azia.az
azia.az

"Məcburi göndəriş olsa, gənc həkimlər ölkədən gedəcək" – Professordan xəbərdarlıq

Bu gün, 17:03

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, regionlarda, xüsusilə ucqar kəndlərdə ilkin tibbi yardım xidmətinin vəziyyəti hələ də qənaətbəxş deyil və bu, bəzən ağır nəticələrə səbəb olur.

Bəs rayon və kəndlərdə ilkin tibbi yardımın əlçatanlığını məhdudlaşdıran əsas problemlər hansılardır? Bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün hansı təxirəsalınmaz addımlar atılmalıdır?

QEYBULLA.jpg (47 KB)

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb:

"Ucqar kəndlərdə tibbi xidmətin keyfiyyətini artırmaq istəyiriksə, ilk növbədə həmin ərazilərdə çalışan həkimlərin və tibb işçilərinin sosial rifahı barədə düşünməliyik. Həkimlərin kəndlərdə işləməsi üçün onların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş real və təsirli tədbirlər görülməlidir. Bir həkim bugünkü bazar şərtlərinə uyğun gəlməyən, normal yaşayışını təmin etməyən maaşla kənd ambulatoriyasında niyə işləməlidir? Yalnız mənəvi prinsiplərə görə fəaliyyət göstərməlidir? Yoxsa Hippokrat andı içdiyi üçün bütün çətinliklərə dözməlidir? Dünyanın heç bir inkişaf etmiş ölkəsində bu cür yanaşma yoxdur. Ümumiyyətlə, Hippokrat andı məsələsinin üzərində həddindən artıq dayanmağa ehtiyac yoxdur. Bu, vətən andı deyil ki, insanı ömürlük müəyyən şərtlər altında işləməyə məcbur etsin. Dünyanın heç bir yerində həkimlər fəaliyyətlərini yalnız Hippokrat andına söykənərək qurmurlar. Bütün ölkələrdə həkim etikası kodeksi mövcuddur və tibb işçiləri öz peşə fəaliyyətlərini qanunlar, qaydalar və peşə standartları çərçivəsində həyata keçirirlər".

Professor qeyd edib ki, eyni zamanda, istər kənd ambulatoriyasında çalışan, istərsə də Bakı şəhərində fəaliyyət göstərən həkimin yaşayış səviyyəsi arasında kəskin fərq olmamalıdır:

"Əgər belə bir balans yaradılsa, heç kim paytaxta axışmağa çalışmaz, insanlar öz rayonlarında, öz kəndlərində qalaraq peşə fəaliyyətlərini davam etdirərlər. Bunun üçün isə konkret mexanizmlər hazırlanmalıdır. Səhiyyə müəssisələri TƏBİB-in tabeliyindədir. TƏBİB-in çoxsaylı departamentləri, struktur bölmələri və bu sahə ilə məşğul olan mütəxəssisləri var. Onlar düşünməlidirlər ki, həkimlərin rayonlara getməsi üçün hansı stimullaşdırıcı addımlar atılmalıdır. Mənzil təminatı, əlavə maliyyə dəstəyi, sosial güzəştlər, karyera imkanları və digər təşviqedici mexanizmlər hazırlanmalıdır ki, həkim rayonda işləməyi öz gələcəyi üçün sərfəli hesab etsin".

Adil Qeybullanın sözlərinə əsasən, son günlər mətbuatda belə fikirlər səslənir ki, rezidenturanı bitirən həkimlər məcburi şəkildə kənd yerlərinə göndəriləcək və bu yanaşma doğru deyil:

"Əgər bu qərar tətbiq olunarsa, bir çox gənc həkim rezidenturaya başlamadan ölkədən getməyə üstünlük verəcək. Almaniya, Türkiyə və digər ölkələr onsuz da azərbaycanlı həkimlər üçün açıq imkanlar təqdim edir. Məcburiyyət yolu ilə kadr siyasəti qurmaq mümkün deyil. Bəzən isə rezidenturaya qəbul ola bilməyən və ya rezidentura keçməyən şəxslərin kəndlərə göndərilməsi kimi təkliflər səsləndirilir. Bu isə ümumiyyətlə məntiqsiz yanaşmadır. Məgər kənd yerlərində yaşayan insanların sağlamlığı daha az dəyərlidir? Rezidentura keçməyən şəxsin həkim kimi fəaliyyət göstərməsinə mövcud qanunvericilik icazə vermirsə, onu hansı əsasla kəndə göndərmək olar? Bu yanaşmanın nə hüquqi, nə peşəkar, nə də etik izahı var. Təəssüf ki, bu sahədə bəzən bir-birinə zidd, kifayət qədər əsaslandırılmamış və dərindən düşünülməmiş təkliflər ortaya atılır. Halbuki məsələni sivil və uzunmüddətli mexanizmlərlə həll etmək mümkündür. Həkimi məcbur etməklə deyil, ona şərait yaratmaqla rayonlara cəlb etmək lazımdır. Dünyanın bir çox ölkəsində bu model uğurla tətbiq olunur və nəticə verir.

Bəzən bu cür təklifləri oxuyanda adam sadəcə təəccüblənir. Çünki problemin həlli göz qabağında olduğu halda, onun ətrafında süni müzakirələr aparılır və diqqət əsas məsələdən yayındırılır".

Xalidə Gəray
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi