İkinci Çernobıl qəzası - blef, yoxsa Azərbaycan da təhlükədə?
Ekspertlərdən fərqli mövqelər
Martın 9-da səhər saatlarından etibarən Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin kəsildiyi və generatorların işə salındığı açıqlanıb. Çernobıl Atom Elektrik Stansiyasının müdiri Valeriya Seydi AES-in soyudulmasında istifadə edilən dizel yanacağının 48 saat sonra tükənəcəyini və soyutma sistemi işləmədiyi üçün stansiyanın risk altında olacağını bildirib.
Ukrayna xarici işlər naziri Kuleba isə bildirib ki, elektrik stansiyasının soyutma sistemini işlədən generatorun dizel yanacağı 48 saat ərzində tükənəcək və bundan sonra radiasiya sızması riski başlayacaq.
Ukrayna tərəfinin xəbərdarlıqlarının əsasları varmı, yoxsa..? Rusiya belə bir bəşəri səhv edə bilərmi? Qəza baş verərsə, Azərbaycana nə olar?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə bir riskin olduğunu söylədi: “Rusiyadan istənilən təxribatı gözləmək olar. Bir ölkə ki, başqa ölkəyə hücum edir, onu işğal etməyə çalışır. İlk öncə atom elektrik stansiyasını mühasirəyə alır, bir başqasına raket zərbəsi atır. Bilərəkdən yaxud bilməyərəkdən atom elektrik stansiyalarından biri hədəf götürülə bilər. Təsadüfən raketlərdən biri həmin stansiyaların bloklarından birini zədələyə bilər. Ona görə də belə bir risk var. Belə bir hadisə baş versə, dünyanı faciə gözləyər. Bu, 1986-cı ilin Çernobıl hadisəsindən daha dəhşətli faciə olacaq. Çünki Çernobıl faciəsi bilərəkdən baş verməmişdi. Sızıntı, partlama olmuşdu. Havaya xeyli zərərli maddə qalxmışdı. İndiyə qədər o ətraf çox çirklidir. Müxtəlif ölkələrdə müxtəlif xəstəliklər yayıldı. Hətta Türkiyəyə qədər gəlib çatmışdı. Qardaş ölkədə xərçəng xəstəliyinə tutulanların sayı artmışdı. Azərbaycan vətəndaşları da o proseslərdə iştirak edirdilər. Nə qədər vətəndaşımız həlak oldu. İllərlə ölənlər oldu. Hətta Azərbaycan daxil, müxtəlif ölkələrdə Çernobıl təşkilatları yaradıldı. Bu dəfə müharibə gedişində atom elektrik stansiyalarından birinə zədə dəyərsə, bu faciə daha böyük olacaq. Çünki bu, bilərəkdən həyata keçirilmiş olacaq. Demək olmaz ki, Rusiya məntiqlə yanaşıb belə bir addımdan çəkinəcək. Bəli, indi Rusiya məntiqlə yanaşa bilər. Amma hər hansı bir rusiyalı hərbçi məntiqlə yanaşmaya da bilər. Yəni raketi atom elektrik stansiyasına tuşlaya bilər”.
Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10 min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı
Ramil Məmmədli
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli isə Rusiyanın bu addımı atmayacağını proqnozlaşdırır: “Ümumiyyətlə, Çernobıl Atom Elektrik Stansiyası ilə bağlı təhlükə hətta bu gün də qalır. Hesab edirəm ki, bu, təkcə Ukrayna və Belarusla bağlı deyil. Bütün regionu təhlükə altına ala biləcək bir hadisə ola bilər. Özü də ciddi problemlər yaradar. Çünki xatırlayıram ki, Çernobılda qəza baş verən zaman onun şüalanması hətta Qafqaza, Almaniyaya, Qərbi Avropaya qədər gedib çıxmışdı. Elə ilk həyəcan təbili də Qərbi Avropada çalınmışdı. O zaman qapalı ölkə olan SSRİ-də məsələni bacardıqca gizli saxlamağa çalışırdılar. Rusiya yaxşı anlayır ki, bu qəza baş verərsə, ilk zərərçəkən ölkə məhz Belarus olacaq. Onun da Belarus müttəfiqidir, bir ittifaqdadırlar. Məncə, müttəfiqi olduğu ölkənin də zərər çəkməsini istəməz. Çernobıl Ukrayna-Belarus sərhədində Ukrayna ərazisi sayılan bir məntəqədir. Bu baxımdan Rusiyanın belə bir bəşəri səhv edəcəyinə inanmıram. Düşünürəm ki, məntiqlə də məsələyə yanaşsaq, bu, rəsmi Moskvanın maraqlarına uyğun deyil. İlk növbədə, bunun şüalanması Peterburq daxil Qərbi Rusiya hissəsini, Belarusu, Şərqi Avropanı tuta bilər. Bu da ölümcül şüalanma ola bilər. Bundan sonra onun qarşısının alınması ciddi humanitar gərginlik formalaşdıra bilər. Sadəcə olaraq, məni narahat edən məqam odur ki, bu ərazi, yəni Çernobıl Atom Elektrik Stansiyası təmizləndikdən sonra niyə həmin şəxslər-stansiya müdiri və digər məsul şəxslər tabe olduqları hakimiyyətə hadisənin baş verəcəyi təhlükəsinə 48 saat qalmış bunu bəyan ediblər. Mənim üçün bu məqam çox maraqlıdır. Daha əvvəl bununla bağlı açıqlama verilə, tələb irəli sürülə, hətta beynəlxalq səviyyədə məsələnin həllinə cəhd edilə bilərdi. Çox təəssüf ki, indi vəziyyət belədir. Bunun aradan qaldırılması üçün hər iki tərəf adekvat addımlar atmalıdır. Düşünürəm ki, bu addımlar da atılacaq”.
Cavanşir ABBASLI