azia.az
azia.az

Torpaq Məcəlləsində dəyişiklik

Bu gün, 10:32

Torpaq Məcəlləsində dəyişiklik

Kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpaq resurslarından tam istifadəni ciddi şəkildə məhdudlaşdırır. Parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya maneə törədir, suvarma sistemlərinin effektiv qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir. Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir. Konsolidasiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir. Layihədə torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd və yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir.

Layihə torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi