“Sənətçiyə səs verəcəklərsə...”-AKİF NAĞI
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da deputatlığa namizəd olub.
O, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı və Yeni Azərbaycan Partiyasının (YAP) Şuşa rayon təşkilatının sədr müavini Leyla Babışova da həmin dairədən namizəddirlər.
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”a açıqlamasında Polad Bülbüloğlunun onun rəqibi olmasına reaksiya verib. O bildirib ki, seçkilərdə iştirakla bağlı hər kəsin qərarına hörmətlə yanaşır:
“Polad Bülbüloğlu tanınmış sənət adamıdır. Eyni zamanda, xeyli müddətdir diplomatik sahədə çalışır, böyük təcrübəyə sahibdir. Mən istənilən adamla mübarizə aparmağa hazıram, amma sağlam mübarizə istəyirəm. Polad Bülbüloğlu administrativ resurslardan istifadə etməyəcəksə, tam şəkildə mübarizəmi aparacağam. Əgər o, qalib gəlsə, təbrik də edəcəyəm. Amma heç nə etməyəcək, kimlərsə onun əvəzinə çalışacaqsa, onun da hazıra nazir olması yaxşı çıxmaz”.
Partiya sədri Polad Bülbüloğluna qarşı mübarizədə qalib gələcəyinə inandığını söyləyib:
“Polad Bülbüloğluna da, istənilən rəqibə də qalib gəlmək gücündəyəm. Çünki 30 ildir Qarabağın azadlığı uğrunda mübarizə aparmışam. Ona görə də Azərbaycanın istənilən bölgəsində mənim seçilmək şansım çoxdur. Qarabağ bölgəsində isə seçilmək şansımın həddindən artıq çox olduğunu düşünürəm. Mən Şuşa, Ağdam və Xocavənd camaatının gözü qarşısında Qarabağın azadlığı naminə həyatımı, karyeramı ortaya qoymuşam.
Xüsusilə Şuşanı həmişə hər şeydən üstün tutmuşam və simvol kimi təqdim etmişəm. 1999-cu ildən Şuşanın işğal günündən biz ora doğru yürüyüş aksiyası keçirməyə başladıq və bunu hər il davam etdirdik. Bütün qarabağlılar bizim hansı əziyyətləri çəkdiyimizi yaxşı bilir. Ona görə də 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində heç kimin seçilmə şansı məndən yüksək ola bilməz. Düzdür, Polad Bülbüloğlu sənətçi kimi yaxşı tanınır. İnsanlar sənətçiyə səs verəcəklərsə, ona da etiraz etmərəm. Amma təmiz və düzgün mübarizənin tərəfdarıyam”.
Elmir Mustafa