azia.az
azia.az

Qəza yerini tərk edən sürücünü hansı məsuliyyət gözləyir?

Dünən, 23:51

Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücüləri ən çox düşündürən məsələlərdən biri də qəza yerini tərk etməyin hansı hüquqi nəticələrə səbəb olmasıdır. Xüsusilə də hadisə zamanı xəsarət alan olmadıqda, bəzi sürücülər məsuliyyət daşımadıqlarını düşünərək ərazidən uzaqlaşırlar. Lakin qanunvericilik bu məsələyə konkret yanaşma müəyyən edir.

Mövzu ilə bağlı Oxu24.com saytına danışan vəkil Şirəli Pirəliyev bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücünün hadisə yerini özbaşına tərk etməsi inzibati məsuliyyət yarada bilər.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət nəərdə tutulub.

“Qanunvericiliyə əsasən, sürücü qəza törətdikdən sonra hadisə yerini tərk etdikdə inzibati məsuliyyət daşıyır. Bu halda həmin şəxs barəsində 100 manat məbləğində cərimə tətbiq edilir və sürücülük vəsiqəsinə 4 cərimə balı əlavə olunur”, – deyə Şirəli Pirəliyev bildirib.

Hüquqşünas qeyd edib ki, bu qaydanın müəyyən istisnaları da mövcuddur. Belə ki, qəza nəticəsində zərərçəkən şəxsin həyatı və sağlamlığı təhlükə altında olarsa, ona təcili yardım göstərilməsi məqsədilə sürücünün hadisə yerindən uzaqlaşması qanun pozuntusu hesab edilmir.

“Əgər sürücü xəsarət alan şəxsi xəstəxanaya çatdırmaq, təcili tibbi yardım çağırmaq və ya digər zəruri yardım göstərmək məqsədilə hadisə yerini tərk edibsə, bu halda ona qarşı cərimə və ya cərimə balı tətbiq edilmir. Burada əsas şərt həmin hərəkətin zərərçəkmişə kömək məqsədi daşımasıdır”, – vəkil vurğulayıb.

Şirəli Pirəliyev bildirib ki, bəzi hallarda isə sürücülər arasında qəzanın başvermə səbəbi ilə bağlı heç bir mübahisə olmur və hadisə nəticəsində heç kəs xəsarət almır. Belə vəziyyətlərdə tərəflər qanunvericiliyin müəyyən etdiyi prosedurlara uyğun hərəkət etməlidirlər.

Onun sözlərinə görə, hadisənin baş verməsində təqsirli şəxsin kim olduğu barədə tərəflər arasında mübahisə yoxdursa və qəza nəticəsində insan sağlamlığına zərər dəyməyibsə, bu hallar ayrıca qiymətləndirilir. Lakin buna baxmayaraq, sürücülər hadisə yerini özbaşına tərk etməzdən əvvəl bütün hüquqi prosedurlara əməl etməlidirlər.

Vəkil sürücülərə tövsiyə edib ki, qəza baş verdiyi halda ilk növbədə avtomobili saxlasınlar, təhlükəsizlik tədbirləri görsünlər, aidiyyəti qurumlara məlumat versinlər və hadisə rəsmiləşdirilənədək ərazini tərk etməsinlər.

“Bəzən sürücülər düşünürlər ki, xırda qəza olduğu üçün hadisə yerindən uzaqlaşa bilərlər. Lakin sonradan bu, onların inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olur. Ona görə də hər bir sürücü yol-nəqliyyat hadisəsi zamanı qanunvericiliyin tələblərinə uyğun davranmalıdır”, – deyə Şirəli Pirəliyev əlavə edib.

Hüquqşünasın sözlərinə görə, yol hərəkəti iştirakçıları bilməlidirlər ki, qəza yerinin tərk edilməsi bəzi hallarda əlavə hüquqi problemlər yarada və sürücünün mövqeyini zəiflədə bilər. Buna görə də belə vəziyyətlərdə qanunun tələblərinə əməl etmək və hadisəni rəsmi qaydada sənədləşdirmək ən doğru addım hesab olunur.

Hazırladı: Miri Məcidli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi