Montana ABŞ-da Xocalı qətliamını pisləyən 20-ci ştat oldu
ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini “Xocalını Anma Günü” günü olaraq yad etməyə cağırıb.
Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş sənəddə, Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.
Qeyd edək ki, bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.
Bəyanatda S.Bulok bildirir: “Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.
Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada “Xocalını Anma Günü” olaraq elan edildiyi vurğulanır.
Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını pisləyən ştatların sayı 20-yə çatıb.