyimizi görürlər. Buna görə də öz dərd və problemlərini normal şəkildə çatdırırlar. Biz isə onları diqqətlə dinləyir, müraciətlərini qeydiyyata alır və müvafiq qanunvericiliyə uyğun tədbirlər görürük".