Azia.az təqdim edir. "Bu günə qədər QİÇS-lə Mübarizə Mərkəzinə stomatoloji xidmətlərdən istifadə edərkən İİV-ə yoluxma faktı ilə bağlı müraciət daxil olmasa da, stomatoloji kabinetlərdə İİV virusuna yoluxma təhlükəsi var”.
Bunu Medicina.az saytına müsahibəsində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.
Şöbə müdiri deyib ki, insanlar ilk öncə stomatoloji kabineti və stomatoloji klinika anlayışlarını ayırd etməlidirlər: "Əgər hər hansı şəxs stomatoloji kabinetə gedirsə, daha ciddi diqqət yetirməlidir. Çünki yalnız stomatoloji klinikalarda qanlı prosedurlar, qanlı əməliyyatlar həyata keçirilməsinə icazə verilir. Dişin çıxarılması özü kiçik cərrahi əməliyyatdır, bu, mütləq stomatoloji klinikalarda həyata keçirilməlidir, stomatoloji kabinetlərdə yox. Sözsüz ki, bəzi stomatoloji kabinetlər buna riayət etmir, dişin çıxarılması ilə məşğul olurlar, biz bunu da görürük. Stomatoloji kabinetlərdə bu hallarda sözsüz ki, alətlərdən istifadə edilir. Hər iki halda vətəndaşlar ilk növbədə təmizliyin necə olmasına diqqət yetirməlidirlər. Bundan əlavə, sterilizator və paketləmə qurğusunun olub-olmadığına nəzarət edilməlidir. Vətəndaşlar ağız boşluğunda adi prosedurlar, dişlərin ağardılması və digər proseslərin hamısında həmin bu alətlərin paketlənmə qurğusundan çıxmasının şahidi olmalıdırlar. Yəni həmin alətlər steril paketlərdən çıxarılaraq istifadə edilməlidir. Görürsünüz ki, stomatoloq həmin alətlərin yığıldığı qabdan bir aləti seçib çıxarır, istifadə edir, buna qətiyyən yol vermək olmaz. Belə hal olarsa, bu o deməkdir ki, bu alətlər sterilizasiya edilməyib. Sözsüz ki, vətəndaşların həmin yerdən çıxıb getmələri məsləhətdir. Çünki həmin yerdə nəinki virus ola bilər, həm də bakterioloji yoluxmalara məruz qala bilərlər. Bir məqamı da qeyd edim. İmplantlar özü virus daşımır, virus qanın tərkibində, bioloji mayelərdə olur. Lakin həmin implantların qoyulması zamanı istifadə edilən alətlərin çirklənməsi artıq yoluxma riskini artırır”.
N. Zülfüqarov hesab edir ki, bu sahədə problem tədricən həll olunur: "Kifayət qədər böyük klinikalar fəaliyyət göstərir. Hər bir vətəndaş ilk növbədə öz sağlamlığının qorunmasına nəzarət etməlidir. Vətəndaşların stomatoloji kabinetlər əvəzinə stomatoloji klinikalardan istifadə etməsi məqsədə uyğundur”.
Çingiz