DİQQƏT! Sərəncam imzalandı: 7 kənd boşaldılır
DİQQƏT! Sərəncam imzalandı: 7 kənd boşaldılır....
Ermənistanın Dilican vilayətinin qubernatoru Hayk Qalumyan Azərbaycanla sərhəddə yerləşən nöqtələrdən, daha dəqiq desək, 1990-cı illərin əvvəllərində işğal edilən Qazaxın 7 kəndindən sonradan köçürülən əhalinin təxliyəsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, işğal edilmiş eksklavlarımıza sonradan köçürülən ermənilərin təxliyəsi ilə yanaşı, onların sərhəddən ən azı 10 km içəridə məskulaşdırılması, yemək və içməklə bağlı təminatı da gerçəkləşdiriləcək.
İddialara görə, qubernator Qalumyanın bu addımının iki səbəbi ola bilər. Birincisi, Qazaxın 7 kəndi 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycan tərəfinə sakit və səssiz şəkildə təhvil verilir. İkincisi, Ermənistan bu addımı ilə kəndlərin qaytarılmasından imtina edir və hətta müharibə hazırlıqlarına başlayır. Üçüncü versiya isə Ermənistan bu kəndləri qaytarmaqla uzun müddətə Zəngəzur dəhlizi mövzusunu və sərhədlərin demerakasiyasını arxa plana keçirir. Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarını bir neçə aydır yerinə yetirmir, tam şəkildə yerinə yetirmək niyyətində olmadığını ortaya qoyur. Baş nazir Nikol Paşinyan konkret olaraq sürüşkən siyasət nümayiş etdirir. İlk növbədə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi sərhədlərin demarkasiyasından asılıdır. Ermənistan bununla Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Məsələnin digər tərəfi ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ilk növbədə işğal etdiyi kəndləri boşaltmalıdır. Qazağın 7 kəndi və Naxçıvanın Muxtar Respublikasının Kərki kəndi ilk növbədə boşaldılmalıdır.
Bu işğal faktorudur və sərhədlərin delimitasiya və demarkasiyasına aid edilsə də, rəsmi İrəvan Azərbaycan ərazilərini geri qaytarmalıdır. Qazaxın yeddi kəndi ilə bağlı əmr verildiyi barədə deyilənlərə gəldikdə isə, ola bilər ki, Ermənistan bu kəndləri Azərbaycana qaytarsın. Düşünmürəm ki, Ermənistan həmin istiqamətdə nəsə bir müharibəyə hazırlaşsın. Ümumiyyətlə, Ermənistanın buna nə gücü, nə də ordusu var. Əhali də mövcud hakimiyyəti devirə bilər. Təbii ki, bu kəndlərin qaytarılması prosesindən sonra Ermənistan Zəngəzur dəhlizi məsələsindən boyun qaçırır. Yalnız dəmiryolunun çəkilməsini irəli sürür. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Bun qarşıdır. Amma, Azərbaycan Qazaxın 7 kəndi və Zəngəzur dəhlizi ilə bağlı siyasətini reallaşdıracaq”.
Politoloq Arzuman Abdulkərimov isə bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatının birini versiyasında Qazaxın işğal altında olan 7 kəndinin boşaldılması ilə bağlı bənd var idi. Hətta bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yüksək kürsüdən səsləndirmişdi ki, bu bəyanata əsasən, Qazaxın işğal altında olan 7 kəndi də azad ediləcək. Amma sonradan biz 10 noyabr üçtərəfli bəyanatında bu məsələnin əksini tapdığı konkret bəndi görə bilmədik: “Bu, mənim üçün hələ də qaranlıq qalır ki, o bənd niyə və hansı güclərin istəyi ilə sənəddən çıxarıldı. Lakin sonrakı dönəmlərdə biz zaman-zaman həmin 7 kəndin boşaldılacağı ilə bağlı bəyanatlar, xəbərlər eşitməyə başladıq. Bunun sərhədlərin delimitasiyası və demarkasiyası nəticəsində baş tutacağı barədə bəyanatlar oldu. Amma 10 noyabr bəyanatının imzalanmasından 10 ay vaxt keçməsinə baxmayaraq bu proses də hələ baş tutmayıb. Ermənistan məsələni qəsdən yubatmaqla və vaxt udmağa çalışmaqla məşğuldur.
Mən bu yaxınlarda Qazaxda olarkən camaatdan belə məlumat aldım ki, işğal altında olan həmin 7 kəndə Rusiya sülhməramlıları gəlib. “Azadlıq” radiosu da bu barədə məlumat yayıb. Kəndlərdə yaşayan ermənilər də reportajda bildirirlər ki, sülhməramlıların nə üçün buraya yerləşdiyini anlamırlar. Süjetdə erməni kəndlilər danışırdılar ki, artıq bu kəndlər boşaldılacaq və Azərbaycana təhvil veriləcək, rus hərbi kontingenti bunun üçün gəlib. Amma göründüyü kimi proses get-gedə uzanır. Hesab edirəm və ümidliyəm ki, orada Rusiya hərbi kontingentinin yerləşdirilməsinin səbəbi Qazaxın işğaldakı 7 kəndinin Azərbaycan tərəfinə təhvil verilməsi işini həyata keçirməkdir. Erməni qubernatorun açıqlamasından da belə qənaətə gəlmək olar ki, kəndlərin boşaldılması reallaşa bilər. Həmin kəndlərin qaytarılması baş verərsə düşünürəm ki, Ermənistanı Gürcüstana bağlayan Qazax rayonunun ərazisindən ola bilsin ermənilər tranzit yol kimi istifadə etsinlər. Yəni kəndlərin boşaldılması gələcəkdə komunikasiyaların açılmasını təmin edər. İstənilən halda biz həmin 7 kəndimizi geri almaq üçün çalışmalıyıq”.