azia.az
azia.az

Deputatın Qarabağla bağlı birgə mitinq təklifi dəstəkləndi

4-03-2019, 09:00

Deputatın Qarabağla bağlı birgə mitinq təklifi dəstəkləndi
Tural Abbaslı: “Çox uğurlu və faydalı təklifdir”; Fərəc Quliyev: “Dünyaya göstərmək üçün milyonluq mitinq keçirilsin”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev teleqraf.com-a geniş müsahibə verib. O, müsahibəsində iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük bir aksiyanın keçirilə biləcəyini vurğulayıb.
Sitat: “Baxın, bizim müxalifət qüvvələri Qarabağla bağlı mitinq keçirdi. Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı. Amma mitinqi dərhal antihökumət aksiyasına çevirdilər və bunun da effekti az oldu. Amma iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Məncə, bu, çox faydalı olar. Təsəvvür edin ki, hakimiyyətli-müxalifətli böyük bir aksiya keçirilir, orada YAP-ın nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri çıxış edir. Dünya da görür ki, xalq Qarabağın azad edilməsini tələb edir”.
Deputatın Qarabağla bağlı birgə mitinq təklifi dəstəkləndi
AĞ Partiya başqanı Tural Abbaslı Q.Həsənquliyevin fikirlərini dəstəklədi: “Çox uğurlu və faydalı təklifdir. Biz həm AĞ Partiya, həm də Qarabağ Komitəsinin həmtəsisçisi olaraq hər zaman bəyan etmişik ki, Qarabağ bizim üçün ümummilli bir məsələdir və bütün siyasi maraqlarımızdan üstündür. Bizlər üçün Qarabağ mövzusunda iqtidar-müxalifət ayırımı yoxdur. Bu mövzuda bir ayırım var - işğalçı və biz, Azərbaycan xalqı. Mən Qüdrət bəyin bu təklifini alqışlamaqla yanaşı daha da genişləndirmək istəyirəm. Təklif edirəm ki, Qarabağ Komitəsinin martın 16-sına təyin etdiyi mitinqin həm təşkilatçılığında, həm də təbliğatında iqtidar partiyası da, BAXCP də yaxından iştirak etsin.
Deputatın Qarabağla bağlı birgə mitinq təklifi dəstəkləndi
Gəlsinlər Qarabağ Komitəsi olaraq bu məsələni birlikdə müzakirə edək və mitinqi birlikdə keçirək. Qoy bütün dünya da, düşmənlər də, dostlar da Azərbaycan xalqının Qarabağ məsələsindəki birliyinin, həmrəyliyinin və qətiyyətinin şahidi olsun. Hələ son zamanlar Ermənistan rəhbərliyinin sərsəm bəyənatlarını və aşağılayıcı siyasi gedişlərini nəzərə alsaq, bu çox yerində bir mitinq olar. Biz Qarabağ Komitəsinin ilk mitinqində də istərsə hakimiyyət partiyasına, istərsə də digər hakimiyyət yönümlü partiyalara müraciət etmişdik və hətta məktublar da göndərmişdik. Təəssüf olsun ki, nə iqtidar partiyasından, nə də özlərini aparıcı müxalifət partiyaları hesab edən digər partiyalardan dəvətimizə müsbət cavab gəldi. Hər halda, ən azından indi qəbul edərlər ki, bu məsələ nə qədər vacibdir. Qarabağ naminə birlik fərzdir və bunu cəmiyyət olaraq nə qədər tez anlasaq və fəaliyyətə keçsək bir o qədər yaxşı olar”.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev başqa bir təkliflə çıxış etdi: “Bu təklifin əleyhinə deyiləm. Amma biz bir yerə yığılıb, bir-birimizə fikirlərimizi söyləyib sonra da dağılıb gedəcəyik. Bundan daha ciddi bir təklif etmişdim ki, iqtidar, müxalifət və ictimai təşkilatlar parlamentində özündə parlamentin iştirakı ilə böyük bir toplantı keçirilməli, orada bir memorandum imzalanmalıdır. O memorandumda münaqişənin həlli təcrübəsi göstərilsin. Göstəriləndə də həm iqtidar, həm də müxalifət ona imza atsın. Bu bir funksiya daşımalıdır. Xaricdən Azərbaycana hər hansı bir təzyiq olduqda onlar bildirsinlər ki, bu xalqın bütün kəsimlərini əhatə edən bir sənəddir və bu sənəddən kənarda heç nə qəbul oluna bilməz. Bu işimizi xeyli yüngülləşdirər.

Üstəlik də müxalifət əmin olmalıdır ki, iqtidar başqa formada münaqişənin həllini istəmir, iqtidar da əmin olsun ki, müxalifət Qarabağ şüarından istifadə edərək hakimiyyət uğrunda savaş aparmır. Çox təəssüf ki, bu məsələyə hələ baxılmayıb. Lakin onun da əleyhinə deyiləm ki, xalqın böyük hissəsi iqtidar və müxalifətli dünyaya göstərmək üçün milyonluq mitinq keçirilsin. Bu da qətnamə qəbul etmək şərti ilə ki, BMT qəbul etdiyi qətnamələrin icrasına nəzarəti həyata keçirməsə, yaxud da böyük güclər, vasitəçilər Ermənistanı Azərbaycandan çıxarmasa, filan vaxtı əməliyyatlara başlayırıq, bu xalqın iradəsidir, təkcə hökumətin deyil. Konkret bir ay vaxt qoymaq olar. Mənim də dediyim memorandum buna dəstək verəcək. Bu çox rahat bir məsələ olar. Milli birlik və milli gücün bir yerdə milli iradəyə çevrilməsini təmin edən faktor olardı. Həm müxalifət iqtidardan, həm də iqtidar müxalifətdən əmin olardı. Hakimiyyətin protokol qaydalarından kənara çıxmamasını anlayıram.

Amma çox təəssüflər olsun ki, uzun müddətdir müxalifətdə olan və öz dövlətinə qarşı radikal mövqe nümayiş etdirənlər İrana bir söz demirlər. İndi də susublar. Biz mütəmadi olaraq Bütöv Azərbaycan məsələsini ortaya qoyanda bunu utopik fərziyyə kimi nəzərə alırdılar. Anlamırdılar ki, hər bir millətin strateji hədəfləri olmalıdır. Hər zaman demişəm, indi də təkrar edirəm ki, hədəfsiz millət kompassız gəmi kimidir. Bizim üçün ədalətli status-kvo Bütöv Azərbaycandır. Son hadisələr göstərdi ki, Cənubi Azərbaycandakı 40 milyonluq soydaşımız bu məsələyə susmadı.

Son hadisələrdə şüarlar səsləndirmələri, xüsusilə, yüz minlərlə insanın ”Qarabağ bizimdir, bizim olacaq!" şüarı İran rejiminə sərt şillə oldu. Ermənilər yürüş keçirəndə İranın hakimiyyət orqanları öz arxalarında “biz birlikdəyik” deyə şüar atmışdılar. Bununla ermənilərlə bir yerdə olduqlarını açıq şəkildə göstərdilər. İran rəhbərliyi Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir. Biz bəzi məsələlərə göz yummamalıyıq. Azərbaycan böyük strateji hədəflərinə çatmaq üçün kiməsə görə susmalı deyil. Artıq sərt şəkildə təpki göstərmək zamanıdır. Zaman da göstərdi ki, bu utopik məsələ deyil. Xalqımız bir yerdə problemlərin həllinin üstünə getmək iqtidarındadır. Cənubi Azərbaycanda Qarabağ problemi şimaldan heç də az deyil. Kifayət qədər orada təpkilər də göstərilir. Bu məsələdə kifayət qədər gecikmişik. Siz dediyiniz və başqa məsələlərin həyata keçirilməsinin zamanı çatıb".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi