Təcili!!! Rusiya ordusu Ukraynada Atom Elektrik Stansiyasını vurdu, nüvə fəlakəti təhlükəsi yarand
Təcili!!! Rusiya ordusu Ukraynada Atom Elektrik Stansiyasını vurdu, nüvə fəlakəti təhlükəsi yarandı
8.51
Ukraynanın fövqəladə hallar üzrə Dövlət Xidmətinin az əvvəl öz Telegram-kanalında yaydığı məlumata görə Enerqodar şəhərindəki Zaporojye AES-də Rusiya işğalçılarının endirdiyi zərbələr nəticəsində başlamış yanğın söndürülüb. Yanğın AES-in təlim-tədris korpusunun binasını əhatə edib, tələfat və zərərçəkənlərin olmadığı bildirilir. Stansiyanın avtomatik olaraq qəza rejiminə keçərək işini dayandıran enerji bloklarının işə düşüb-düşmədiyi məlum deyil.
8.22
Az əvvəl Ukraynanın fövqəladə hallar üzrə Dövlət Xidməti bəyan edib ki, yanğınsöndürənlər qrupu Enerqodar şəhərində Zaporojets AES-in ərazisinə daxil olub. Yanğının söndürülməsinə 40-dan çox yanğınsöndürən və 10 texnika cəlb edilib.
Yanğının AES-in təlim-tədris korpusunda baş verdiyi müəyyənləşib, bildirilir ki, üçüncü, dördüncü və beşinci mərtəbələrdə yanğın davam edir. İlkin məlumatlara görə ölən və xəsarət alan yoxdur. Yanğınsöndürənlər yanğın ocaqlarından birini lokallaşdıra biliblər.
8.16
Ukraynanın energetika naziri German Qaluşenko bəyan edib ki, Zaporojye AES-də Rusiya ordusunun zərbələri nəticəsində başlamış yanğın dünyanı insanlıq tarixinin ən böyük texnogen fəlakəti ilə üz-üzə qoyub. “Təcavüzkar Ukraynaya sarsıdıcı zərbələr endirməkdə davam edir. Onu minlərlə insan tələfatı və faciələr də dayandırmır. Bu gün isə o bütün dünyanı məhv etmək istəyir. Tanklardan, “Qrad”lardan və digər texnikadan Avropanın ən iri atom elektrik stansiyasına birbaşa zərbələr endirir. Bu hərəkətlərin hansı fəlakətə gətirib çıxaracağını dərk edərək”,-nazir bildirib.
O qeyd edib ki, artıq stansiyanın ərazisində döyüşlər gedir, yanğın əraziyə yayılır. “Bu planeti məhv etməyə yönəlmiş müharibədir. Nüvə və radiasiya təhlükəsi düşməni narahat etmir. Ukraynalıların, avropalıların və öz vətəndaşlarının həyatının onun üçün heç bir əhəmiyyəti yoxdur”,-Qaluşenko deyib.
***
Martın 4-nə keçən gecə Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində yerləşən və Avropanın ən böyük Atom Elektrik Stansiyası olan “Zaporojets” AES-ə fasiləsiz zərbələr endirib. virtualaz.org xəbər verir ki, zərbələr nəticəsində AES-də yanğın başlayıb. Bu haqda şəhər meri Dmitri Orlov bildirib.
“Dünya təhlükədə! Düşmənin AES-in inzibati binasını və yaxınlıqdakı obyektləri fasiləsiz atəşə tutması nəticəsində Zaporojes AES-də yanğın başladı!”,-mer təcili müraciətində bildirib. Şəhər rəhbəri işğalçıları ötən gecə saatlarından başlayan aramsız atəşləri dayandırmağa çağırıb.
AES-in əməkdaşı bildirib ki, yanğınsöndürənlər yanğın yerinə yaxınlaa bilmirlər. Artıq mərmilərdən biri stansiyanın birinci blokuna düşüb, AES-in həmin bloku işini dayandırıb.
Zaporojets AES dünyanın 10 ən iri atom elektrik stansiyasından biridir və əgər stansiyada başlamış yanğın nüvə reaktorunda partlayışa səbəb olarsa bu Çernobıl AES-də baş vermiş qəzadan 10 dəfələrlə artıq nüvə fəlakətinə gətirib çıxaracaq.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yaydığı təcili bəyanatında bildirib ki, yerli vaxtla saat 2.26-da AES-də üçüncü blok da işini dayandırıb. Hazırda stansiyanın cəmi bir bloku-dördüncü blok işləyir. Bildirilir ki, əvvəlcə işğalçılar yanğınsöndürənləri stansiyaya yaxın buraxıblar, lakin daha sonra onları geri qaytarıblar.
Prezident Volodimir Zelenski isə az əvvəl dünya ictimaiyyətinə təcili müraciət edib. Zelenski bəyan edib ki, Rusiya tankları Zaporojets AES-in nüvə bloklarını atəşə tutur, ona göörə də Avropa oyanmalı və dünyanı nüvə fəlakətindən xilas etməlidir. Prezident Zelenskinin sözlərinə görə, Avropanın ən iri AES-lərindən birində hazırda yanğın davam edir. O qeyd edib ki, Zaporojets AES-də 6 enerji bloku var. Ukrayna prezidenti müqayisə üçün xatırladıb ki, Çernobıl AES-də cəmi bir enerji bloku partlamışdı.
“Rusiya ordusunu dərhal dayandırmaq lazımdır! Ukrayna 15 enerji bloku deməkdir və əgər partlayışlar olsa bu hamının sonu olacaq, btün Avropanın sonu olacaq! Bu Avropanın təxliyyəsi demək olacaq! Ancaq Avropanın təxirəsalınmaz hərəkətləri Rusiya qoşunlarını dayandıra bilər. Avropanın atom stansiyasında baş verəcək fəlakət nəticəsində məhv olmasına imkan verməyin!”,-Zelenski bildirib. O deyib ki, artıq yaranmış vəziyyətlə bağlı Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon danışıqları aparıb.
Son məlumata görə AES rəhbəri açıqlayıb ki, yanğın nəticəsində nüvə reaktorlarında isinmə gedir və hər an partlayış baş verə bilər.
Xəbər yenilənəcək...