azia.az
azia.az

Süni intellekt çipləri istehsal edən “Etched” 700 milyon dollar investisiya cəlb edib

Bu gün, 09:35

Süni intellekt üçün çiplər hazırlayan ABŞ-nin “Etched” şirkəti yeni investisiya raundunda 700 milyon dollar vəsait cəlb edib.

Valyuta.az xəbər verir ki, maliyyələşdirmə nəticəsində şirkətin bazar dəyəri 21 milyard dollar qiymətləndirilib.

İnvestisiya raunduna kəmiyyət ticarəti üzrə ixtisaslaşmış “Jane Street” rəhbərlik edib. Şirkət eyni zamanda “Etched”in ilk ödəniş edən müştərisi olub.

Yeni investisiya “Etched”in 10,3 milyard dollar qiymətləndirmə ilə 300 milyon dollarlıq əvvəlki maliyyələşdirmə raundunu tamamlamasından cəmi bir ay sonra baş tutub.

Yeni raundda “Kleiner Perkins”, “Sequoia”, “Andreessen Horowitz”, “Tiger Global”, “Bain Capital Ventures” və “Blackstone” da daxil olmaqla bir sıra iri investorlar iştirak ediblər.

“Etched” süni intellekt modellərinin daha sürətli və daha aşağı xərclə işlədilməsi üçün xüsusi hesablama sistemləri hazırlayır. Şirkət ilk avadanlıq sistemini ötən ay “Jane Street”ə çatdırıb. “Jane Street” çipin ilkin sınaqlarının nəticələrindən razı qaldığını açıqlayıb.

Şirkətin həmtəsisçisi və baş direktoru Qevin Uberti bildirib ki, hazırda əsas məqsəd digər müştərilər üçün istehsalın sürətlə artırılmasıdır.

“Etched”in məlumatına görə, şirkət süni intellekt və bulud xidmətləri göstərən müəssisələrlə artıq 1 milyard dollardan çox dəyərində müştəri müqavilələri bağlayıb.

Son investisiya ilə “Etched”in indiyədək cəlb etdiyi ümumi kapital 1,9 milyard dollara çatıb. Şirkətin 400-dən çox əməkdaşı var.

Bununla yanaşı, analitiklər sürətlə böyüyən çip istehsalçısının qarşısında ciddi rəqabət və kommersiyalaşdırma risklərinin qaldığını bildirirlər. “Cerity Partners”in tərəfdaşı Maykl Eşli Şulman qeyd edib ki, yarımkeçiricilər sənayesinin tarixində uğurlu texnologiya hazırlasa da, onu uğurlu biznesə çevirə bilməyən çoxsaylı şirkətlər olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi