azia.az
azia.az

Rusla ortaq bazar, ortaq ordu – Ermənistan tələyə salınıb

11-11-2016, 09:56

Rusla ortaq bazar, ortaq ordu – Ermənistan tələyə salınıb
Rusiyadan artan iqtisadi-hərbi asılılıq düşmən ölkədə təlaşı gücləndirib; yerli siyasi və iqtisadçı analitiklər SOS siqnalı verir: “Ermənistan izolyasiyadadır və boğulur”, “Rusiya öz problemlərini bizim hesabımıza həll edir”...

İşğalçı Ermənistanın iqtisadi, energetik sferasının, bütövlükdə onun olan-qalan iqtisadiyyatının tamamən Rusiyanın nəzarətində olduğu məlumdur. Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bu asılılıq daha da güclənib. İqtisadi asılılıq isə siyasi asılılıq yaradır.

Zatən, Ermənistan bu yolu özü seçib. Ərazisini 2047-ci ilədək Rusiyanın icarəsinə vermək və burada rus hərbi bazalarını yerləşdırmək, Türkiyə və İranla sərhədinin mühafizəsini Moskvaya həvalə eləmək barədə müqavilə də könüllülük prinsipi əsasında olub, zorən yox. Təki, İrəvan Dağlıq Qarabağın, digər Azərbaycan ərazilərinin işğalını rahat davam etdirə bilsin.

Ancaq nə vaxtadək? Ermənistan üçün acı gerçək budur ki, 25 illik işğal dövrü həm də onun izolyasiyası ilə müşayiət olunub, iqtisadiyyatı rüşeym vəziyyətindən çıxa bilməyib, ölkə sürətlə boşalmaqda davam edir, xarici sərmayəçilər ölkəyə maraq göstərmir, korrupsiya tüğyan edir və s. Bu da müstəsna olaraq, işğalçı siyasətə dəstək qarşılığında Rusiyanın vassalı, marioneti olmaq kursunun yekunu.

Deyəsən, qonşu ölkədə bu fəlakətli siyasətin, Rusiyadan total asılılığın və izolyasiya vəziyyətinin Ermənistanı hara apardığını indi-indi anlamağa başlayıblar.

***
Məsələn, tanınmış erməni iqtisadçı eksperti Aşot Yeqizaryan 1in. am saytına açıqlamasnda deyir: “Ermənistanı Rusiya ilə birləşdirən ”göbək ciyəsi" Ermənistanı boğur, o kəsilməlidir ki, rahat nəfəs ala bilək. Ermənistan qarşısında problemlər ilk növbədə xarici xarakter daşıyır və yalnız təcriddən qurtulmaqla o, rahat nəfəs ala bilər... Ölkə izolyasiya şəraitindədir və boğulur. Taleyimizi yalnız Rusiyaya bağlamaq - dalan yoludur".

Image result for Aşot Yeqizaryan

Onun sözlərinə görə, Ermənistan qlobal bazara inteqrasiya olunmayınca, hər hansı iqtisadi proqramı həyata keçirmək, iqtisadi artımı təmin eləmək mümkün olmayacaq. “Ermənistan dənizə çıxışı olmayan ölkədir. Bu isə iqtisadi cəhətcə cəlbedici olmağı mane olan faktordur. Belə vəziyyətdə yeganə çıxış yolu - kommunikasiyaların işləməsi, dənizə çıxışı olan qonşu ölkələrlə yaxşı əlaqələrin qurulmasıdır. Yaxın aylarda problemlər o dərəcədə qəlizləşəcək ki, fors-major vəziyyətin yaranma ehtimalı böyük olacaq”, - iqtisadçı ekspert xəbərdarlıq edib.

Erməni olanda nə olar, düz deyib. Ancaq onun yadına salaq ki, Ermənistanın dənizə çıxışı olan 4 qonşusu var, ikisinin adlını çəkib - İran və Gürcüstan. Yerdə qalan ikisi də Azərbaycan və Türkiyədir, Ermənistanı Qarabağa görə izolyasiyada saxlayan ölkələr. İş də ondadır ki, Ermənistan iqtisadi cəhətcə inkişaf etmək, “rahat nəfəs almaq” istəyirsə, öncəliklə Bakı və Ankara ilə münasibətləri qaydaya salmalıdır.

Çünki dənizə çıxışı olan İran və Gürcüstan ermənilərin dərdinə əlac olsaydı, ötən 25 ildə olardı. Axı işğalçı ölkənin bu iki ölkə ilə sərhədlər heç vaxt bağlı olmayıb, indi də bağlı deyil. Demək, əsas məsələ Azərbaycan və Türkiyə ilə dil tapmaqdır. Bundan ötrü isə Dağlıq Qarabağ məsələsində ermənilərin konstruktiv olması əsas şərtdir. İqtisadi böhrandan bu dərəcədə sadə çıxış yolu yəni.

***
Əfsus ki, Ermənistan rəhbərliyi bu yöndə düşünmək əvəzinə, üstəlik, Rusiyadan hərbi-siyasi asılılığını da gücləndirməkdədir. Nümunə kimi bu yaxınlarda Ermənistan hava məkanının Rusiyanın hərbi hava qüvvələrinin nəzarətinə verilməsini göstərmək olar. İndi isə məlumat yayılıb ki, Rusiyanın Ermənistanla ortaq ordu qurmaq planı gündəmə gəlib. Söhbət “Qafqaz regionunda kollektiv təhlükəsizlik” adı ilə Rusiya-Ermənistan birləşmiş qruplaşmasının yaradılmasından gedir.

Lakin məlumatlara görə, bu xəbər heç də erməniləri məmnun etməyib. Başlıca səbəb də odur ki, dinc dövrdə bu qruplaşmanın komandanın erməni olması nəzərdə tutulursa, hərb zamanında o, Rusiyanın Cənub Hərbi Dairəsinə tabe etdirilə bilər. Erməni tərəfi əndişələndirən də müharibə vaxtı ortaq ordudan istədiyi kimi istifadə edə bilməməsi ilə bağlıdır.

Əslində məntiqlidir, çünki Rusiya regionda həmişə ermənilərdən, o sırada əli silahlı ermənilərdən öz maraqları naminə bir vasitə, maşa kimi istifadə edib. Rusiya nə vaxt erməninin “ipini” buraxıb ki, indi də buraxsın? Di gəl, Ermənistan yenə böyük iddialarla yaşayır, özünü elə aparır ki, guya bölgədə hansısa söz sahibidir.

***

Image result for Manvel Sərkisyan

İrəvandaki Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sərkisyan hesab edir ki, ortaq hərbi qruplaşma ilə bağlı informasiya ziddiyyətlidir: “Hələ bilinmir ki, bu nə, birləşmə olacaq. Bunun necə təşkil ediləcəyinə və kimin qərar verəcəyinə gəlincə, bu, olduqca mühüm məsələdir. Çünki ortaq hava hücumundan müdafiə sistemi yaradılanda da eyni məsələlər var idi və aydın deyildi di ki, yekun etibarilə bu birləşmələr necə hərəkət edəcək. Prinsipial odur ki, dinc dövrdə idarəçilik bir, müharibə zamanı isə fərqli - Rusiyanın idarəçiliyi nəzərdə tutulur. Halbuki gərək əksinə olaydı. Müharibə vaxtı hər şey Ermənistanın əlində olmalı, yerdə qalanlar isə köməkçi rolda olmalıdır. Amma biz tam başqa bir şey eşidirik: belə çıxır ki, müharibə vəziyyətində olan Ermənistan Rusiya üçün daha böyük önəm kəsb edir və qərarları da onlar qəbul eləməlidir. Bu da təlaş doğurmaya bilməz”.

Erməni analitik Kremlin bu niyyətinin arxasındakı səbəbi isə belə izah edib: “Hər şey çox sadədir: Rusiyanın Türkiyə və Azərbaycanla öz münasibətləri var. Moskva üçün bu əlaqələr çox vacibdir. Ermənistan isə Türkiyə və Azərbaycanla əlaqələri nizamlamaqdan ötrü vur-tut, tərəfdaş, obyektdir. Ermənistan belə görünür ki, Rusiyaya bu imkanı özü yaradır. Ancaq nə dərəcədə bu, bizim milli maraqlarımıza cavab verir - sual həm də budur. Yəni belə çıxmasın ki, Rusiya öz problemlərini Ermənistan hesabına həll edir”.

***

Əlbəttə ki, məhz elə belə çıxır. Bunun isə günahı erməni ekspertlərinin də etiraf elədiyi kimi, böyük Rusiya ilə təhlükəli ortaq bazar, ortaq ordu qurmaq niyyətinə düşən çırtdan Ermənistanın özündədir. Bu əslində sonuncu üçün qurulmuş növbəti tələdir. Yoxsa ki, Ermənistanın iqtisadiyyatını, xarici sərhədlərini, hava məkanını bütünlüklə öz nəzarətinə götürən Rusiya savaş dövrü üçün erməninin başcılıq edəcəyi ortaq ordu quracaqmış...(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi