Azərbaycanlı deputatlar İrəvanda – “Vətəndaşların “əsəbləri” ilə oynamağa çalışırlar...”
Azərbaycanlı deputatlar Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün artıq İrəvandadırlar.
Qaynarinfo xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Ermənistanın Avronestdəki nümayəndə heyətinin rəhbəri, "Mülki müqavilə” fraksiyasından olan deputat Mariya Karapetyan deyib.
Bundan əvvəl bildirilmişdi ki, Azərbaycan parlamentinin iki nümayəndəsi, eləcə də onları müşayiət edən bir nəfər fevralın 22-də keçiriləcək iclasda iştirak etmək üçün Ermənistana gedəcək.
"Dəqiq deyə bilmərəm, amma səhv etmirəmsə, azərbaycanlı deputatlar artıq İrəvanda olmalıdırlar... Deputatlardan biri bitərəf, ikincisi isə hakim partiyanın nümayəndəsidir”, - Karapetyan bildirib.
Erməni deputatların hələ də onlarla əlaqəsi olmayıb. Karapetyan izah edib ki, erməni parlamentarilərin xarici həmkarları ilə ünsiyyət qurduqları formatlarda Azərbaycan tərəfi ilə təmaslar ola bilər, bununsa səbəbi sadəcə olaraq, onların bir məkanda olmasıdır.
"Biz Vyanaya ATƏT Parlament Assambleyasına gedəndə zalda müxtəlif nümayəndə heyətlərinin nümayəndələri oturur. Bu işdə də eyni şeydir... Mən başa düşürəm ki, onlar indi İrəvandadırlar və məsələnin emosional tərəfi var. Amma ölkələr belə tədbirlər üçün nümayəndə heyətləri qəbul edir, bu, ölkəmiz üçün mühüm hadisədir və biz növbədənkənar assambleyaya ev sahibliyi edirik”, - deyə deputat izah edib.
Onun sözlərinə görə, bəzi müxalifət həmkarları hakimiyyət tərəfindən azərbaycanlı deputatlarla görüşlərin "mehriban ab-havada” keçdiyini elan edərək vətəndaşların "əsəbləri” ilə oynamağa çalışırlar.
Karapetyan bütün digər iştirakçılar kimi Azərbaycan nümayəndə heyətini də qəbul etməyin institusional, formal öhdəlik olduğunu açıq şəkildə bildirərək, belə dildən istifadə zamanı təmkinli olmağa çağırıb.
Deputat əlavə edib ki, azərbaycanlı deputatların erməni mətbuatı ilə əlaqə saxlaması nəzərdə tutulmayıb və bu, çətin ki, ola.
Qeyd edək ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.