Beynəlxalq nəqliyyatda təhlükə siqnalı: Hüquqşünasdan vacib açıqlamalar
Əlövsət Allahverdiyev,
Hüquq üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi
Beynəlxalq nəqliyyat hüququ müasir beynəlxalq hüququn mühüm sahələrindən biri olmaqla dövlətlər arasında yük, sərnişin və baqaj daşımalarının həyata keçirilməsi zamanı yaranan münasibətlərin tənzimlənməsində xüsusi rol oynayır. Qloballaşma proseslərinin sürətlənməsi, beynəlxalq ticarətin genişlənməsi və dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşməsi nəqliyyat sisteminin əhəmiyyətini daha da artırmışdır. Müasir dünyada beynəlxalq iqtisadi əlaqələrin fasiləsiz fəaliyyət göstərməsi geniş sferada nəqliyyat infrastrukturunun və daşıma münasibətlərinin səmərəli təşkilindən asılıdır. Bu baxımdan beynəlxalq nəqliyyat hüququ yalnız iqtisadi münasibətlərin tənzimlənməsinə deyil, həm də dövlətlər arasında əməkdaşlığın inkişafına və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat əlaqələri dövlətlərin iqtisadi inkişafının əsas elementlərindən biri hesab olunur. İstehsal proseslərinin qloballaşması və beynəlxalq ticarət dövriyyəsinin artması nəticəsində malların, xammalın və hazır məhsulların müxtəlif ölkələr arasında daşınması zərurəti yaranmışdır. Eyni zamanda beynəlxalq turizmin inkişafı, əhalinin mobilliyinin artması və dövlətlər arasında humanitar əlaqələrin genişlənməsi sərnişin daşımalarının da həcmini əhəmiyyətli dərəcədə artırmışdır. Nəticədə beynəlxalq avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı qlobal iqtisadi sistemin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Beynəlxalq daşıma proseslərinin səmərəli təşkili üçün dövlətlər arasında vahid hüquqi yanaşmanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Müxtəlif ölkələrin hüquq sistemləri arasında mövcud fərqli xüsusiyyətlər beynəlxalq daşımaların həyata keçirilməsi zamanı hüquqi problemlərin yaranmasına səbəb ola bilər. Buna görə də beynəlxalq səviyyədə qəbul edilmiş hüquq normaları və əməkdaşlıq mexanizmləri daşıma proseslərinin təhlükəsiz və fasiləsiz olaraq həyata keçirilməsinə şərait yaradır. Beynəlxalq nəqliyyat hüququnun inkişafı da məhz dövlətlərin bu sahədə qarşılıqlı fəaliyyətinin nəticəsi kimi formalaşmışdır.
Nəqliyyat münasibətləri öz xarakterinə görə mürəkkəb və çoxşaxəlidir. Daşıma prosesində daşıyıcılar, sərnişinlər, yük göndərənlər, yük qəbul edənlər, ekspeditorlar, sığorta təşkilatları, liman və hava limanı xidmətləri, habelə gömrük və sərhəd nəzarəti orqanları iştirak edirlər. Bu subyektlər arasında yaranan münasibətlərin hüquqi əsaslarla tənzimlənməsi beynəlxalq nəqliyyat sisteminin sabit fəaliyyət göstərməsi üçün vacib şərtlərdən biridir. Daşıma proseslərinin beynəlxalq xarakter daşıması isə hüquqi tənzimləmənin yalnız milli qanunvericilik çərçivəsində deyil, həm də beynəlxalq hüquq normaları əsasında həyata keçirilməsini zəruri edir.
Müasir dövrdə nəqliyyat sahəsində təhlükəsizlik məsələləri xüsusi aktuallıq kəsb edir. Beynəlxalq daşımaların həcminin artması ilə paralel olaraq bu sahədə müxtəlif hüquq pozuntuları və cinayət xarakterli əməllər də geniş yayılmışdır. Nəqliyyat marşrutlarından narkotik vasitələrin, silahların və digər qadağan olunmuş əşyaların daşınması, insan alveri, qanunsuz miqrasiyanın təşkili, yük oğurluğu, sənədlərin saxtalaşdırılması və terrorçuluq məqsədləri üçün istifadə olunması beynəlxalq birlik qarşısında mühüm problemlər yaratmışdır. Bu hallar nəqliyyat təhlükəsizliyinin təmin edilməsini beynəlxalq hüququn prioritet istiqamətlərindən birinə çevirmişdir. Bununla yanaşı, rəqəmsal texnologiyaların inkişafı və logistika sistemlərinin avtomatlaşdırılması nəqliyyat sahəsində yeni imkanlar yaratdığı kimi, yeni risklərin meydana çıxmasına da səbəb olmuşdur. Elektron sənəd dövriyyəsi, rəqəmsal idarəetmə sistemləri və beynəlxalq logistika şəbəkələri daşımaların sürətini və səmərəliliyini artırsa da, kibermüdaxilə, elektron sənədlərin saxtalaşdırılması və məlumat təhlükəsizliyi ilə bağlı problemlərin yaranmasına şərait yaratmışdır. Bu səbəbdən beynəlxalq nəqliyyat hüququ yalnız ənənəvi daşıma münasibətlərinin deyil, həm də müasir təhlükəsizlik çağırışlarının hüquqi tənzimlənməsində mühüm rol oynayır.
Beləliklə, beynəlxalq nəqliyyat hüququ qlobal iqtisadi və sosial münasibətlərin inkişafında strateji əhəmiyyətə malik olan hüquq sahələrindən biridir. Beynəlxalq yük və sərnişin daşımalarının fasiləsiz həyata keçirilməsi, nəqliyyat təhlükəsizliyinin təmin olunması və daşıma proseslərində yarana biləcək hüquq pozuntularının qarşısının alınması bu sahənin əsas istiqamətlərindən hesab olunur. Xüsusilə müasir dövrdə beynəlxalq daşımaların transmilli xarakter alması nəqliyyat təhlükəsizliyi və cinayət-hüquqi tənzimləmə məsələlərinin daha ətraflı araşdırılmasını zəruri edir.
Beynəlxalq nəqliyyat sisteminin davamlı inkişafı ilə paralel olaraq daşıma təhlükəsizliyinin təmin edilməsi məsələsi beynəlxalq hüququn və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Müasir dövrdə beynəlxalq yük və sərnişin daşımaları yalnız iqtisadi münasibətlərin inkişafına xidmət etmir, eyni zamanda dövlətlərin milli təhlükəsizliyi, ictimai asayişi və beynəlxalq sabitliyi ilə sıx bağlı olan strateji fəaliyyət sahəsi kimi çıxış edir. Beynəlxalq nəqliyyat əlaqələrinin intensivləşməsi nəticəsində dövlətlər arasında mal dövriyyəsinin, insan hərəkətliliyinin və logistika əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Bununla yanaşı, beynəlxalq nəqliyyat marşrutları və infrastruktur obyektləri müxtəlif cinayət xarakterli əməllərin törədilməsi üçün də istifadə olunmağa başlanmışdır. Məhz buna görə də daşıma təhlükəsizliyinin təmin edilməsi və bu sahədə cinayət-hüquqi tənzimləmə məsələləri beynəlxalq nəqliyyat hüququnun ən aktual istiqamətlərindən biri hesab olunur.
Daşıma təhlükəsizliyi dedikdə ilk növbədə yük və sərnişinlərin təhlükəsiz şəkildə təyinat məntəqəsinə çatdırılması nəzərdə tutulsa da, bu anlayış daha geniş məzmuna malikdir. Buraya nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, daşınan yüklərin qorunması, sərnişinlərin həyat və sağlamlığının mühafizəsi, nəqliyyat infrastrukturunun təhlükəsizliyi, eləcə də dövlətlərin iqtisadi və milli təhlükəsizlik maraqlarının qorunması daxildir. Bu baxımdan nəqliyyat təhlükəsizliyi yalnız texniki və təşkilati məsələ deyil, həm də mühüm hüquqi problem kimi çıxış edir.
Nəqliyyat təhlükəsizliyinin təmin edilməsində sərhəd keçid prosedurlarının səmərəli təşkili də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə qəbul edilmiş Beynəlxalq dəmir yolu nəqliyyatında daşınan sərnişinlər, baqaj və yük baqajı üçün sərhəd keçid prosedurlarının sadələşdirilməsi haqqında 22 fevral 2019-cu il tarixli Konvensiya dövlətlər arasında sərhəd və gömrük nəzarətinin əlaqələndirilməsini, prosedurların sadələşdirilməsini və sərnişinlərin hərəkətinin sürətləndirilməsini nəzərdə tutur. Konvensiyanın müddəaları bir tərəfdən beynəlxalq dəmir yolu daşımalarının operativliyini artırır, digər tərəfdən isə sərhəd nəzarətinin daha effektiv həyata keçirilməsi vasitəsilə qaçaqmalçılıq, qanunsuz miqrasiya və digər təhlükəsizlik risklərinin qarşısının alınmasına xidmət edir.
Bununla yanaşı, beynəlxalq nəqliyyat sistemlərindən transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən qanunsuz fəaliyyətlərin həyata keçirilməsi üçün istifadə olunması nəqliyyat təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyası (Palermo Konvensiyası) xüsusi əhəmiyyət kəsb edir. Konvensiya transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əsas universal hüquqi çərçivə olmaqla dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini, mütəşəkkil cinayətkar qruplarda iştiraka, çirkli pulların yuyulmasına və korrupsiyaya qarşı effektiv hüquqi mexanizmlərin yaradılmasını nəzərdə tutur. Daşıma və logistika zəncirlərindən narkotik vasitələrin, silahların, insanların və digər qanunsuz predmetlərin daşınması məqsədilə istifadə edilməsi hallarının qarşısının alınmasında Konvensiyanın müddəaları mühüm rol oynayır. Bu səbəbdən Palermo Konvensiyası nəqliyyat və logistika sahəsində təhlükəsizliyin təmin edilməsinə yönəlmiş beynəlxalq hüquqi mexanizmlərin mühüm tərkib hissəsi hesab olunur.
Palermo Konvensiyasının müddəalarını tamamlayan İnsan Alverinin Qarşısının Alınması, Yaxalanması və Cəzalandırılması haqqında Protokol, eləcə də Miqrantların Quru, Dəniz və Hava Yolları ilə Qaçaqmalçılığına Qarşı Protokol nəqliyyat sistemlərindən istifadə edilməklə həyata keçirilən insan alveri və qanunsuz miqrasiya fəaliyyətlərinə qarşı mübarizəyə yönəlmişdir. Həmin sənədlər dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini, cinayətkar şəbəkələrin aşkar edilməsini və zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsini nəzərdə tutur. Protokollar insanların qanunsuz daşınması, məcburi əmək, cinsi istismar və digər istismar formaları məqsədilə nəqliyyat və logistika marşrutlarından istifadənin qarşısının alınmasına xidmət edir. Bu baxımdan onlar beynəlxalq nəqliyyat təhlükəsizliyinin təmin edilməsində və nəqliyyat infrastrukturundan cinayət məqsədləri üçün istifadənin qarşısının alınmasında mühüm hüquqi mexanizmlərdən biri hesab olunur.
Beynəlxalq yük daşımaları sahəsində təhlükəsizliyə yönəlmiş əsas təhdidlərdən biri qaçaqmalçılıq fəaliyyətidir. Beynəlxalq ticarətin genişlənməsi və yük axınlarının sürətlənməsi cinayətkar qrupların da fəaliyyət imkanlarını artırmışdır. Müxtəlif növ nəqliyyat vasitələri və tranzit marşrutları vasitəsilə narkotik vasitələrin, silahların, partlayıcı maddələrin, radioaktiv materialların və digər qanunsuz malların daşınması beynəlxalq təhlükəsizlik üçün ciddi risk yaradır. Xüsusilə konteyner daşımalarının geniş yayılması cinayətkar qruplara qanuni yüklər arasında qanunsuz əşyaların gizlədilməsi üçün əlverişli şərait yaradır. Bu cür fəaliyyətlər təkcə gömrük qaydalarının pozulması ilə nəticələnmir, eyni zamanda transmilli mütəşəkkil cinayətkarlığın maliyyə mənbələrinin formalaşmasına da xidmət edir. Bu risklərin qarşısının alınması məqsədilə beynəlxalq səviyyədə bir sıra hüquqi mexanizmlər formalaşdırılmışdır. Onlardan biri olan 18 may Konteynerlər üzrə 1956-cı il və 2 dekabr 1972-ci il tarixli Gömrük Konvensiyaları beynəlxalq daşınmalarda istifadə olunan konteynerlərin texniki və gömrük tələblərinə uyğunluğunu müəyyən edir, onların gömrük nəzarəti altında təhlükəsiz şəkildə istifadəsi üçün vahid qaydalar yaradır. Konvensiyanın müddəaları konteynerlərdən qanunsuz malların daşınması imkanlarının məhdudlaşdırılmasına və yük daşımalarının təhlükəsizliyinin artırılmasına xidmət edir. Eyni zamanda, “Malların Sərhəd Nəzarətinin uyğunlaşdırılması haqqında” Beynəlxalq Konvensiya sərhəd keçid prosedurlarının harmonizasiyasını, nəzarət orqanları arasında əməkdaşlığın gücləndirilməsini və nəzarət tədbirlərinin əlaqələndirilməsini nəzərdə tutur. Bu isə bir tərəfdən beynəlxalq ticarətin səmərəliliyini artırır, digər tərəfdən isə qaçaqmalçılıq, qeyri-qanuni yük daşımaları və digər transmilli təhlükələrin aşkar edilməsinə və qarşısının alınmasına əlverişli şərait yaradır.
Yük daşımaları zamanı geniş yayılmış cinayətlərdən biri də yük oğurluğudur. Beynəlxalq nəqliyyat marşrutlarının uzunluğu və müxtəlif dövlətlərin ərazilərini əhatə etməsi bəzi hallarda nəzarət imkanlarını məhdudlaşdırır. Cinayətkarlar yük avtomobillərinə hücum etməklə, saxta sənədlərdən istifadə etməklə və ya özlərini daşıyıcı şirkət kimi təqdim etməklə yükləri qanunsuz şəkildə ələ keçirirlər. Müasir dövrdə yük oğurluğu yalnız fiziki müdaxilə ilə deyil, informasiya texnologiyalarından istifadə edilməklə də həyata keçirilir. Logistika sistemlərinə qanunsuz giriş əldə edən şəxslər yükün marşrutu, dəyəri və təyinat məntəqəsi haqqında məlumatlar toplayaraq cinayət fəaliyyətini daha planlı şəkildə təşkil edə bilirlər. Belə halların artması nəqliyyat təhlükəsizliyinin yalnız fiziki mühafizə tədbirləri ilə deyil, həm də informasiya təhlükəsizliyi vasitəsilə təmin olunmasını zəruri edir. “Beynəlxalq Avtomobil Yükdaşımaları haqqında” 1956-cı il Konvensiyası yükün itirilməsi və ya oğurlanması hallarında daşıyıcının məsuliyyətinin hüquqi əsaslarını müəyyən edir. Bununla yanaşı, yük oğurluqları transmilli mütəşəkkil cinayətkarlığın təzahürlərindən biri kimi qiymətləndirildiyindən, onların qarşısının alınmasında Palermo Konvensiyası və dövlətlərarası hüquq-mühafizə əməkdaşlığı mexanizmləri də mühüm rol oynayır.
Daşıma proseslərində sənədlərin saxtalaşdırılması da ciddi hüquqi problemlərdən biridir. Beynəlxalq yük daşımalarında istifadə olunan qaimələr, konosamentlər, gömrük bəyannamələri və digər sənədlər daşınan yükün hüquqi statusunu müəyyən edən əsas vasitələrdir. Bu sənədlərin saxtalaşdırılması yükün mənşəyi, miqdarı və ya təyinat yeri barədə yanlış məlumatların təqdim edilməsinə səbəb olur. Nəticədə vergidən yayınma, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlərin həyata keçirilməsi mümkün olur. Elektron sənəd dövriyyəsinin geniş tətbiqi isə bir tərəfdən daşıma proseslərini sürətləndirsə də, digər tərəfdən elektron saxtakarlıq risklərini artırmışdır.
Sərnişin daşımaları sahəsində təhlükəsizlik problemləri daha mürəkkəb xarakter daşıyır. Burada əsas məsələ insan həyatının və sağlamlığının qorunmasıdır. Beynəlxalq hava, dəniz, avtomobil və dəmir yolu nəqliyyatında sərnişinlərin təhlükəsizliyinə yönəlmiş risklər arasında terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və sənəd saxtakarlığı xüsusi yer tutur. Xüsusilə beynəlxalq hava nəqliyyatı terror təhlükəsi baxımından daha həssas sahələrdən biri hesab olunur. Tarixdə baş vermiş bir sıra terror aktları göstərmişdir ki, nəqliyyat vasitələri və nəqliyyat infrastrukturu terror təşkilatlarının əsas hədəflərindən biri ola bilər. Bu səbəbdən hava limanlarında və digər nəqliyyat qovşaqlarında çoxsəviyyəli təhlükəsizlik sistemləri tətbiq edilir.
Beynəlxalq səviyyədə aviasiya təhlükəsizliyinin təmin edilməsinin əsas hüquqi bazasını 1944-cü il tarixli Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası təşkil edir. Konvensiya çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən qəbul edilmiş standartlar və tövsiyə olunan təcrübələr dövlətlər üçün vahid təhlükəsizlik tələbləri müəyyən edir. Eyni zamanda 1970-ci il Haaqa Konvensiyası təyyarələrin qanunsuz ələ keçirilməsi ilə mübarizəni, 1971-ci il Monreal Konvensiyası isə mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınmasını nəzərdə tutur. Bu beynəlxalq hüquqi mexanizmlər terrorçuluqla mübarizə, sərnişinlərin həyat və sağlamlığının qorunması, habelə beynəlxalq nəqliyyat sisteminin təhlükəsiz fəaliyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə qeyd etmək istərdik ki, beynəlxalq sərnişin daşımaları ilə bağlı mühüm problemlərdən biri də insan alveridir. Cinayətkar qruplar nəqliyyat sistemlərindən istifadə etməklə insanların müxtəlif ölkələrə qanunsuz aparılmasını təşkil edir, onları əmək və ya digər istismar formalarına məruz qoyurlar. İnsan alveri müasir dövrdə ən təhlükəli transmilli cinayətlərdən biri hesab olunur və onun qarşısının alınması beynəlxalq əməkdaşlıq olmadan mümkün deyil. Eyni zamanda qanunsuz miqrasiya hallarının artması sərhəd təhlükəsizliyi və nəqliyyat nəzarəti məsələlərinin əhəmiyyətini daha da artırmışdır.
Daşıma təhlükəsizliyinin təmin edilməsində cinayət-hüquqi tənzimləmə mühüm rol oynayır. Cinayət-hüquqi mexanizmlər vasitəsilə nəqliyyat sahəsində törədilən ictimai təhlükəli əməllər cinayət kimi qiymətləndirilir və onların törədilməsinə görə hüquqi məsuliyyət müəyyən edilir. Bu mexanizmlərin əsas məqsədi yalnız təqsirkar şəxslərin cəzalandırılması deyil, həm də potensial hüquq pozuntularının qarşısının alınmasıdır. Cinayət məsuliyyətinin mövcudluğu nəqliyyat sahəsində fəaliyyət göstərən şəxslərin və təşkilatların davranışına preventiv təsir göstərərək təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir. Buna baxmayaraq, beynəlxalq daşıma proseslərinin transmilli xarakter daşıması cinayət-hüquqi tənzimləmənin həyata keçirilməsini mürəkkəbləşdirir. Bir dövlətin ərazisində hazırlanan, digər dövlətin ərazisində həyata keçirilən və nəticələri üçüncü dövlətə təsir göstərən cinayətlərin istintaqı və məhkəmə araşdırması zamanı müxtəlif hüquqi problemlər meydana çıxır. Bu səbəbdən dövlətlər arasında hüquqi yardım, ekstradisiya, məlumat mübadiləsi və birgə əməliyyatların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir beynəlxalq əməkdaşlıq mexanizmləri məhz bu problemlərin aradan qaldırılmasına yönəlmişdir.
Beləliklə, beynəlxalq nəqliyyat sahəsində təhlükəsizliyin təmin olunması və cinayət-hüquqi tənzimləmə məsələləri bir-birini tamamlayan və qarşılıqlı əlaqədə olan anlayışlardır. Qloballaşmanın sürətlənməsi və beynəlxalq daşımaların miqyasının genişlənməsi bu sahədə yeni təhlükələr yaratsa da, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir texnologiyaların tətbiqi daşıma təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu istiqamətdə görülən tədbirlər beynəlxalq nəqliyyat sisteminin dayanıqlı və təhlükəsiz fəaliyyətinin əsas təminatlarından biri kimi çıxış edir.
Beynəlxalq nəqliyyat təhlükəsizliyinə dair qeyd olunan hüquqi mexanizmlər Azərbaycan Respublikası üçün də xüsusi əhəmiyyət kəsb edir. Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat qovşaqlarından biri kimi Azərbaycanın beynəlxalq yük və sərnişin daşımalarında rolu son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Ölkənin iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, Beynəlxalq Dəniz Limanı, beynəlxalq hava limanları və dəmir yolu infrastrukturu təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Bu baxımdan Azərbaycan beynəlxalq nəqliyyat təhlükəsizliyi sahəsində qəbul edilmiş əsas konvensiyalara qoşulmaqla yanaşı, milli qanunvericiliyin təkmilləşdirilməsi, sərhəd və gömrük nəzarətinin gücləndirilməsi, nəqliyyat infrastrukturunun mühafizəsinin təmin edilməsi və transmilli cinayətkarlığa qarşı mübarizə istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə qaçaqmalçılıq, insan alveri, qanunsuz miqrasiya, terrorçuluq və digər transmilli cinayətlərlə mübarizə sahəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq Azərbaycanın nəqliyyat təhlükəsizliyi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Ölkəmiz beynəlxalq nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir sıra mühüm beynəlxalq konvensiyaların iştirakçısıdır. Ölkənin Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından biri kimi çıxış etməsi beynəlxalq daşımaların hüquqi tənzimlənməsi və təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsini zəruri edir. Bu baxımdan Azərbaycan beynəlxalq avtomobil yükdaşımalarına dair Konvensiyaya, beynəlxalq mülki aviasiya sahəsində Çikaqo Konvensiyasına, transmilli mütəşəkkil cinayətkarlığa qarşı Palermo Konvensiyasına və onun əlavə protokollarına, habelə sərhəd nəzarəti və beynəlxalq daşımaların sadələşdirilməsinə dair bir sıra beynəlxalq sazişlərə qoşulmuşdur. Həmin beynəlxalq hüquqi aktlar milli qanunvericiliyin formalaşdırılmasına, nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə, qaçaqmalçılıq, insan alveri, qanunsuz miqrasiya və digər transmilli cinayətlərlə mübarizənin gücləndirilməsinə mühüm təsir göstərir.