Azərbaycan – Avropa İttifaqı əlaqələrində YENİ MƏRHƏLƏ
“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi hadisədir”.
Bu fikirləri Hit.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, görüş zamanı verilən mesajlar tərəflərin artıq münasibətləri yalnız enerji əməkdaşlığı ilə məhdudlaşdırmadığını, siyasi dialoq, regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya xətləri və iqtisadi inteqrasiya istiqamətlərində də əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu təsdiqləyir:
“Avropa İttifaqının Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirməsi təsadüfi deyil. Son illər baş verən geosiyasi proseslər fonunda Azərbaycan özünü Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçılarından biri kimi təsdiqləyib. Xüsusilə 2022-ci ildən sonra Azərbaycan qazına artan tələbat ölkəmizin Avropa üçün strateji əhəmiyyətini daha da yüksəldib.
Bu gün enerji sahəsində qurulan tərəfdaşlıq artıq siyasi etimadın da möhkəmlənməsinə xidmət edir. Diqqətçəkən məqamlardan biri də Avropa Komissiyası Prezidentinin Prezident İlham Əliyevin sülh gündəliyini və liderlik rolunu yüksək qiymətləndirməsidir. Bu, Azərbaycanın regionda yeni reallıqlar formalaşdıran və dayanıqlı sülhün əldə olunmasına çalışan əsas aktor olduğunu Avropa səviyyəsində də təsdiqləyən mühüm siyasi mesajdır”.
Baş redaktor qeyd edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması, ticarət və tranzit imkanlarının müzakirə olunması Cənubi Qafqazın iqtisadi inteqrasiyası üçün yeni perspektivlər yaradır:
“Eyni zamanda, Azərbaycanın Orta Dəhliz üzrə oynadığı rol Avropa İttifaqı üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə Avropanı birləşdirən ən etibarlı marşrutlardan biri kimi Azərbaycanın logistik imkanları regionun geoiqtisadi əhəmiyyətini artırır və ölkəmizi qlobal ticarət zəncirinin vacib həlqəsinə çevirir”.

B. Quliyev onu da əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətləri qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirir:
“Keçmişdə bəzi Avropa institutlarının Azərbaycana qarşı qərəzli yanaşmaları münasibətlərdə müəyyən gərginlik yaratsa da, hazırkı təmaslar göstərir ki, praqmatik əməkdaşlıq və ortaq maraqlar siyasi fərqləri üstələməyə başlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivləri kifayət qədər müsbətdir.
Enerji, nəqliyyat, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın strateji ehtiyaclarına cavab verir. Bu baxımdan, Bakı ilə Brüssel arasında formalaşan yeni dialoq qarşıdakı dövrdə daha geniş əməkdaşlıq imkanları yaradacaq və regionda sabitliyin möhkəmlənməsinə də mühüm töhfə verəcək”.
Günel Cəlilova