“Bəyanatı imzalayıblar, bu, o deməkdir ki, quyruqları əlimizdədir” - Fazil Mustafa
"Proses Türk dəhlizinin açılmasına doğru gedir”
Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa aktual məsələlərlə bağlı Musavat.com-a müsahibə verib. Gündəmin əsas mövzusu, Rusiyanın moderatorluğu ilə bu gün keçiriləcək görüş daxil olmaqla, digər məsələlərlə bağlı özünəməxsus yanaşmaların müəllifi olan millət vəkili ilə söhbəti təqdim edirik:
- Fazil bəy, sizinlə Soçidə keçiriləcək üçtərəfli görüş ərəfəsində danışırıq. Bundan əvvəlsə Rusiya prezidentinin Ermənistan-Azərbaycan sərhədində baş verənlərə reaksiyası olub. Moskvanın sülhməramlı anonsunun arxasında sizcə, hansı məqsəd-məram dayanıb? Necə bilirsiniz, son gərginliklərdə katalizator rolunu oynayan qüvvə və ya paytaxtlar hansılardır?
- Rusiya prezidentinin son reaksiyası əslində əvvəlki reaksiyalarından elə də ciddi fərqi göstərmir. Rusiyanın marağında olmalıdır ki, sərhəd məsələləri nizamlansın. Fikrimcə, burada maraqlı olmayan əsas qüvvələri ABŞ-da və Avropa Birliyinin bəzi ölkələrində axtarmalıyıq. Çünki Rusiya sülhməramlı kimi bölgədə artıq yerləşib və bundan sonra münasibətlərin nizamlanmaması onun da məramını sual altında qoyacaq. Rusiya 10 noyabr 2020-ci ildə öz üzərinə götürdüyü öhdəlikdən yayına bilməz, əks təqdirdə, bölgədə yenidən savaş alovlana bilər. Bu isə Türkiyənin də aktiv şəkildə savaşa cəlb olunmasına səbəb olacaq. Rusiyanın bunu arzuladığını düşünmürəm. Soçi görüşü ərəfəsindəki son çıxışında da Putinin 10 noyabr və 11 yanvar sənədlərini xatırlatması təsadüfi sayıla bilməz. Bütün müzakirələrin məhz bu sənədlər üzərindən aparılması mövzusunda Azərbaycan və Rusiya arasında fikirayrılığının yarana biləcəyini düşünmürəm. Ona görə də sərhədlərin dəqiqləşdirilməsinə və Zəngəzur dəhlizinin açılmasına doğru real qərarların alınması bu görüşdə olmasa da, irəliləyən tarixlərdə qaçınılmazdır. Vəziyyəti gərginləşdirən Ermənistandır, düşünürəm ki, bunu Qərb ölkələrindən gələn çağırışlarla edir və ağır nəticələri gördükdən sonra artıq yumşaq ritorika ilə danışmağa başlayacaq.
- Maraqlıdır, Azərbaycan ərazisində heykəlciklər qoyan rus sülhməramlılarına şəxsi münasibətiniz necədir, köhnə hərəkatçı, 90-larda rus-sovet ordusunun Azərbaycanda törətdiklərinə şahidlik etmiş ziyalı, siyasətçi olaraq? Bu mənada Əbüldəz Elçibəy yanaşması sizin üçün aktualdırmı?
- Qarabağdakı heykəlciklər bizləri çox da narahat etməsin. İmperialist məqsədlə qoyulan nəhəng heykəlləri Bakıdan, Gəncədən illər öncə necə təmizlədiksə, Qarabağdan da təmizləyəcəyik. Sərhədlərin tənzimlənməsi və Zəngəzur dəhlizinin açılmasından sonra daha güclü şəkildə Qarabağın qalan hissəsinə dönəcəyik. Hansısa prosesi köhnə hərəkatçı kimi deyil, dövlətin və millətin taleyinə məsuliyyət daşıyan realist bir siyasətçi kimi təhlil edirəm. Tarix təcrübədir, ancaq bu günün resepti ola bilməz. Bu gün biz fərqli təcrübəyə və fərqli ağıla sahibik, əks halda, Qarabağ məsələsində bu qədər uğurlu məsafə qət edə bilməzdik. Ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqilliyi və iqtisadi imkanları da məhdud idi. Mərhum liderimiz Əbülfəz Elçibəyin hadisələrə münasibətinə də dinamik aspektdə baxılmalıdır. O, Rusiya qoşunlarının ölkədən çıxarılmasında nə qədər haqlı idisə, 1998-ci ildəki çıxışlarında “Bu dövrdə Rusiya imperiyasının zərbəsi altında qalmaqdan yayınmalıyıq” deyəndə də o qədər haqlı idi. Siyasət millətin taleyidirsə, öz görüşlərini də millətin taleyi ilə faydalı olan istiqamətdə tənzimləməlisən. İndi əslində biz bunu sözdə deyil, işdə gerçəkləşdiririk. Hətta Rusiyanın bəlli bir səviyyədə neytrallaşmasını da təmin edə bilmişik. Prezident İlham Əliyevin ən böyük uğurlarından biri məhz budur. İndi əsas hədəfimiz Ruzveltin təbirincə desək, savaşı qazandığımız kimi, sülhü də qazanmağı bacarmaqdır. Günün gərginliyi də məhz bu hədəfimizi gerçəkləşdirməyə əngəl olmaq məqsədi ilə yaradılır.
- Türk Dövlətlər Birliyinin yaradılmasından sonra Qarabağda və Ermənistanla sərhəddə baş qaldıran gərginliklər hara qədər davam edə bilər? Düşmən və havadarlarının məqsədi nədir, Türk dəhlizinin – Zəngəzurun açılmasını əngəlləməkmi?
- Burada məğlub olmuş bir dövlətin son çırpıntılarını anlayaraq davranmaq lazım. Biz tələsən tərəf olmasaq da, tələsdirən tərəfik. Addım-addım güclənən mövcudluğumuz Ermənistanı tələsdirir və nəticədə ard-arda yanlışlara yol verirlər. Bəyanatı imzalayıblar, bu, o deməkdir ki, quyruqları əlimizdədir. Bu ölkədə məğlub bir komandanın bizim gözlədiyimiz cəsur qeyri-populist qərarı verməsi intihara bərabər bir davranış olardı. Bu qərar həm də birbaşa kəllə aparacaq qərar olacaq. Son ehtiyatları da tükənməyincə dirəniş göstərməyə çalışacaqlar, ancaq sındırılmış iradə ilə toparlanmaq şansları olmayacaq. Nə istəyirdik, artıq bir il ərzində gəlib sərhəddə möhkəmlənmişik, möhkəmləndikcə də bizə aid olan hər şeyi geri qaytarırıq, indi bunu bir günə “Ələddinin sehirli çırağı”ndan çıxan cinin edəcəyinə inananların arzusunu gerçəkləşdirmək mümkün deyil. Ancaq proses Türk dəhlizinin açılmasına doğru gedir. Açılacaq da! Türk Dövlətləri Birliyi yeni formata keçdi və sıralarına hamını qatdı. Bu, birinci növbədə Azərbaycanın Qarabağda qələbəsinin yaratdığı reallıq idi. İndi basqımız daha mobil şəkildə və daha təsirli olacaq.
- Fazil bəy, necə hesab edirsiniz, tarixi fürsətdən yararlana, Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən ərazilərimizi geri qaytara bilərikmi, kompensasiya əvəzinə, yaxud elə zor gücünə? Yoxsa bu, real görünmür?
- Burada hansı hədəfimizə nə zaman dəqiq yetişəcəyimizi söyləməklə sözümün ciddiliyini şübhə altına qoymaq istəmirdim. Bu proses bizi mütləq ora aparır: Zəngəzura, Türk dəhlizinə, Naxçıvana. İlham Əliyevin komandanlığı altında Azərbaycan əsgəri edilməsi mümkün olandan qat-qat artığını edə bildi. İllər öncə biz Qarabağı necə azad edəcəyimizin siyasi, hərbi, diplomatik yollarını axtarırdıq, yalnız ötən il bu yolu tapa bildik. İndi də biz Azərbaycanın Ermənistanla dövlət sərhəddində oturub, Zəngəzurun azad edilməsinin siyasi, diplomatık və ən sonda da hərbi yolunun axtarışındayıq. 10 noyabr bəyanatı ilə buna hüquqi zəmin yaratmışıq, düşmənin boynuna öhdəlik qoya bilmişik. Paşinyanın son sərsəmləmələrini daxili təzyiqi yumşaltmaq niyyətindən doğan çarəsizlik kimi anlamaq lazımdır. Paşinyan Qarabağı da vermək istəmirdi, nə oldu? Hamısı mümkünsüz görünən məsələlər idi, necə ki, gerçəkləşdi, eləcə də bu dəhlizin açılışı da yaxın zamanlarda gerçəkləşəcək. Bəs hansı yolla? Öncə diplomatik yumruqla. Alınmasa, yenə də “ağa durur, ağacan durur”. Dəmir yumruğa Allah bərəkət versin!
- Sizcə, Ermənistanla hansısa razılaşma Soçidə əldə olunacaq, yoxsa Brüsseldə?
- Heç birində. Bunların hər ikisi fərqli siyasi nüfuz dairəsində razılaşmaya hazırlıq mərhələləri kimi anlaşılmalıdır. Azərbaycan bu görüşlərə əlində 11 noyabrda imzalanmış hazır bəyanatla gedir, Ermənistan isə bomboş inadla və ya məzlumluq ritorikası ilə. Bəyanatın icrasından imtina yenidən savaşa dəvətdir, Laçın dəhlizinin və Rusiya sülhməramlılarının mövcudluğunun mübahisələndirilməsidir. Ermənistanın hansısa yeni təxribatları bizim üçün gözlədiyimizdən də faydalı fürsətlər yarada bilər. Hər iki variantda Azərbaycanın prosesi uduşla aparmaq imkanı böyükdür.
- Fazil bəy, bir dəfə feysbuk statuslarınızın birində Zorgenin Bakıdakı heykəli ilə bağlı qeydlərinizi oxudum. Hesab edirəm ki, baxışınızda tamamilə haqlısınız. Azərbaycanı xilas edən bir qəhrəmana - Nuru Paşaya abidə qoyulması nədən bu qədər müzakirə predmetinə çevrilməlidir, özü də belə həssas məqamda, Türkiyə-Azərbaycan qardaşlığının həm Qarabağ sınağından çıxdığı, həm Türkiyədəki dəhşətli yanğınlarla birgə mücadilə aparıldığı dönəmdə niyə həlli vacib məsələyə nöqtə qoyulmur?
- Diqqət yetirin, 2018-ci il 15 sentyabrda Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən qardaşlıq paradında ölkə prezidenti 4 dəfə Nuri Paşanın adını çəkdi və xidmətlərini vurğuladı. Demək ki, bu siyasi iradə ilə bağlı məsələ deyil. Orta səviyyəli səlahiyyətlilər bu işə bacardıqları qədər mane ola bildilər və Nuri Paşanın adını unutdurmağa çalışdılar. Halbuki Türkiyə-Azərbaycan qardaşılığının simvolu olaraq iki şəxsiyyətin üzərində xüsusi olaraq dayanmaq lazımdır. Bunlardan birincisi Əhməd bəy Ağaoğludur. Yeri gəlmişkən o, Nuri Paşanın siyasi müşaviri olmuşdur. Azərbaycan tarixinin ən böyük mütəfəkkirlərindən biridir. Yeganə şəxsdir ki, həm Osmanlı dövlətinin, həm Azərbaycan, həm də Türkiyə Cumhuriyyəti parlamentlərinin üzvü olmuşdur. Diqqət yetirin, onun doğulduğu, yetişdiyi məkan da Şuşadır, dədə-baba evi də oradadır, ancaq nədənsə Şuşa üzərindən də onun adını qabartmağı unuduruq. İkinci böyük şəxsiyyət isə Nuri Paşadır. Ona bizim millət olaraq bir namus borcumuz var, söhbət onun xatirəsini əbədiləşdirməkdən getmir, öz namus borcumuzu yerinə yetirməkdən gedir. Mart soyqırımından sonra zəlil, pərişan bir gündə olan bir milləti 15 sentyabrda yenidən başını qürurla qaldıran bir millətə çevirən bir şəxsiyyətdir Nuri Paşa. Ona görə də bu məsələdə israr edirəm və bundan sonra da Zorgenin gözlərini sevənlərin qulaqları deşilsin deyə, bu təklifləri dönə-dönə təkrarlayacağam.
- 44 günlük Vətən müharibəsində Ermənistan üzərində tarixi qələbəmizin birinci ildönümü geridə qaldı. Diplomatik-təbliğat cəbhəsində isə müharibə bitməyib, davam edir. Çünki hərbi zəfərimizi geridönməz şəkildə hələ tam maddiləşdirməmişik. Ermənistana qarşı açacağımız təzminat davası sözsüz ki, təbliğat-informasiya sahəsində işimizə mühüm töhfə ola, həmçinin erməni lobbisi də möhkəm bir şapalaq ala bilər. Bəs təzminat davası ilə bağlı vəziyyət nə yerdədir, sizcə, bu məsələdə gecikmirik ki? İkili standartlı dünyanın məhkəməsi Ermənistana qarşı təzminat qərarı verməyə bilərmi?
- Təzminatla bağlı məsələlər dövlətin gündəmindədir və bu istiqamətdə ciddi işlər gedir. Burada hər bir detalın dəqiq araşdırılması və əsaslandırılması vacibdir ki, müvafiq hüquq instansiyalarında əks arqumentlərlə qarşılaşmayaq. Ən vacib məsələlərdən biri də faktaraşdırıcı missiyada nüfuzlu neytral subyektlərin yer alması və rəy bildirməsidir. Bu sənədlərin daha obyektiv olaraq görülməsi üçün zəruridir. Burada gecikmədən söhbət getmir, sənədi hazırlamanın məsuliyyətindən gedir. Burada vaxtı tezləşdirməklə sənədin mötəbərliyinə xələl gətirmək olmaz. Təzminat davası Ermənistanın ilk öncə hüquq müstəvisində işğalçılığa görə problem yaşamasına, ikinci isə təbliğat sferasında mövqe itirməsinə təsir göstərəcək. Bütün hallarda təzminat tələbini daha ciddi şəkildə gündəmə gətirməli və ona hüquqi qiymət verilməsini təmin etməliyik. Beynəlxalq hüquq institutlarının hansısa qərar verməsini indidən proqnozlaşdırmaq çətindir, sadəcə bir məqamı anlamalıyıq ki, biz burada heç nə itirmirik. Ədalətsizlik olsa belə, məsələni gündəmə gətirmək və müzakirə formatında saxlamaq bizim üçün siyasi cəhətdən faydalıdır. İnanıram ki, əsaslı sənəd təqdim etsək, Ermənistanı məhkum etmək mümkündür.
Elşad Paşasoy,