Eyyub Hüseynovdan at əti ilə bağlı AÇIQLAMA - "Heç kəs işlək atı kəsmir"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib. Yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib və ətdə at DNT-si aşkar olunub. Müəssisənin fəaliyyəti isə nöqsanlar aradan qaldırılana qədər məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin mayında da yoxlama zamanş ətdə at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunub.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, ölkədə at ətinin, eşşək ətinin, it ətinin, pişik ətinin — nə əti desəniz, satışına heç bir qadağa yoxdur:
"Sadəcə, qanunvericilik tələb edir ki, ətin mənşəyini yazasan ki, istehlakçı aldadılmasın. Bu halda vətəndaşı — obyekt sahibini istehlakçını aldatdığı üçün cəzalandırıblar. Bunun üçün də əsas deyil ki, müəssisə bağlansın. Yalnız istehlakçını aldatdığı üçün, yəni at ətindən istifadə etdiyi üçün olub".
Həmsöhbətimiz vurğuladı ki, heç kəs işlək atı kəsmir:
"At xəstələnib öləndə və yaxud murdar olandan sonra onu kəsə bilərlər. At, əslində, kəsilməməlidir, cəmdəyi atılmalı, basdırılmalıdır və s. Lakin biz görürük ki, at ətindən istifadə olunur. Təsadüfi deyil ki, illər boyu murdar olmuş heyvan ətlərinin — at əti, eşşək ətinin şəhərə daşınması müşahidə olunur. Bu sahədə ən uğurlu işi illər boyudur nə Kənd Təsərrüfatı Nazirliyi, nə Qida Təhlükəsizliyi Agentliyi, nə də epidemiologiya qurumları görür. Bunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Ona görə uğurlu iş görürlər ki, onlar ekspertizalar keçirirlər, həbslər həyata keçirirlər və tam qanunvericiliyə uyğun bütün prosedur addımları atırlar. Ancaq nədənsə Azərbaycan məhkəmələri qısa müddətdə bu pis işlə məşğul olanları həbsdən azad edir. Mən həmişə demişəm, o məhkəmələri mən ömrümün axırına kimi təqib edəcəyəm. Elə adamlar gərək, necə deyərlər, cəzasını axıra qədər çəksinlər. Çox təəssüf ki, adını çəkdiyim qurum bu işləri ardıcıl aparmır. Ümumiyyətlə, bu quruma, Qida Təhlükəsizliyi Agentliyinə, daha geniş səlahiyyətlər verilməlidir ki, işlər görülsün. Lakin biz görürük ki, digər qurumlar cərimə edir və s. buraxır. Ölkədə bu sahədə, yəni malların təhlükəsizliyinin təmin olunması, ətin mənşəyinin gizlədilməsi barədə böyük problem yaşanır. Birmənalı şəkildə Nazirlər Kabinetinə çağırış edirəm: Azərbaycanda ənənəvi olmayan, yeyilməyən heyvan ətlərinin istehlakına qadağa qoyulsun. Qanundakı boşluqdan — yəni kim istəsə hansı əti sata bilər, bu şərtlə ki, ətin adını yazsın, istehlakçını aldatmasın — bu boşluqdan istifadə edirlər və hansı ət ucuzdur, hansı ət yararsızdır, onu gətirib bişirirlər".
Eyyub Hüseynov dönərxanalardakı vəziyyətdən də bəhs etdi:
"Dönərxanalarda problem ondan ibarətdir ki, ölkədə dönərləri təmiz ətdən hazırlayıb şişə taxıb, mənfi 40 dərəcə şok dondurmadan keçirib dönərxanalara çatdıran iki müəssisə mövcuddur. Lakin dönərxanaların heç biri, demək olar ki, oradan dönər gətirmir. Dönərçilər gedirlər, həmin yerdən bir dəfə alırlar, onun sənədini gətirib divardan asırlar, bundan sonra bildiklərini edirlər. Qida təhlükəsizliyi elə bir şəffaf forma almalıdır ki, kağıza baxanda bilinsin ki, oradakı o dönərə aiddir və yaxud nəyə aiddir. Çox təəssüf ki, bu məsələlər həll olunmayıb. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi mümkün olanı edir, lakin hələ işlərin effektiv nəticəsini biz görmürük, çox təəssüflər olsun".
Aytəkin TOFİQQIZI