azia.az
azia.az

Sahil Babayevin özünüifşa proqramı: nazirdən prezidentə 35 milyonluq yalanlar – Özəl

4-02-2019, 14:55

Sahil Babayevin özünüifşa proqramı: nazirdən prezidentə 35 milyonluq yalanlar – Özəl
Azia.az xəbər verir ki,Füzuli Ələkbərov, Səlim Müslümov və indi də Sahil Babayev sosial təminat sahəsində əliəyriliyə, rüşvə, çirkinliyə göz yummaqda davam etməkdədir.

Gənc nazirə həvalə edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son aylarda iki hadisə ilə özünü ifşa etdi: şəhid ailələrinin qan puluna görə süründürülməsi və özünüməşğulluq proqramının icrası çərçivəsində vətəndaşların aldadılması.

Birinci məsələ prezident qol qoyduqdan sonra həllini tapdı, indi nazirliyin əməkdaşları şəhid ailələrinin evlərinə qaça-qaça gedirlər, görəsən daha əvvəl niyə belə etmirdilər?

Özünüməşğulluq proqramına gəlincə, bu layihəni daha çox özünüifşa adlandırmaq olar. Çünki yenə də vətəndaşla prezidentin üzbəüz qoyulmasına rast gəlinir.

Nazir S.Babayev 35 milyonluq layihəni üzünə-gözünə bulaşdıraraq həyata keçirməkdədir ki, bu da ciddi narazılıqlarla öz əksini tapmaqdadır.

Axı bu gənc naziri nə vadar edir ki, belə qeyri-şəffaf işləsin? Nə üçün hələ ki haqqında pozitiv danışılan kənd təsərrüfatı naziri İnam Kərimov kimi ola bilmir?

Reportyor.info-nun araşdırmalarından hasil olan qənaət ondan ibarətdir ki, özünüməşğulluq proqramı ciddi maxinasiyalar, sosial güzəranın heç də yaxşılaşmaması ilə müşayiət edilməkdədir.

Bu layihədən istifadə edənlərin sosial yardımdan asılılığı azalmalıydı. Amma necə – qısır, xəstə, bala verməyən, qoca heyvanla? Bu cür hallar bir deyil, beş deyil, hər əyalətdən, hər kənddən şikayətlərin ardı-arası kəsilmək bilmir.

Belədə isə dövlətin 35 milyonu havaya sovrulub yoxsa çırpışdırılıb, bu bəlli deyil, fakt faktlığında qalır ki, layihə blefdir, vətəndaşların ünvanlı sosial yardımdan asılılığı qalmaqdadır. Bəs, dövlət başçısının nazirliyə etimad etdiyi 35 milyonun məsuliyyətini kim daşımalıdır?

Nazirliyin mətbuat katibi Fazil Talıblı israrla bəyan edir ki, əgər vətəndaşa xəstə, qısır heyvan verilibsə, imtina etmək hüququ var, amma guya ki etmirlər.

Bu da sizə belə imtina faktı – Yevlaxın Malbəyi kənd sakini Mahmudov Sərvər Mahir oğlu ona və bir neçə şəxsə xəstə heyvan verilməsindən şikayətçidir.

O, Yevlaxın məşğulluq mərkəzinə işsiz kimi qeydiyyata düşüb, özünüməşğulluq proqramına qoşulub, imtahanlardan uğurla keçib.

“01.01.2018-ci il Cənab Prezidentin qərarına uyğun olaraq 35.8 milyon özünüməşğulluq proqramlarına vəsait ayrıldı. Mənim biznes planımda 5000 manat dəyərində iki baş yanı balalı heyvan qeyd olunmuşdu.

Nazirliyin nümayəndəsi bizdən imtahan götürən zamanda təsdiqlədi ki, sizin öz seçiminizlə biznes plana uyğun olaraq 2 baş yanı balalı heyvan qeyd edilib.

Lakin 05.10.2018-ci ildə TIR-a doldurulmuş şəkildə mənə heyvan gətirdilər. Bu heyvanların dəyəri bazarda 400-500 manatdır. Bu heyvanlar xəstə, yararsız və balaları satılmış heyvanlar idi.

Sonradan öyrəndim ki, heyvanları bizə təqdim edənlər nazirliyin işçiləri deyillər. Onlar Bərdə rayonunda olan mal bazarındakı heyvan alverçiləri imiş. Onlar özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri kimi təqdim etmişdilər.

Bu heyvanların bağırsaqları pozulduğu üçün çölə qan gedirlər. Hətta bir neçə nəfərə verilən heyvanlar tələf olub. Balaları satıldığı üçün inək özü-özünü əmir.

Bununla bağlı aidiyyatı qurumlara müraciət etsək də, hələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi susaraq bu məsələyə münasibət bildirmir. Məndən əlavə 6 nəfər də şikayətçidir”.

Amma təkcə narazı olan Yevlaxın sözügedən kənd sakinləridmirmi? – Yox. Goranboyun Əlirzalı kənd sakini Ariz Dəmirov da eyin problemdən şikayətlənmişdi.

Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi.

Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadırlar və nazirdən kömək istəmişdi.

Oxşar problem Şəkidə də yaşanıb. Vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil.

Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək.

Reportyor.info-nun media araşdırmaları zamanı üzə çıxan növbəti fakta diqqət çəkirik: Astaranın Rüdəkənar kənd sakini Ellada İsmayılova özünəməşğulluq proqramına yoxsulluğa son qoyacağı ümidi ilə qoşulub. Ona iki baş inək verilib. O, son ümidinin də puça çıxdığını bildirib:

“Bu inəklərdən biri xəstədir. Əvvəl buna əhəmiyyət vermədik. Fikirləşdik ki, keçər. Bir aydır müalicə edirik.

Qulluq edirəm ki, özlərinə gəlsinlər. Gözləyirdik ki, artım olacaq. Test elədilər. Məlum oldu ki, inəklərin heç birisinin balası yoxdur. Bizi aldadıblar”.

Gədəbəy rayon Arıqıran kənd sakini Yaşar Vəliyev də ona sənədlərdə qeyd edilən kimi heyvanlar verilmədiyini iddia edir. Bildirir ki, sənədlərdə heyvanların qiymətləri də şişirdilib:

“Heyvanları bazara çıxarsaq 2500 manata satmaq qeyri-mümkündür. Mən heyvanları təqdim edən İlham adlı şəxsə iradımı bildirsəm də o sənədlərə qol çəkdirdi. Bildirdi ki, həmin bu heyvanlar sonradan dəyişdiriləcək.

Amma sözünü tutmadı. İndi şikayətimə baxan da yoxdur. Bu inəklərlə heç bir iş qurmaq olmaz. Aidiyyatı qurumlardan mənə köməklik edilməsini xahiş edirəm”.

Ağdamda 180 nəfər özünəməşğulluq proqramına cəlb edilib. Müsibət bundan sonra başlayıb. Nazirliyin keçirdiyi tenderdə qalib olmuş və adı bəlli olmayan S.Babayevə yaxın şirkət həmin ailələrə qoyun-inək paylamalıdır.

Bunun üçün nazirlik tərəfindən şirkətə hər ailə üçün 5000 manat ayrılır. Ki, proqram çərçivəsində sosial yardımdansa bu mal-heyvanı saxlamaqla öz şəraitlərini yaxşılaşdırsınlar.

Lakin Ağdam Məşğulluq Mərkəzi direktoru Elşən Rüstəmov layihəyə cəlb olunmuş həmin ailələrin əksəriyyətindən 1000 manat alaraq heyvanları təhvil verib.

Çox keçməyib ki, işin üstü açılıb. Əvvəla aydın olub ki, verilən inəklər qoca, südsüzdür, balalamırlar. İkincisi, E.Rüstəmovun vətəndaşlardan pul alaraq həmin şirkətlə əlbir olub nazirliyin ayırdığı vəsaiti mənimsədiyi ortaya çıxıb.

Bundan sonra layihəyə cəlb edilən ailələr Prezident Administrasiyasına, Baş Prokurorluğa məktublar yazmağa başlayıblar. Məsələ daha da böyüyüb və nazirliyə çatıb.

S.Babayev özünəməşğulluq proqramı çərçivəsində ona yaxın şirkətlə yerli Məşğulluq Mərkəzi direktoru E.Rüstəmovun əməllərini ört-basdır etmək üçün kollegial iclas keçirib.

Lakin həmin ailələrin müraciətləri səngimək bilməyib, yuxarıdan nazir S.Babayevə bu məktublar yönəldilib. Təkrar iclas keçirməyə məcbur qalan nazir bu dəfə E.Rüstəmovu ayağa qaldırıb, iradlarını bildirib.

Həmçinin, Laçın, Gədəbəy və digər bölgələrdə nazirliyin qısır heyvan layihəsi faş edilib. Məmməd Musayevin oğlu, ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, həm də Sahil Babayevin hazırda böyük narazılıqla qarşılanan “inəkpaylama” aksiyasında əsas yeri tutur.

Bu faktlar göstərir ki, Sahil Babayev – Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi “böyük məsələ”ni də dolaysı ilə Fuad Musayevin nəzarətinə verib.

İddia olunur ki, mal-qaranın alınmasına məsul MMC də F. Musayevin nəzarətindədir. dövlətin pulu hesabına vətəndaşlara verilən qoyun və mal-qaranı podratçı – “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu təmin edir.

Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib! Təəccüb doğuran odur ki, işlərin icrasına cəlb olunan iki lider şirkət “Az Nest” MMC və “Aqri Kon” MMC müqavilənin bağlanmasına 1-2 ay qalmış yaradılıb.

Bir müddət əvvəl deputatlar Musa Quliyev və Araz Əlizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına ittihamlar səsələndirmişdilər. Bu qədər tənqidlərdən, faktlardan sonra adamın sadəcə, “heyf” deməyi gəlir.

İctimaiyyət gənc bir kadra ümid bəsləmişdi, nəhayət cavan nazirin təyinatı ilə müəyyən impulslar olacağına bel bağlamışdı.

Gənc nazir isə qoca heyvanlar paylamaqla, çox xırda işlərlə özünü gözdən salmaqdadır. Tənqidlərlə bağlı nazirliyin fikirlərini işıqlandırmağa hazırıq.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi