azia.az
azia.az

Rəsmi Bakı Ermənistanın bu xahişini qəbul etməyəcək - ŞƏRH

28-01-2021, 01:34

Rəsmi Bakı Ermənistanın bu xahişini qəbul etməyəcək - ŞƏRH

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycandan icazə istəyib. Ermənistan mediasının iddiasına görə, Moskvanın vasitəçiliyi ilə bu istiqamətdə danışıqlar aparılır.

Bununla bağlı danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev icazənin mümkünlüyünü istisna etdiyini vurğulayıb. O qeyd edib ki, Qarabağda yaşayan erməni əhalinin Ermənistanla humanitar əlaqəsi üçün yalnız Laçın dəhlizi nəzərdə tutulub:

“Həmçinin, həmin bəyanatda deyilir ki, regionda bütün kommunikasiyalar açılmalıdır. Gələcəkdə müvafiq şərait yaradılsa, sadə əməkdaşlıq inkişaf etdirilsə, ermənilərin Azərbaycan dövlətinə reinteqrasiyası müvafiq templə həyata keçirilsə, digər yolların da açılması mümkün ola bilər. Lakin buna qədər söhbət yalnız Laçın dəhlizindən gedir. Məndə olan məlumata görə, digər hansısa yoldan istifadəyə icazə verilməsi Azərbaycan tərəfindən nəzərdən keçirilmir”.

BMTM sədri onu da diqqətə çatdırıb ki, hazırda vacib məsələlərdən biri Laçın dəhlizinə nəzarətdir:

“Laçın dəhlizi humanitar məqsədlər üçün yaradılsa da, onun üzərindən hərbi yüklər daşınır, erməni rəsmiləri, hətta üçüncü dövlətin vətəndaşları hərəkət edirlər. Bu məsələ həll edilmədən hər hansı yeni dəhlizin yaradılması real deyil. Fikrimcə, Ermənistanın Vardenis-Ağdərə yolundan istifadə ilə bağlı xahişi Azərbaycan tərəfindən qəbul olunmayacaq”.

Sülhməramlıların mandatı ilə bağlı müvafiq razılaşma olmamasına da toxunan F. Şəfiyev söyləyib ki, bununla bağlı danışıqlar davam edir:

“Müəyyən razılaşdırılmamış məsələlər qalıb. Üçtərəfli bəyanatın 4-cü maddəsinə görə, bütün erməni silahlı qüvvələri işğaldan azad olunmuş ərazilərdən çıxarılmalıdır. Bu hələ ki, baş verməyib. İkinci Laçın dəhlizinə nəzarət məsələsidir. Dəhlizin təyinatı üzrə istifadəsinə nəzarət vacibdir. Biz bu məsələləri Rusiya ilə həll etməliyik, Ermənistan müzakirədən kənarda qalır. Təbii ki, bu, diplomatik yolla həllini tapacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi