MASALLININ BAŞ HƏKIMININ PSIXATRIYA HƏKIMINƏ EHTIYACI VAR
Masallının “həkim-sahibləri”ndən şikayətlər artır
Masallı şəhəri, Sabir küçəsi – 11 ünvanda yaşayan 1983-cü il təvəllüdlü Məmmədova Nuranə Tahir qızı “Dəryaz” qəzeti redaksiyasına müraciət edərək, Masallı rayon Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin baş həkimi Cəlil Nəzərov və həkim-kardioloq (eyni zamanda xəstəxana həmkarlar təşkilatının sədri) İlqar Ramizoğlu tərəfindən üzləşdiyi süründürüməçilikdən şikayətlənmişdir.
N.Məmmədova bildirir ki, iki dəfə insult keçirib, əl arabasında gəzir, ürəyinə kardiostimulyator qoyulub. III-IV dərəcəli ağır xəstədir. Dərman-davasının pulunu çatdıra bilmir. Ehtiyacını qismən də olsa qarşılamaq üçün əlillik statusu və pensiya hüququ almaq məqsədilə baş həkim C.Nəzərova dəfələrlə müraciət edib. Görünür, baş həkimə yanaşmanın “düzgün” yolunu bilmədiyindən, onun “forma-88” sənədi Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməyib.
Xatırladaq ki, daha əvvəl adları çəkilən vəzifəli şəxslərin Masallı rayonunun Ərkivan qəsəbə sakini Kazımov Kamran Nüsrət oğluna 17.06.2020-ci il tarixli «Sürücülüyə yararlı olmaq barədə tibbi arayış» (TQS – 083) vermələri barədə qəzetimizin internet əlavəsi olan “Deryaz.az” saytında məqaləmiz dərc olunub. Etibarlı mənbədən aldığımız məlumata əsasən hazırladığımız həmin məqalədə arayışı Kamran Kazımovun özünün deyil, qardaşının xəstəxanaya gedərək İlqar həkimdən 100 manata satın aldığı bildirilmişdir. Neyçün ki, Kamran Kazımov anadangəlmə lal-kardır. Mənbə bildirirdi ki, hətta baş həkimin əvəzinə də İlqar Ramizoğlu özü qol çəkib. Arayışın redaksiyamıza təqdim olunan surətindən də bəlli olmuşdu ki, həkimlərin adlarının qarşısındakı təsdiqləyici imzalar eynidir.
Məsələni araşdırmaq üçün İlqar həkimlə telefon əlaqəsi yaradıb münasibətini soruşmuşduq. Sərt şəkildə bildirmişdi ki, arayışı vermişəm, əcəb eləmişəm. Sonra Ərkivan qəsəbə icra nümayəndəliyinin sədri Əhməd Əhmədovla bağlantı qurmuşduq. O da təsdiqləmişdi ki, Ərkivan qəsəbə sakini 28.09.1990-cı il təvəllüdlü Kazımov Kamran Nüsrət oğlu həqiqətən də anadangəlmə lal-kardır. Daha sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Tohid Hüseynova zəng etmişdik. Başçının köməkçisi öz növbəsində bildirmişdi ki, araşdırdığımız bu məsələlərlə bağlı Masallı RİH başçısının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə əlaqə qurmağımız məqsədəuyğundur. Aybəniz Qafarovanın isə nə iş, nə də mobil telefonu cavab vermir. Ən nəhayət, başçının I müavininə telefon açmışıq. Rayon rəhbərliyində ikinci yüksək vəzifəli şəxs sayılan I müavin bu məsələnin ona heç bir aidiyyətinin olmadığını deyib. RİH-nin hüquqşünası Məmmədhüseyn müəllimlə bağlantı qurmuşuq. Məsələ ilə maraqlanacağını vəd etsə də, onun da cavabı ləngiyir.
Masallı RİH-nin başçısı cənab Şahin Məmmədovla telefon əlaqəsi qurmaq cəhdlərimiz də alınmayıb. Nə zəngi götürür, nə mesaja cavab verir.
Maraqlı və eyni dərəcədə acınacaqlı haldır: Görəsən, rayon rəhbərliyi rayon vətəndaşı olan əlil adamı çarəsiz, köməksiz vəziyyətdə qalmasına göz yumurlarsa, başqa vəzifələrini necə yerinə yetiirirlər? Və ümumiyyətlə yerinə yetirirlərmi? (deryaz.az)