azia.az
azia.az

Sumqayıtın millət vəkili İsveçrədə və Almaniyada səfərdə olacaq

14-04-2016, 16:08

Sumqayıtın millət vəkili İsveçrədə və Almaniyada səfərdə olacaq Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə iştirak etmək üçün aprelin 13-dən 14-dək İsveçrənin Bern şəhərində, ATƏT PA-nın təşkil etdiyi seminarda iştirak etmək üçün isə aprelin 15-dən 18-dək Almaniyanın Lansvayler şəhərində səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinə deputatlar Azay Quliyev və Tahir Mirkişili daxildir.
İsveçrəyə səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının sədri Rafael Kont, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, bu ölkədə yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri, orada çalışan və təhsil alan soydaşlarımızla görüşlər keçirəcək. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda söhbətlər aparılacaq.
Almaniyaya səfər çərçivəsində isə Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının təşkil etdiyi “ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək imkanları – həlli uzadılmış münaqişələrə xüsusi diqqət” mövzusunda seminarda iştirak edəcək.
Tədbirlərdə nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi