“Balasanyan başa düşür ki, ya ordan qaçmalıdır, ya da təslim olmalıdır” - Tofiq Zülfüqarov
Sabiq XİN rəhbəri: “Laçın dəhlizi Ermənistanla danışıq mövzusu olmamalıdır, çünki burada söhbət Azərbaycanın suveren hüquqlarından gedir”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağdakı terrorçu rejimin son oyunbazlıqları, ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyannamənin yerinə yetirilmə vəziyyəti, perspektiv gözləntilərlə bağlı Musavat.com-un suallarını cavablandırıb. Kifayət qədər ciddi təhlillərin yer aldığı müsahibəni təqdim edirik:
- Tofiq bəy, Qarabağdakı terrorçu rejim bir müddət öncə “Xankəndinin rus icması” ətrafında manipulyasiyalar etdi. Ardınca rus dilinin “rəsmi dövlət dili” olduğu barədə qondarma “parlament”in “qərarı” tirajlandı. Rusiyayönümlü reveranslar sülhməramlıların “ürəyi”nə girməyə hesablanıb, yoxsa daha irəligedən planlar, iddialar var?
- Gəlin belə danışaq. Biz gördük ki, “miatsum” - birləşmə layihəsi tam şəkildə darmadağın olundu. Təkcə Azərbaycan ordusunun zərbələri nəticəsində yox. Ermənilərin bir-birinə qarşı olması və cəmiyyət olaraq bölünməsi göz qabağındadır. Sosial şəbəkələrdə yazırlar ki, İrəvanda taksi sürücüsü xanımları maşına otuzdurub, ancaq eşidəndə ki, bunlar Qarabağ ermənilərinin ləhcəsi ilə danışırlar, avtomobili saxlayıb, onları maşından rədd edib. Yəni “teatr meydanı”na baxsaq, görəcəyik ki, bunun da təzahürü var. Yəni Ermənistan erməniləri Qarabağ klanına qarşıdır, cəmiyyətdə bu və ya digər şəkildə gərginlik mövcuddur. Bu parçalanma baş verib. Bəlkə də ermənilərin bu parçalanmanı yaratmaqda məqsədi ondan ibarətdir ki, desinlər Ermənistan Paşinyanın rəhbərliyi altında Qərbə gedir, amma biz ruspərəstik. Yəni onlar bu oyunu oynamaqdadır. Guya orada hansısa rusmeyilli əhali var və onlar rus dilini, rus icmasını təbliğ edirlər. Bu, ermənilərin bir oyunudur. Amma şəxsən mən inanmıram ki, bu sayda olan əhali hansısa müstəqil oyuna malik olacaq. Rəqəmlərə qayıdaq: müharibədən qabaq cənab prezident dedi ki, orda 60 minə yaxın adam yaşayıb. Sonra BMT qurumu tərəfindən bəyan olundu ki, Qarabağa cəmisi 25 min nəfər qayıdıb. Ermənilər nə deyirlər, desinlər, oraya orta hesabla 30-35 min adamın qayıtdığını demək olar. Həm ruslar rəqəmləri artırırdılar, həm də ermənilər. BMT-nin açıqladığı rəqəm çoxları üçün gözlənilməz oldu. Biz də başa düşürük ki, monitorinq missiyası real rəqəmləri istənilən vaxt ortaya çıxara bilər, burada heç bir problem yoxdur. Fakt budur ki, Qarabağda iki “pasılka”lıq millət qalıb. Bununla nə dövlət, nə hansısa qurum yaratmaq qeyri-mümkündür. Ermənistan ordusu çıxandan sonra ikinci bir proses başlamalıdır, orda olan qeyri-qanuni hərbi birləşmələr tərksilah olunub buraxılması reallaşdırılmalıdır, onları əvəz edən, müvəqqəti olaraq üç hissədən ibarət təhlükəsizlik qurumu yaradılmalıdır: sülhməramlılar, Azərbaycan polisi və təhlükəsizlik kommersiya şirkətinin ermənilərdən ibarət olan, amma Azərbaycan maliyyəsi hesabına qurum yaradılmalıdır ki, onlar üçtərəfli təhlükəsizlik xidmətini aparsınlar. Vəssalam, məsələ bununla bitəcək. Balasanyanın “ordusu” da, digər qeyri-qanuni silah saxlayan cinayətkarlar da bu bölgədən təmizlənib, rədd olunmalıdır. Prosesin mənası bundan ibarətdir.
“Konflikt menecment” deyilən bir termin var, yəni konfliktlə idarəetmə. Təbii ki, onun əsaslarını saxlamaq istəyərdilər. Bunların siyasəti məhz bununla izah olunur. Yəni idarə etmək üçün hansısa konflikt situasiyası qalmalıdır. Bu konflikt situasiyasının qalmasına isə rəqəmlər imkan vermir. Əgər orda cəmi 25 min nəfər qalıbsa, istər-istəməz bunu gətirib o səviyyəyə çıxartmaq olmaz.
- Yəni hesab edirsiniz ki, “dirijor çubuğu” Rusiyanın əlindədir?
- Təbii. Əslinə qalsa, biz başa düşməliyik ki, onlar üçün Qarabağın kimdə olması heç bir əhəmiyyət kəsb etmir. Sadəcə bu münaqişə bir vasitə, siyasi rıçaqdır ki, bununla idarə olunurlar. Əslinə Ukraynada Krım məsələsində də eyni təzyiq vasitəsindən istifadə olunur. Bununla da böyük səhv edirlər. Konflikti idarə etmək baxımından bizdə də tətbiq olunub. Amma indi konflikt zonası, münaqişəyə məruz qalan əhalinin sayı qat-qat azalıb.
- Necə bilirsiniz, Qarabağdakı terrorçu rejimin hansısa planlarına rəsmi Bakının sərt təpkisi dərhal olmalıdırmı?
- Mən bunun tərəfdarıyam ki, Qarabağ ermənilərinin hansısa “qərar”larını lağa qoymaq lazımdır.
- Üçtərəfli bəyannaməyə əsasən, kommunikasiyaların açılması ilə bağlı məsələlər çox uzandı. Üstəlik, Ermənistan daxilindəki gərginliklər üçtərəfli anlaşmanın reallaşmasına əngəl olub. Xüsusilə də Zəngəzur dəhlizinin açılmasına erməni tərəfin müqaviməti var. Belə görünür ki, qarşı tərəf bu dəfə də kommunikasiyalar məsələsində status-kvonun saxlanmasında maraqlıdır. Hazırki situasiya nədənxəbər verir? Yaxın günlərdə ciddi bir yeniliyin şahidi ola biləcəyikmi, yoxsa Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkilərinədək məsələni dondurulmuş halda saxlamağa cəhd edəcəklər?
“Dövlət sərhədində hansısa açıq qapı saxlamaq təbii ki, Azərbaycanın suveren hüquqlarına tam zidd məsələdir və bu, həll olunmalıdır”
- Birincisi, mən real vəziyyətlə əlaqədar, vaxtın uzanmasına görə məsələnin siyasi tərəfini görürəm. Zəngəzur dəhlizinin açılmasını deyəndə, dəmir yolunun bərpası nəzərdə tutulur. Çünki o yol yoxdur və bərpasına ən azı 2 il lazımdır. Bəzi hissələri təzədən tikilməlidir. Ermənistandan keçən 42 km-lik hissə tam sökülüb. Bu, mühəndis, icra baxımından ən azı iki ilə hesablanmış bir layihədir. Amma ermənilərin məsələni bu şəkildə qoyması daha çox siyasi xarakterlidir. Yəni kommunikasiyaların bərpası istəyi bəllidir, onlar da maraqlıdırlar, bəzi məqamlarda biz də maraqlıyıq. Çünki digər istiqamətlərdən geçən dəmir yollarının açılması daha tez həyata keçirilə bilər. Şimalda olan, Gürcüstana gedən, Naxçıvana digər tərəfdən gələn dəmir yolu və sair. Bu məsələ də danışıqlar mövzusu olmalıdır. Müharibə bitdikdən sonra kommunikasiyaların normallaşması ilə bağlı cəmiyyətin mövqeyi və dövlətin rəsmi siyasəti mövcuddur. Deməli, bu, baş verəsi məsələdir. Amma həm Azərbaycan tərəf digər mövzuları da bununla bağlaya bilər, həm də erməni tərəf. Bu, normal danışıqlar yolu ilə həll olunan məsələdir. Məsələn, qarşıdakı iki il ərzində Mehri dəhlizi işlək vəziyyətə salınacaq. Bəlkə də bundan tez digər yollarla Naxçıvanacan yüklərin tranziti baş verə bilər. Qarşılıqlı olaraq Azərbaycan da hansısa yüklərin tranzitini Ermənistan üçün reallaşdıra bilər, Rusiya və digər istiqamətlərə. İndiki mərhələdə Ermənistan-Azərbaycan əlaqələri məhz bu mövzuların həlli ilə xarakterizə oluna bilər. Yəni biz postkonflikt dövrünü yaşayırıq və münaqişədən qalan problemlərin həlli ardıcıl şəkildə baş verəcək. Əsas məsələ ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüzünün nəticələri tam şəkildə aradan qaldırılmalıdır. Yəni beynəlxalq sərhədlər bərpa olunmalıdır və Azərbaycanın ərazisində heç bir Ermənistan vətəndaşı hərbi xidmət, ya başqa hansısa əməliyyat apara bilməz.
- Əksər ekspertləri, həm də cəmiyyəti narahat edən Laçın dəhlizidir. Ümumi fikir bundan ibarətdir ki, əsas təhlükə bu dəhlizdən gəlir. Dəhliz qapısına nəzarət etmək imkanımız nə zaman yarana bilər?
- Ermənistan vətəndaşı yalnız Azərbaycanın icazəsi ilə bizim əraziyə daxil ola bilər. Bu halda Laçın dəhlizinə nəzarət də gündəmdə olacaq. Hesab edirəm ki, məsələ yaxın müddətdə həll olunmalıdır. Mən sizinlə razıyam. Hər halda bu, anormal vəziyyətdir. Təbii ki, istər-istəməz onların da maraqlarını, istəklərini nəzərə almalıyıq. Danışıqlar belə olur, həm onların hansısa istəkləri var, həm də bizim. Yəni artıq müharibə dövrü keçib, indi isə danışıqlar yolu ilə bu məsələ həll olunmalıdır. Elə məsələlər var ki, orda danışıqlarsız qaydalar olmalıdır. Laçın dəhlizi Ermənistanla danışıq mövzusu olmamalıdır, çünki burada söhbət Azərbaycanın suveren hüquqlarından gedir. Yaxşı, ilkin mərhələdə, qısa postkonflikt müddətində orda müştərək nəzarət ola bilər: sülhməramlılarla Azərbaycan dövlət qurumları hansısa nəzarəti həyata keçirə bilər. Amma müvəqqəti olaraq. Amma dövlət sərhədində hansısa açıq qapı saxlamaq təbii ki, Azərbaycanın suveren hüquqlarına tam zidd məsələdir və bu, həll olunmalıdır. Bu məsələnin həlli, eyni zamanda Ermənistanın Qarabağda hərbi qulluqçularının olmaması ilə bağlı bizim üçün təminat yaradacaq.
- Tofiq bəy, sizcə Xankəndidəki terrorçu rejimin başçılarından olan Vitali Balasanyanı kim danışdırır? “Peşəkar ordu”dan dəm vurur, hədələyir...
- Balasanyanı danışdıran qorxudur. Başa düşür ki, o cinayətkardır. Özü etiraf etdiyi kimi, azərbaycanlıları hələ 1989-cu ildə qətlə yetirib. Çünki o da, Qarabağda qalan ermənilər, ya separatçı, ya da Ermənistanın işğalçı administrasiyasının qalıqları və sair başa düşürlər ki, bu proses, yəni o bölgənin Azərbaycan dövlətinə reinteqrasiya qaçılmazdır. Bunun qarşısını almaq üçün müxtəlif bəyanatlar verirlər. Birincisi, biz bilirik ki, bundan qabaqkı vəziyyətləri ilə onlar heç nə edə bilmədilər, bundan sonra “ordu” yaradıb, hərbi baxımdan nə edəcəklər? Təbii ki, heç nə. İkincisi, onlar elə bir təəssürat yaradırlar ki, guya ki, rus sülhməramlılar onları müdafiə edəcəklər. Bu da yanlış fikirdir. Çünki sülhməramlı missiyasının mənası heç də bundan ibarət deyil. Bu baxımdan onların burada hərəkətə keçməsi, bəyanat verməsinin səbəbi budur. Başa düşür ki, ya ordan qaçmalıdır, ya da təslim olmalıdır. Çünki adi şəxslərdən fərqli olaraq, bu terrorçu hərəkatın fəal üzvüdür. Adi erməni qorxmaya bilər, amma Balasanyan yüz faiz bilir ki, məsuliyyətdən qaça bilməyəcək, gec-tez onun yaxasından tutub, məsuliyyətə cəlb edəcəklər.
Elşad Paşasoy,