Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin doğum günüdür.
Azia.az Sonxeber.aza istinadən məlumatına görə, Mədət Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində, ziyalı ailəsində anadan olub.
Atası Qəzənfər Quliyev mühəndis, anası Zambaq Quliyeva isə dil-ədəbiyyat müəllimi olan Mədət Quliyev 1965-ci ildə Gəncədə yerləşən 1 saylı orta məktəbə daxil olub, 1975-ci ildə 8 saylı orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.
Mədət Quliyev 1971-ci ildən müntəzəm olaraq idmanla məşğul olub. O, 1976-1980-ci illərdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRi yarışlarında çempion olub. Lvovda, Almatıda qələbələr qazanıb. 160-dan artıq fəxri fərmanla və mükafatlarla təltif olunub. Güclü idmançı olan Mədət Quliyev dəfələrlə respublika çempionu olmaqla yanaşı, hətta Azərbaycanın bayrağını xarici ölkələrdə də ucaltmağa nail olub. 1979-cu ildə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə üçüncü dan qara kəmər alıb.
1980-1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılır, bir müddət Ermənistanda, sonra isə Gürcüstanda həqiqi hərbi xidmət keçib. 1982-ci ildə ordudan tərxis olunaraq, Gəncənin "Dinamo" Cəmiyyətində təlimatçı işləyib, sonra Gəncə şəhər Daxili İşlər İdarəsinin komsomol təşkilatının katibi olub. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib.