Masallı səhiyyəsində acınacaqlı mənzərə -İTTİHAM
Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il 446 nömrəli “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş) dəyişikliklər edilməsi barədə qərarına əsasən, əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət səhiyyə müəssisəsinin göndərişi, başqa sözlə Forma 88-dir. Əlillik qiymətləndirilərkən yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə səhiyyə müəssisəsinə (poliklinikaya) müraciət etməlidir.
Müraciət edən şəxsə səhiyyə müəssisəsi tərəfindən şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, ixtisaslaşmış həkim rəyi, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə göndəriş rəsmiləşdirilir. Göndəriş rəsmiləşdirildikdən sonra elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə ötürülür. Göndəriş altsistemə daxil olduqdan sonra göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır.
Sadiq oxucularımız xatırlayarlar, “Dəryaz” qəzetinin internet əlavəsi olan “Deryaz.az” saytında 06 avqust 2020-ci il tarixli “MASALLININ BAŞ HƏKİMİNİN PSİXİATRİYA HƏKİMİNƏ EHTİYACI VAR” sərlövhəli tənqidi yazı dərc olunmuşdu. Masallı şəhəri, Sabir küçəsi – 11 ünvanda yaşayan 1983-cü il təvəllüdlü Məmmədova Nuranə Tahir qızının redaksiyaməza müraciəti əsasında haqzırlanmış həmin məqalənin qayəsini müraciət müəllifinin Masallı rayon Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin baş həkimi Cəlil Nəzərovdan və həkim-kardioloq (eyni zamanda xəstəxana həmkarlar təşkilatının sədri) İlqar Ramizoğlundan şikayəti tərəfindən üzləşdiyi süründürüməçilikdən şikayəti təşkil edirdi.
Xatırladaq ki, N.Məmmədova iki dəfə insult keçirmiş, əl arabasında gəzən, ürəyinə kardiostimulyator qoyulmuş III-IV dərəcəli ağır xəstədir. Yazırdı ki, dərman-davasının pulunu çatdıra bilmədiyindən, ehtiyacını qismən də olsa qarşılamaq üçün əlillik statusu və pensiya hüququ almaq məqsədilə baş həkim C.Nəzərova dəfələrlə müraciət edib. Təxmininə görə, baş həkimə yanaşmanın “düzgün” yolunu bilmədiyindən, onun “forma-88” sənədi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilmirdi.
Bu məsələ ilə bağlı dəfələrlə baş həkim Cəlil Nəzərovla və kardioloq-həkim İlqar Ramizoğlu ilə əlaqə saxlasaq da, adları çəkilən vəzifəli şəxslər hər dəfə mücərrəd fikirlər söyləyərək, problemin həllinə yardımçı olmaqdan yayınmağa çalışmışlar. N.Məmmədovaya kömək edə biləcəyini zənn etdiyimiz vəzifəlilərdən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini – RİH-nin İctimai — siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə əlaqə qurmaq cəhdlərimiz alınmadı. Onun nə iş, nə də mobil telefonu cavab vermədi. Ən nəhayət, başçının I müavininə telefon açmışıq. Rayon rəhbərliyində ikinci yüksək vəzifəli şəxs sayılan I müavin bu məsələnin ona heç bir aidiyyətinin olmadığını deyib. RİH-nin hüquqşünası Məmmədhüseyn müəllimlə bağlantı qurmuşuq. Məsələ ilə maraqlanacağını vəd etmişdi.
Bu mövzuda qələmə aldığımız əvvəlki məqalə belə bir sualla yekunlaşırdı: Görəsən, rayon rəhbərliyi rayon vətəndaşı olan əlil adamın çarəsiz, köməksiz vəziyyətdə qalmasına göz yumurlarsa, başqa vəzifələrini necə yerinə yetiirirlər? Və ümumiyyətlə yerinə yetirirlərmi?
İndi aldığımız məlumata görə N.Məmmədova ilə bağlı vəziyyət necə deyərlər, “ölü nöqtədən tərpənib”. Amma necə?: Nurəni xanım redaksiyaya bu dəfəki mürcaiətində bildirir ki, onu çağırıb “gülərüzlə” qarşılayıblar, bu dəfə rüşvət deyil (7), “şirinlik” istəyiblər. Pulu olmadığını deyəndən sonra onu daha “incitməyiblər”, “forma-88”-ini yazıb Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə göndəriblər. Amma sənəddə onun xəstəliyinin gerçək vəziyyətini xeyli “yüngülləşdiriblər”, daha dəqiq desək, xəstənin ürəyinə kardiostimulyator cihazı qoyulduğunu göstərməyiblər. Bu isə ona yüksək dərəcəli əlillik statusu verilməsini əngəlləyib – Mərkəzdən N.Məmmədovaya belə cavab veriblər.
N.Məmmədova belə düşünür ki, ona başqa xəstənin səhhət durumunu əks etdirən məlumatı da vermiş ola bilərlər. Redaksiyamızın əməkdaşları məsələ ilə bağlı araşdırma apararkən Mərkəzin Ceyhun adlı mütəxəssisindən təfərrüatı öyrənə bilmişlər. Mütəxəssis bildirmişdir ki, ürəyinə stimulyator cihazı qoyulmuş N.Məmmədova üçün tərtib olunmuş sənəd onun gerçək səhhət durumunu əks etdirmir və indiki halda onun xəstəlik dərəcəsinin dəyişdirilməsi ilə bağlı müraciəti müsbət cavablandırılmayacaq.
Hər şey gün kimi aydındır: Cəlil Nəzərov, İlqar Ramizoğlu kimi “həkimləri” xəstənin səhhəti, Masallı rayon rəhbərliyində qərar tutan şəxsləri isə vətəndaşın sosial vəziyyəti əsla maraqlandırmır. Onların “qarınlarının ağrısı” növbəti sağlam müştəridən alacaqları rüşvət, xəstə kliyentdən qopara biləcəkləri “şirinlik”dir.(Deryaz.az)