Lavrov bu gün Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq. Danışıqların əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olacaq.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müəyyən ideyalar və təkliflər irəli sürəcək.
Qeyd edək ki, Lavrov bundan əvvəl aprelin əvvəlində Bakıya səfər edib. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi diqqət mərkəzində olub. Lavrov keçirdiyi görüşlərin yekunlarına dair tərəflərin atəşkəs razılaşmasına riayət edəcəyini bildirmişdi. Lavrov, Dağlıq Qarabağda böhranın nizamlanması üçün artıq bütün komponentlərin olduğunu və siyasi nizamlanmaya tez bir zamanda nail olunmasının vacibliyini qeyd etmişdi.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.