azia.az
azia.az

İqtidar və müxalifətin vədləri: hansı daha realdır?

27-09-2016, 08:52

İqtidar və müxalifətin vədləri: hansı daha realdır?
Mehman Əliyev: “İqtidar bir addım öndə görünür”; Natiq Miri: “Hakimiyyətə gəlmək üçün insanları aldatmaq lazımdır”

Azərbaycan hakimiyyəti və müxalifəti zaman-zaman gələcək barədə vədlər verirlər.

İndiki situasiyada iqtidar ölkənin gələcəyi barədə daha nikbin danışır, cərəyan edən iqtisadi böhranı aradan qaldıracağını deyir və bunun üçün tezliklə siyasi və iqtisadi sahədə ciddi islahatlar aparacağının anonsunu verməkdədir. Hökumətin ən çox diqqətçəkən vədi Dağlıq Qarabağ probleminin tezliklə həll olunacağı ilə bağlıdır.

Müxalifət də özünəməxsus vədlər verir. Tezliklə hakimiyyətə gələcəyini, ölkəni demokratikləşdirəcəyini deyir.

Hər iki düşərgənin özünəməxsus inandırıcı vədləri var. Heç şübhəsiz ki, siyasi düşərgələrin belə vədlər vermələri onların əsas işlərindən biridir. Çünki insanlarda inam yaratmadan uğur qazanmaq çətindir.

Maraqlıdır, mövcud şəraitdə hansı düşərgənin vədlərinin həyata keçəcəyi daha real görünür?

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, iqtidar və müxalifət düşərgəsi verdiyi vədləri həyata keçirməyə eyni dərəcədə yaxındırlar: “Hakimiyyət islahatlara, dəyişikliklərə getməyə məcburdur. Müxalifət də bu dəyişikliklərin həyata keçməsi üçün hakimiyyətə müəyyən təsirlər göstərir. Ümumiyyətlə, bu dəyişikliklər müxalifətin fəaliyyətinə daha geniş imkanlar açacaq. Proseslər gələcəkdə böyük dəyişikliklər olacağına doğru gedir. Açığı, vədləri həyata keçirməkdə iqtidar bir addım öndə görünür. Çünki böhrandan çıxış yolu üçün ilk addımları hakimiyyət atmalıdır və onu yavaş-yavaş edir”.

Politoloq Natiq Miri bildirdi ki, vəd vermək hər bir siyasi qurumun, siyasətçinin boynunun yüküdür: “YAP 23 ildir ki, hakimiyyətdədir və demək olar öz potensialını tamamən xərcləyib. Bu müddət ərzində ciddi nailiyyətlərə güc mərkəzi kimi nail olmayıbsa, bundan sonra da bu real görünmür. Vədlər olmasa, müxalifətin hakimiyyətə gəlməsi, iqtidarın da hakimiyyətdə qalması mümkün olmaz. Hakimiyyətə gəlmək üçün insanları aldatmaq lazımdır. Siyasətçilərin böyük əksəriyyəti dünya çapında bu cür yalanlarla məşğuldur. Hakimiyyətin hazırkı vədləri o qədər inandırıcı görünmür. Müxalifətə gəlincə isə orada yeni gənc qüvvələr, yeni nəfəslər, yeni ideoloji baxışlar və mübarizə metodlarını tətbiq edən qüvvələr var. Nəzərə almaq lazımdır ki, hər bir xalqda müxalifət öz potensialını reallaşdırmamış siyasi güc mərkəzləridir. 1992-93-cü illərdə hakimiyyətdə olmuş AXCP və digər siyasi qüvvələr öz potensiallarını reallaşdırmayan güc mərkəzləridir. Bu baxımdan, hesab edirəm ki, onların vədləri daha keçərlidir. Amma bunları demək asandır. Həmin siyasi qüvvələrin öncəliklə hakimiyyətə gəlmələri və davranışları, iş metodları böyük rol oynayacaq. Çünki ən gözəl proqramlar belə subyektiv amildən çox asılıdır. Bu gün hakim partiya funksionerləri və xarici güclər tərəfindən ortaya atılmış çox gözəl proqramlar var. Amma bunu yerinə yetirən insan faktoru varmı? Bu sualın cavabı Azərbaycan cəmiyyətinin mövcud durumudur. İnsan faktoru çox önəmlidir. Bu baxımdan, hesab edirəm ki, bundan sonra müxalifətin potensialından danışmaq daha çox lazım olacaq”.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi