azia.az
azia.az

Saxta diplomlu “həkimləri” necə tanıyaq? - peşəkarların tövsiyəsi

7-12-2021, 08:48

“Hətta sanballı xəstəxanalarda belə diplomsuz, diplomu haradan aldığı bəlli olmayan, yaxud diplom alıb dövlət strukturlarında təsdiq etdirməyən ”həkimlər" var"
Saxta diplomlu “həkimləri” necə tanıyaq? - peşəkarların tövsiyəsi
Bəzən mətbuatda saxta diplomlu həkimlərlə bağlı xəbərlərə rast gəlirik. Sosial media, yaxud digər vasitələrdən istifadə edib özünü reklam edən “həkimlərin” sayı çoxdur. Vaxtaşırı KİV vasitəsilə xəstələri sağaltdıqlarını, müalicə kursu apardıqlarını bəyan edirlər. Onlara aldananlar isə az deyil. Tibbi təhsili, diplomu olmayan bu şəxslərin qəbuluna düşmək müşkül məsələdir. Lakin araşdıranda bəlli olur ki, bu, yalnız görüntüdür. Həqiqət isə başqadır. Və bu həqiqət əslində cinayətə bərabərdir. Çünki söhbət insanın sağlamlığından, bəzən hətta sağ qalma mücadiləsindən və ümumiyyətlə, hüququndan gedir.

Bəs bu şəxslərin xəstə müalicəsi ilə məşğul olmalarına aidiyyəti qurumlar niyə göz yumurlar?

Səhiyyə Nazirliyindən “Yeni Müsavat” a bildirildi ki, səhiyyə müəssisələrində çalışan işçilərin işə qəbulu və sertifikasiyası tədbirlərinin aparılması ilə əlaqədar cari ilin bu gününədək Səhiyyə Nazirliyi tərəfindən 25 saxta diplom aşkar edilib: “19 ədəd diplomun saxtalaşdırılması şübhə doğurduğundan toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib, 6 ədəd diplomla bağlı araşdırma davam etdirildiyindən hazırda icraatdadır. Araşdırma tamamlandıqdan sonra qeyd olunan sənədlərin aidiyyəti orqana göndərilməsi təmin olunacaq”.

Uzman ginekoloq Rəşad Sultanın fikrincə, pasiyentlər adətən iki məqama diqqət edirlər: yaxşı həkim olsun və diplomu olsun. “Yeni Müsavat” a bununla bağlı açıqlama verən həkim bildirdi ki, diplomu önəmsəməmək, həkimin yaxşı olduğunu iddia etmək doğru yanaşma deyil: “Bu yanaşma ilə avtomobili yaxşı idarə edənlərə də sürücülük vəsiqəsi verilməməlidir? Diplom həkimin xəstəni müayinə və müalicə etməyə hüququnun olduğunu sübut edən sənəddir. İllərin təhsili və təcrübəsində dövlətin tanıdığı təhsil orqanları tərəfindən verilir. Ona görə də diplomumuzu başımızın üstündən asırıq. İstər nəzəri, istərsə də təcrübə baxımından təhsil hər sahədə önəmli göstəricidir. Buna görə də ilk növbədə həkimin təhsili ilə maraqlanmaq lazımdır. Qanunvericiliyə əsasən, tibb müəssisələri həkimləri işə qəbul edərkən bunları tələb etməlidirlər. Məsələn, hazırda çalışdığım tibb müəssisəsi bizdən nəinki diplom, hətta 5 ildən bir sertifikasiya sənədi tələb edir. Lakin təcrübədə görünən odur ki, hər tibb müəssisəsi bunu tələb etmir. Hətta sanballı xəstəxanalarda belə diplomsuz, diplomu haradan aldığı bəlli olmayan, yaxud diplom alıb dövlət strukturlarında təsdiq etdirməyən ”həkimlər" var".



Rəşad Sultan
Saxta diplomlu “həkimləri” necə tanıyaq? - peşəkarların tövsiyəsi
R.Sultan həmçinin bildirdi ki, həkim dürüst və peşəkar olmalıdır. Peşəkarlığın ilk şərti isə təhsildir: “Söhbət 6 illik təhsildən getmir, Azərbaycanda rezidentura, xarici ölkələrdə isə ixtisaslaşma dediyimiz dövr nəzərdə tutulur. Ölkəmizdə ən böyük problemlərdən biri ixtisas təhsilində standartın olmamasıdır. Rezidentura təhsilinin tətbiq olunması bu sahədə inqilab yaratdı və bunun faydasını görməyə başlamışıq. Qəbul imtahanlarında lazımi balı toplaya bilməyənlər özəl təhsil müəssisəsində yer alırlar, sonra dövlət təhsil müəssisəsinə yerdəyişmə etdirirlər. Daha sonra kurs keçmək adı ilə xaricdə alış-veriş edib, Azərbaycana qayıdıb həkimlik etməyə başlayırlar. Diplomun saxtasını düzəldənlər ortaya çıxdı. Sosial mediada müəyyən vəsait xərcləyərək ”nömrə 1" olurlar, şou proqramlarda iştirak edirlər. Mən də belə proqramlarda iştirak edirəm, lakin şoumen kimi yox, mütəxəssis kimi çıxış edirəm. Peşəkar olmayan həkimlər xəstəyə tibbi, elmi məlumat vermək, müalicəni əsaslandırmaq əvəzinə, xəstələrə “canım”, “əzizim” deməklə özlərini sevdirməyə çalışırlar. Bundan əlavə, bəzi metodlara da əl atırlar. Məsələn, xəstəni bir neçə ay sonraya, yaxud bir neçə xəstəni eyni anda qəbula yazırlar, daha sonra özünü reklam üçün proqramlara çıxırlar. Bu da məntiqsizdir. Xəstə özünə sual verməlidir ki, əgər həkimin qəbuluna aylarla düşə bilmirsə, nəyə görə özünü reklam edir?"

Rəşad Sultan qeyd etdi ki, bu kimi halların qarşısını almaq üçün dövlətin nəzarəti güclü olmalıdır. Xəstə hansı həkimin düz dediyini müəyyən edə bilməz. Tövsiyəm odur ki, zahiri görünüşə aldanmasınlar. Həkimin peşəkarlığı, müalicənin keyfiyyəti şou proqramlardakı yox, həqiqi pasiyentlərin sağalması ilə ölçülür.

Paytaxtda stomatoloji kabinetlər daha çox gözə dəyir. Bəs vətəndaşlar həkimlərin peşəkar olub-olmadığını necə müəyyən edə bilərlər? Stomatoloq Arifə Əliyeva vətəndaşlara tövsiyə edir ki, stomatoloji kabinetə daxil olarkən hər hansı şübhə yarandığı halda, xəstə həkimdən sertifikat, yaxud diplom tələb edə bilər. Bundan əlavə, 5 ildən bir həkimlər attestasiya imtahanından keçməlidirlər. İmtahanı uğurla keçən həkimlər çox zaman sənədi kabinetdə divara asırlar. Vətəndaş peşəkar stomatoloqu, yaxud texniki ilk növbədə buna əsasən tanıya bilər. Kabinetdə sterilizasiya şərtlərinə əməl olunub-olunmadığını müəyyən etmək üçün isə bəzi amillərə diqqət etmək lazımdır: “Bütün alətlər torbanın içində olmalıdır. Alətlər öncə maye ilə təmizlənib, sonra paketlənib avtoklava qoyulur. Həkim xəstəyə əlcəksiz müdaxilə etməməlidir. Eyni zamanda bir dəfə istifadə olunan alətlər var: tüpürcəkçəkənin ucluğu, stomatoloji salfetkalar və s. Bütün bu şərtlər ödənsə belə, xəstəyə dərhal müdaxilə etmək olmaz. Mütləq anamniz toplanmalıdır. Həkim xəstənin infeksion xəstəliyi, allergiyası, daha öncə diş həkimində olubmu, hansı müalicəni qəbul edib və s. barədə məlumatlı olmalıdır. Bundan başqa, hər pasiyentdən sonra 10-15 dəqiqə fasilə verilməli, kabinet havalandırılmalı, kreslo təmizlənməlidir”.

El arasında belə bir fikir var: xəstə xəstə gətirir. Həkim peşəkardırsa, xəstə də sağalacaq, həkim də dolanacaq. İstənilən halda dürüstlük və peşəkarlıq bu müqəddəs peşə sahiblərinə yalnız başucalığı gətirər.

Nigar HƏSƏNLİ,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi