
Qərbi Azərbaycanın qədim yurdlarından biri olan Vedi torpağı tarix boyu elmə, maarifə, vətənpərvərliyə və milli-mənəvi dəyərlərə bağlı insanları ilə tanınıb. Bu gün də Vedinin yetişdirdiyi gənclər müxtəlif sahələrdə əldə etdikləri uğurlarla Azərbaycanın ictimai-siyasi, elmi, təhsil, tibb və media həyatında layiqincə təmsil olunurlar.
Vətəninə, dövlətinə və xalqına xidmət etməyi həyat amalı seçən vedili gənclərin uğurları həm Qərbi Azərbaycan icması, həm də bütövlükdə Azərbaycan cəmiyyəti üçün qürur mənbəyidir.
Oxu24com-un araşdırmasına görə, bu gün Vedinin yetişdirdiyi uğurlu gənclər sırasında deputat Pərvanə Vəliyeva, diplomat Vüsal Hümbətzadə, otorinolarinqoloq Dilşad Şadlinskaya, jurnalist Dəryanur Cəfərova və müəllim Günay Musayeva xüsusi yer tutur.
Pərvanə Vəliyeva – Gənc deputat və ictimai xadim
Pərvanə Vəliyevanın valideynləri 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonundan deportasiya edilərək Bakı şəhərində məskunlaşıblar. O, 18 yanvar 1990-cı ildə Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. Atası Kiçik Vedi, anası isə Xalisa kəndindəndir.
Pərvanə Vəliyevanın babası Xalisa kəndinin tanınmış ziyalılarından olan Muxtarov Təvəkkül Qəhrəman oğludur. Ailəsi Qərbi Azərbaycanın işğalından sonra doğma yurdlarını tərk etməyə məcbur olub.
O, orta təhsilini əvvəlcə Sabunçu rayonundakı 96 nömrəli məktəbdə, daha sonra isə 271 nömrəli tam orta məktəbdə alıb. Məktəbi əla qiymətlərlə başa vuran Pərvanə Vəliyeva 2007-ci ildə ali məktəblərə qəbul imtahanında 667,5 bal toplayaraq ölkə üzrə ən yüksək nəticə göstərən ilk 30 abituriyent sırasında yer alıb. Yüksək nəticəsinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
2007-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alaraq Menecment – Mühəndis İqtisadiyyatı və İdarəetməsi ixtisasına yiyələnib.
2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində istehsalat təcrübəsi keçib. 2016-cı ildən "Sağlamlığa Xidmət" İctimai Birliyində müxtəlif layihələrin rəhbəri, 2020-2024-cü illərdə isə təşkilatın icraçı direktoru vəzifəsində çalışıb.
2017-2020-ci illərdə rəhbərlik etdiyi layihələr Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən region və dünya ölkələri arasında "Ən yaxşı layihə" nominasiyasına layiq görülüb.
2019-cu ildə İcbari Tibbi Sığorta ilə bağlı maarifləndirmə layihəsinə rəhbərlik edib. 2020-2024-cü illərdə BMT, ATƏT, ÜST və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsi qazanıb.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2024-cü il tarixli sərəncamı ilə COP29 Təşkilat Komitəsinin üzvü təyin olunub.
2024-cü ilin mart ayında BMT-nin Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının 55-ci sessiyasında iştirak edərək Qərbi azərbaycanlıların qayıdış hüququ ilə bağlı çıxışlar edib.
2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi 35 saylı Xətai üçüncü seçki dairəsindən VII çağırış Milli Məclisin deputatı seçilib. Həmçinin Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunub.
Dilşad Şadlinskaya – Tibb sahəsində uğurlu vedili gənc
Əslən Böyük Vedi kəndindən olan Op. Dr. Dilşad Şadlinskaya Azərbaycanın tanınmış otorinolarinqoloqlarından biridir.
O, Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib və sonrakı illərdə Türkiyə, Estoniya və digər ölkələrdə keçirilən beynəlxalq kurs və təlim proqramlarında iştirak edib.
Qulaq-burun-boğaz cərrahiyyəsi, foniatriya və səs terapiyası sahəsində ixtisaslaşan həkim hazırda Bakı şəhərində fəaliyyət göstərir və yüzlərlə pasiyentin sağlamlığının bərpasına töhfə verir.
Günay Musayeva – Qarabağda çalışan fədakar müəllim
Vedi rayonunun Çimən kəndindən olan Günay Musayeva müəllimlik peşəsini həyat missiyası hesab edən gənclərdəndir.
O, Bərdə rayonunda rəhbər vəzifədə çalışmaq imkanından imtina edərək Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyan Xankəndi şəhərində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməyi seçib.
Bu seçim onun dövlətə, təhsilə və gələcək nəslin yetişdirilməsinə olan yüksək məsuliyyət hissinin göstəricisi hesab olunur.
Rəna Qəfərova - Uğurlu gənc sahibkar
1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında maliyyə ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində MBA üzrə magistr, Azərbaycan Kooperasiya Universitetində isə doktorantura üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2007-ci ildə başlayıb və hazırda "KARVAN L" MMC-nin Baş İcraçı direktoru vəzifəsində çalışır.
Rəna Qəfərova Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Aqrar və Sənaye Komissiyasının rəhbəri, həmçinin “Africa–Azerbaijan Cooperation” təşkilatının təsisçisidir. Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının Azərbaycandan seçilən 5 üzvündən biri kimi beynəlxalq iqtisadi əməkdaşlığın inkişafında fəal iştirak edir.
Sahibkarlığın inkişafı, qadın sahibkarların dəstəklənməsi və “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə müxtəlif mükafatlara layiq görülüb. 2026-cı ildə isə sahibkarlıq sahəsində əldə etdiyi uğurlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 aprel 2026-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Dəryanur Cəfərova – Azərbaycan mediasının gənc simalarından biri
Əslən Böyük Vedidən olan Dəryanur Cəfərova Nəriman Nərimanov adına 9 nömrəli məktəbi bitirib. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.
Hazırda APA İnformasiya Agentliyinin Türkiyə üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərən gənc jurnalist beynəlxalq media mühitində Azərbaycan jurnalistikasını uğurla təmsil edir.
Onun hazırladığı reportajlar və analitik materiallar ictimaiyyət tərəfindən maraqla izlənilir.
Vüsal Hümbətzadə – Yeni nəslin perspektivli diplomatı
2003-cü ildə anadan olan Vüsal Hümbətzadə əslən Qərbi Azərbaycanın Böyük Vedi kəndindəndir.
Erkən yaşlarından beynəlxalq münasibətlərə və diplomatiyaya böyük maraq göstərən Vüsal Hümbətzadə təhsil və şəxsi inkişaf sahəsində əldə etdiyi nailiyyətlərlə seçilən gənclər sırasındadır.
Gənc diplomat beynəlxalq platformalarda Azərbaycanı layiqincə təmsil etmək istiqamətində fəaliyyət göstərir və gələcəyin perspektivli diplomatlarından biri hesab olunur.
Vedinin gəncləri gələcəyin uğur hekayələrini yazırlar
Qərbi Azərbaycanın Vedi mahalından çıxan bu gənclər öz bilikləri, zəhmətləri və vətən sevgiləri ilə Azərbaycan cəmiyyətində mühüm yer tuturlar. Onların əldə etdikləri uğurlar bir daha göstərir ki, Vedinin ziyalı və vətənpərvər ruhu bu gün də yaşayır və yeni nəsillər vasitəsilə davam etdirilir.
Vedili gənclərin nailiyyətləri həm doğma yurdlarına bağlılığın, həm də Azərbaycan dövlətinə xidmət nümunəsinin bariz göstəricisidir.
Vüsal (Qarabağlı) Bəşirzadə