"Azərbaycan növbəti müharibədə fəal aviasiya zərbələrindən istifadə edəcək ki..."
"Ermənistanın Rusiya ilə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında sazişi ratifikasiya etməsi Qarabağda müharibə ehtimalını artırır". ANS PRESS-in "news.am" saytına istnadən verdiyi məlumata görə, belə bir bəyanatla iyulun 4-də jurnalistlərlə görüşdə “Modus Vivendi” mərkəzinin direktoru, qərbyönümlü ekspert Ara Papyan çıxış edib. Onun sözlərinə görə, bu saziş Ermənistanın mövqelərini zəiflədir:
"Azərbaycanda böyük aviasiya qüvvəsi var. Amma apreldəki hərbi əməliyyatlar zamanı həmin hərbi vasitələrdən istifadə etməyib. Çünki bizim də güclü hava hücumundan müdafiə sistemimiz var. Qarşıya vəzifə qoyulub ki, bizdə hava hücumundan müdafiə sistemi olmasın. Azərbaycan növbəti dəfə müharibə zamanı fəal aviasiya zərbələrindən istifadə edəcək ki, bu da bizim qurbanlarımızın sayını artıracaq".
Birləşmiş erməni-rus hava hücumundan müdafiə birliyinin yaradılması qondarma DQR ətrafındakı isə zonanı zəiflətmək üçün atılan ilk addımdır.
Ara Papyan - “Modus Vivendi” mərkəzinin direktoru, qərbyönümlü ekspert
İyun ayının 30-da Ermənistan parlamenti böyük səs çoxluğu ilə Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sazişi ratifikasiya edib.
Ermənistan parlamentində 131 deputatdan 102-si qanun layihəsinin lehinə, 8-i əleyhinə səs verib. Qanun layihəsini parlamentə təqdim edən Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bəyan edib ki, sazişin məqsədi Qafqaz regionunda HHM sisteminin təkmilləşdirilməsidir.
Bununla da Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə Sistemlərini birləşdirmiş olub. Müqavilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında imzalanıb.