azia.az
azia.az

Dağlıq Qarabağa sühlməramlılar yerləşdirilə bilər

20-05-2016, 17:17

Dağlıq Qarabağa sühlməramlılar yerləşdirilə bilər “Qarabağ münaqişəsi ilə bağlı razılıq əldə edilən zaman ilkin mərhələdə sülhməramlı qüvvələr bölgədə yerləşdirilə bilər. Bu məsələdə qabağa qaçmağa ehtiyac yoxdur, ona aktuallıq səviyyəsinə uyğun olaraq qayıtmaq lazımdır”.
APA-nın məlumatına görə, bunu Moskvada erməni jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV Departamentinin direktoru Aleksey Pavlovskiy deyib.

Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ehtimalına gəldikdə isə A. Pavlovskiy qeyd edib ki, məsələ Madrid prinsiplərindən başlayaraq danışıqlar masası üzərində olan nizamlanma sxemlərində yer alıb. “Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmaması haqqında fundamental ideyanın dəstəklənməsi ən əsas məsələdir. Bu ideya bəzən ritorik, bəzən isə təcrübədə şübhə altına alınır. Rusiya və digər həmsədr ölkələr birmənalı olaraq kağız üzərində öz mövqeyini təsdiqləməlidir ki, 1994-1995-ci illərdə əldə olunan razılaşmalar atəşkəs və sülh prosesinin davam etdirilməsi üçün fundament olaraq qalır”.

Dağlıq Qarabağ separatçılarının tərəf kimi danışıqlar prosesinə qayıtması məsələsinə toxunan rusiyalı diplomat Ermənistanın “DQR”in danışıqlar prosesində tərəf kimi təmsilçiliyi haqqında rəsmi bəyanat vermədiyinin vurğulayıb. “Heç kim rəsmən bu cür təklif irəli sürməyib”, - deyə o qeyd edib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi