azia.az
azia.az

Arzu Nağıyev: Azərbaycanın “Böyük Yeddilik” üzvü olan İtaliya ilə belə bir vacib sənəd imzalaması olduqca mühüm əhəmiyyət daşıyır

22-02-2020, 17:32


Elçin Mehdiyev - Trend:
Arzu Nağıyev: Azərbaycanın “Böyük Yeddilik” üzvü olan İtaliya ilə belə bir vacib sənəd imzalaması olduqca mühüm əhəmiyyət daşıyır
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, dövlət başçısının səfəri çərçivəsində ən mühüm məsələlərdən biri iki ölkə arasında imzalanan "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" oldu:

“Bu sənədin cənab Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması sənədin siyasi və iqtisadi əhəmiyyətini daha da artırır. Sənəddə çox mühüm məsələlər öz əksini tapıb. Birincisi, Birgə Bəyannamə Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın yeni bir səviyyəyə qaldırılmasını özündə ehtiva edir. Azərbaycanın “Böyük Yeddilik” üzvü olan İtaliya ilə belə bir vacib sənəd imzalaması olduqca mühüm əhəmiyyət daşıyır. Sənəddə əksini tapmış digər çox vacib məqam ondan ibarətdir ki, tərəflər bir-birinin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər.

Burada ən vacib məsələlərdən biri də təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi çox mühüm əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycanın haqlı mövqeyi tam dəstəklənir”.

Politoloq vurğulayıb ki, bu gün İtaliyanın Azərbaycanı öz strateji tərəfdaşı kimi dəstəkləməsi çox mühüm məsələdir:

“Deyərdim ki, Avropada Azərbaycanı dəstəkləyən ölkələrin içərisində birincisi məhz İtaliyadır. Göründüyü kimi, Birgə Bəyannamədə siyasi, müdafiə təhlükəsizlik məsələləri, ticarət və enerji, müxtəlif investisiyaların qoyuluşu, nəqliyyat və digər məsələlər öz əksini tapıb və Azərbaycan strateji tərəfdaş kimi qəbul edilir.

Məlumdur ki, bu prosesdən öncə Münxen Təhlükəsizlik Konfransında cənab Prezident çıxış etmişdi. Cənab Prezident Dağlıq Qarabağ münaqişəsində Ermənistanın işğalçı və Azərbaycanın isə işğala məruz qalan ölkə olduğunu geniş auditoriyaya çatdırdıqdan sonra Avropa İttifaqının ən mühüm dövlətlərindən biri olan İtaliyanın birbaşa bunu dəstəkləməsi xüsusi əhəmiyyət kəsb edir”.

A.Nağıyev diqqətə çatdırıb ki, Birgə Bəyannamədə iqtisadi məsələlərə də geniş yer ayrılır:

“Bu gün Azərbaycan Avropaya enerji təhdidlərinin qarşısını alan ən mühüm dövlətlərdən biridir. Burada İtaliyanın da öz payı var. Bu baxımdan burada TAP boru kəmərini də misal gətirmək olar. Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edən və 878 km uzunluğa malik TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, məhz İtaliyanın cənubunda bitir. Bu baxımdan Birgə Bəyannamə Cənub Qaz Dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi, Azərbaycan qazının Avropa nəqlinə imkan yaradacaq bir sənəddir”.

Politoloq əlavə edib ki, Birgə Bəyannamədə əksini tapmış məqamlardan biri də təhlükəsizlik məsələsidir:

“Məlumdur ki, İtaliya NATO-nun üzvüdür və öz silahlı qüvvələrinin fəaliyyətini NATO standartlarına uyğun qurur. Azərbaycan da NATO-nun sülhməramlı əməliyyatlarının daimi iştirakçısıdır, eyni zamanda ölkə anti-terror əməliyyatlarında fəal iştirak edir. Düşünürəm ki, bu Birgə Bəyannamədən sonra Azərbaycan Ordusunun yeni texnika ilə təchiz olunmasında İtaliyanın rolu olacaq və bu istiqamətdə müvafiq sənədlərin imzalanması gözləniləndir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi