Azərbaycan ilə İtaliya 25 ildə çox mühüm işlər həyata keçirib.
azia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo deyib.
Səfirin sözlərinə görə, həmin işlər ancaq iqtisadi əməkdaşlıqdan ibarət deyil:
"Biz əlaqələrimizi yalnız Avropa və İtaliya üçün vacib olan enerji məsələləri üzərində qurmamışıq. Azərbaycan ilə İtaliya arasındakı münasibətlər bir çox sahəni əhatə edir. Biz daima Azərbaycanın dünyaya açıq, müasir və sabit cəmiyyət olduğunu dəyərləndirmişik. Azərbaycan geostrateji mövqeyə malikdir. Azərbaycan dünya ictimaiyyəti ilə əməkdaşlığa hər zaman can atıb və Avropanın mühüm tərəfdaşıdır. Azərbaycanın beynəlxalq mediada sərt tənqid edilməsinin şahidi oluruq. Ancaq bu doğru deyil, bu ölkəni anlamaq üçün onun coğrafi mövqeyinə, həmçinin mürəkkəb tarixə malik olduğuna diqqət etmək lazımdır. Yalnız onda bu ölkənin reallıqlarını anlamaq olar".
Diplomat bildirib ki, Azərbaycan ilə İtaliya əlaqələri qarşılıqlı anlaşma üzərində qurulub:
"İtaliyanın coğrafi mövqeyi və tarixi Azərbaycan ilə oxşarlıq təşkil edir. Biz Aralıq dənizi bölgəsinin ortasındayıq, siz isə Qafqazın mərkəzindəsiniz. Təbii ki, bu faktlar bizim tariximizə təsir edib, hazırda reallıqlarımıza təsir etməkdə də davam edir. Qədim tarixə malik olan iki millət bir araya gəldikdə, əməkdaşlıq gözəl nəticələr verir".