MN: Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasıdır
“Dağlıq Qarabağ münaqişəsinin yegana həlli Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasıdır”.
Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyət və münaqişənin həlli ilə bağlı fikirlərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirliyin mövqeyində qeyd olunur ki, Azərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Seyran Ohanyanın heç şübhəsiz xarici auditoriya üçün ünvanladığı siyasi terminlərlə dolu növbəti boşboğazlıq Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlüyünü bir daha sübüt edir.
Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Məsələ ya Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərə riayət etməsilə həll olunmalıdır, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşıda qoyulan tapşırıq tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır.