“Cavan nazirlərdir, amma yuxarıdan gedirlər” - Deputatdan sərt reaksiya
“Azia.az” xəbər verir ki,“Bəzən məmurlar prezidentin bütün əməyini yerə vururlar. Həmkarım Musa Quliyev az öncə çıxışında dedi ki, əhaliyə verilən heyvanların qoca olması ilə bağlı şəkillər yayırlar. O, şəkillərin düz olduğunu bilmir. Amma mən deyim ki, bu şəkillər düzdür. Həmin heyvanlar qocadır”.
Bunu deputat Araz Əlizadə Əmək və Sosial Siyasət Komitəsinin iclasında əhaliyə verilən heyvanlarla bağlı şikayətlərdən danışarkən deyib.
O bildirib ki, nazirlik düşünmədən qərar qəbul edib və əhaliyə yerli heyvanlar verilib: “Əslində, cins heyvanlar verilməlidir ki, onlar sürülərini inkişaf etdirsin. Axı sən bu heyvanları öz cibindən almırsan! Buna büdcədən pul ayrılır. Cavan nazirlərdir, çox gözəl, amma artıq yuxarıdan gedirlər. Deyirlər ki, sənə verilən heyvan xəstədirsə, ver bizi məhkəməyə. Yerli bazara kəsilmək üçün heyvan çıxarırlar. Onların da qiyməti 600-700 manatdır. Amma nəzərdə tutulmuş minlik heyvanlardır. Xəstə heyvanlarla o ailə evini necə dolandırsın? Necə inək vermisiz ? Niyə insandan soruşmurlar ki, bu malın keyfiyyəti nədir? Soruşmurlar ki, bununla qazana biləcəksən, məhsul götürə biləcəksən? Gəlin, cənab prezidentin əməyini yerə vurmayaq. Gəlin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinə diqqət yetirək. Qanunları qəbul etmişik, onların necə işləməsinə də diqqət edək”.