azia.az
azia.az

Rusiya bu dəfə Ermənistanı bağışlamadı - Paşinyan razılığa gəlir

10-09-2021, 12:35

Rusiya bu dəfə Ermənistanı bağışlamadı - Paşinyan razılığa gəlir
Ermənistan hakimiyyəti II Qarabağ müharibəsinin acı nəticəsini son zamanlar hiss etdirməyə başlayıb. 10 noyabr üçtərəfli bəyanatından 10 ay keçsə də, rəsmi İrəvan indi-indi Azərbaycanın üstünlüyü qarşısında açıq şəkildə boyun əyir.

Hökumətin iclasında çıxış edən Nikol Paşinyan regionda kommunikasiyaların bərpası barədə danışarkən üç gün əvvəl regional kommunikasiyaların açılması məsələsində qətiyyətli olduğunu bildirib. O, dolayısı ilə Zəngəzur dəhlizi layihəsinin bərpasına razı olduğunu gizlətməyib. "Bizim üçün Rusiya və İranla dəmir yolu əlaqəsi qurmaq çox vacibdir. Məsələnin həlli üçün Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılaşması əsasında danışıqlar aparırıq. Azərbaycan da özünün Qərb əraziləri ilə Naxçıvan arasında əlaqə yaratmağı hədəfləyir. Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq", - deyə çıxışında vurğulayan Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı bu son çıxışını Azərbaycanın diplomatik siyasətinin nəticəsi də adlandırmaq olar.

Rusiya bu dəfə Ermənistanı bağışlamadı - Paşinyan razılığa gəlir
Əslində Paşinyan bu açıqlaması ilə "Zəngəzurun alternativi yoxdur, bu yol açılmalıdır, çünki dəhliz region ölkələrinin də maraqlarına uyğundur. O cümlədən, Ermənistanın öz maraqlarına da uyğundur. Çünki Ermənistan bu dəhlizin açılması ilə öz yüklərini Rusiya, İran, Gürcüstan kimi ölkələrə göndərir. Dəhliz açılmazsa, bu layihələr batacaq. Bu mənada Ermənistanın başqa çıxış yolu yoxdur" demək istədiyini düşünsək, bəlkə də daha real olar. Bir növ erməni baş nazirin bu çıxışını daxili auditoriyaya, xüsusən də revanşist və müxalif qüvvələrə ünvanlanmış mesaj kimi də qəbul etmək olar. Bununla da, Ermənistanın baş naziri dolayısı ilə də olsa Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edib.

Ermənistan artıq anlayır ki, Bakının şərtləri ilə razılaşmasa, Azərbaycanın əlində çox önəmli silahlar var ki, onun tədbiqini tezləşdirə bilər. Belə bir təcrübəni Bakı günlər öncə Zəngəzurda tətbiq etdi. İki gün Gorus-Qafan yolunu bağlayan Azərbaycan tərəfi ermənilərə izah etdi ki, Azərbaycan qalib tərəfdir, onun dedikləri olmalıdır.

Rusiya bu dəfə Ermənistanı bağışlamadı - Paşinyan razılığa gəlir
Üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq ötən 10 ay ərzində rəsmi Bakının sühməramlı kontingentdən gözləntiləri özünü doğrultmadı. Bu ötən zaman ərzində baş verənlər deməyə əsas verir ki, artıq Qarabağa Ermənistandan kimin gedib-getməyəcəyini İrəvan yox, Moskva təyin edir, Qarabağa kimin gedib-getməməsi Moskvada həll olunur. 10 noyabr bəyanatından sonra separatçı rejim qalıqlarının təhlükəsizliyinin faktiki təminatçısı Moskva oldu. Amma Rusiya xilaskarı olduğu Ermənistanın növbəti dəfə xəyanəti ilə üzləşdi.

Bütün bu hadisələr fonunda Ermənistan baş naziri Nikol Paşinyanın Gürcüstan səfəri Moskva üçün soyuq duş effekti verməyə bilməzdi. Ermənistanın baş naziri Gürcüstana iki günlük səfər etdi ki, burada bir detal Kremlin diqqətindən yayına bilməzdi. Belə ki, Tiflisdəki Qəhrəmanlar meydanına gedən Paşinyan, 2008-ci ildə Rusiya ilə müharibədə həlak olanların xatirəsini yad etməklə Kremlə meydan oxudu.

Lakin şübhə etmirəm ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin pozulmaması məqsədilə Ermənistan hakimiyyətinin bu təhqirini udacaq. Axı İrəvanla münasibətlərdə durğunluğun Rusiya hökümətinin maraqlarına uyğun gəlmədiyinin dəfələrlə şahidi olmuşuq. Bunu istər 44 günlük müharibədən sonra Paşinyanın və digər erməni siyasi elitası tərəfindən Rusiya hərbi sənayesini göydən-yerə vuran çıxışlarından, istərsə də Paşinyanın parlament seçkiləri öncəsi Paris və Brüssel səfərlərində birbaşa Kremli ittiham edən çıxışlarından sonra Rusiya Ermənistanı "hər halı ilə sevdiyini" göstərdi.

Rusiya bu dəfə Ermənistanı bağışlamadı - Paşinyan razılığa gəlir
Paşinyanın bu addımını Moskva cavabsız qoymadı. Rusiyanın Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi (STTM) Qarabağdakı 44 günlük müharibə haqqında analitik məcmuə dərc edərək II Qarabağ müharibəsi ilə bağlı diqqətçəkən məqamları diqqətə çatdırıb. Orada müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd "Su-25" hücum təyyarəsi və bir helikopterin elə özlərinə məxsus hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması faktını qeyd etməsi ilə heç şübhəsiz ki, Rusiya Ermənistana yerini göstərmək istəyib.

Yazıda münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənistanın dörd "Su-25" hücum təyyarəsi və "Mi-8" helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. "Su-25" təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilməsi faktının əks olunması Ermənistan hərbi-siyasi rəhbərliyini müxalif qüvvələrin və bu günə qədər övladından xəbər almayan erməni əsgər anaları ilə qarşı-qarşıya qoymaq məqsədi daşıyır. Buradan o da məlum olur ki, Rusiya elə bu faktları müharibənin gedişindən bilir və məqam gözləyirmiş. Moskva xəyanətə öyrəşmiş İrəvan rəhbərliyindən növbəti zərbəni alacağı təqdirdə "cavab atəşi" ilə qarşı tərəfi susdurmaq üçün çoxdan hazır imiş.

Ermənistan Moskva paradında görünən yeni və təmiz texnikaların real döyüşdən sonra nə vəziyyətə qaldığını Bakıdakı Zəfər Paradında, təkrar ayıq başla izləyib, növbəti prosesləri proqnozlaşdırmaq imkanı əldə etdi. Ermənistan müharibə ritorikasından uzaqlaşmasa Kreml belə, bu dəfə İrəvanı xilas edə bilməyəcək. Ermənistanın xilası yalnız qonşularla münasibətini normallaşdırmaqdan keçir. Proseslər də göstərir ki, Azərbaycan postkonflikt reallıqlarını yaxşı dərk edir və düşmənə boşluq verməmək üçün bölgədə və regiondakı bütün hadisələri nəzarətində saxlamaq imkanı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi