“Nağıllara inanmayın” – Levon Ter-Petrosyan
“Ermənistanın bir problemi var, bu, Qarabağ münaqişəsidir və bütün digər məsələlərin həlli onun tənzimlənməsindən asılıdır”
Bu barədə dekabrın 17-də “Erməni Milli Konqresi” Partiyasının qurultayında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib.
“Qarabağ münaqişəsinin nizamlanmasından sonra Ermənistan-Türkiyə münasibətləri elə ertəsi gün avtomatik olaraq normallaşacaq”, deyə Ter-Petrosyan qeyd edib.
Qarabağ münaqişəsinin nizamlanması variantlarına gəlincə, EMK sədri deyib ki, bu məsələnin mərhələli həllindən başqa variant yoxdur.
“Hazırda Qarabağ nizamlanması üzrə danışıqlar masasında olan təkliflər məsələnin mərhələli həlli variantıdır. Mahiyyətcə, bu gün masada qarşılıqlı güzəştlərlə bağlı 1997-ci ildən olan eyni təklif var. Bu variant Arsaxa beynəlxalq aləmdə tanınan aralıq status verilməsi müqabilində müəyyən əraziləri azad etməkdən, yekun status məsələsini isə gələcəyə saxlamaqdan, Qarabağ və Azərbaycan qüvvələrinin təmas xəttində sülhməramlı qüvvələr yerləşdirməkdən ibarətdir. Bütün məsələ bundan ibarətdir.
Nağıllara inanmayın. Mənim hətta münaqişənin bugünki həllinin 1997-ci ildə olduğundan daha aşağı statusa malik olduğunu güman etmək üçün əsasım var”, deyə Ermənistanın birinci prezidenti qeyd edib. Bu zaman Ter-Petrosyan bildirib ki, müasir dünyada cəngəllik qanunları işləmir, “buna görə indi münaqişələrin həllinin qarşılıqlı güzəştlərə getməkdən başqa variantı yoxdur”. /”Turan”