azia.az
azia.az

Xəstə, qoca inək-qoyun paylayan şirkətlər “Şapka Mamed”ə bağlı imiş - Eksklüziv

23-01-2019, 09:47

Xəstə, qoca inək-qoyun paylayan şirkətlər “Şapka Mamed”ə bağlı imiş - Eksklüziv
Aylardır qalmaqalla yadda qalan və şikayətlərin çoxaldığı özünəməşğulluq proqramı iflas edir. Bu proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Cahan.info xəbər verir ki, bu layihə çərçivəsində kəndlilərə verilən qoca, südsüz, xəstə heyvanların “Şapka Mamed” ləqəbli Məmməd Musayevə yaxın podratçı şirkətlər tərəfindən paylandığı üzə çıxıb.

Tenderdə qalib gəlmiş həmin firma “Aqrarkredit”in İdarə Heyətinin rəhbəri M.Musayevə yaxınlığı ilə seçilir. Nazirliyin keçirdiyi tenderdə qalib olmuş “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumuna kənd təsərrüfatı malları ilə təminata görə 19 milyon 225 min 246 manat ayrılıb.

Şirkətlərin M.Musayev tərəfindən himayə olunduğu iddia edilir. Bunun üçün nazirlik tərəfindən şirkətə hər ailə üçün 5000 manat ayrılır.

Ki, proqram çərçivəsində sosial yardımdansa bu mal-heyvanı saxlamaqla öz şəraitlərini yaxşılaşdırsınlar. Amma xəstə qoyun-inəklər paylayan şirkətlər nazirliklə əlbir olaraq maxinasiyalar həyata keçirir.

Proqram çərçivəsində dövlətin adından vətəndaşlara qısır mal-qara, süddən yanıq, qoca-qotur qoyunlar verilir. Kasıb vətəndaşlar akta imza edib dövlətin verdiyi mal-qaranı, qoyunları qəbul etsələr də, proqramda nəzərdə tutulduğu kimi özlərinin dolanışığını təmin edə bilməyəcəklərini deyirlər.

Səbəb isə onlara təqdim olunan heyvanların kökəlməyə, artmağa yararsız olmasıdır. “Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblının münasibətini öyrənib.

Mətbuat katibi həmin qoyunların haradan, hansı qiymətə, hansı podratçı şirkət tərəfindən alınması haqda suallara konkret cavab verməyib.

Bildirib ki, bu xərclər üçün dövlət büdcəsindən ƏƏSMN-nə 35 milyon manat ayrılıb. Deyib ki, işdə olmadığından həmin podratçı şirkətlərin adını deyə bilmir.

Astna.biz saytı bu mövzuda araşdırma aparıb. Həmin araşdırmadan belə aydın olur ki, dövlətin pulu hesabına vətəndaşlara verilən qoyun və mal-qaranı podratçı - “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu təmin edir. Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib! Seçim aparılarkən hansı şərtlərin əsas götürüldüyü də ayrıca araşdırma mövzusudur.

Dövlətin vətəndaşı ələbaxımlılıqdan çıxarmalı olan proqramı bəzi hallarda əks effekt verməsi – işsiz vətəndaşlara dişsiz, qotur, qısır, süd yanığı heyvanlar verilməsinə görədir. 1 aylıq MMC-lər vətəndaşları gələcəkdə borc bataqlığına atılmalarına zəmin yaradır. Proqramın məqsədi isə vətəndaşı ayağa qaldırmaq, öz biznesini qurmaq üçün ona dövlətin dəstəyini təqdim etməkdən ibarətdir.

Belə bir halda 1 aylıq MMC-lərin hansı meyarlara əsasən ölkə başçısının təşəbbüsü ilə icrasına başladılan proqramda iştiraka buraxılmaları anlaşılan deyil.

Astna.biz-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yolladığı sorğunun cavabını ixtisarla təqdim edirik.

Sitat: “ƏƏSMN 2016-cı ildən başlayaraq yoxsul ailələrin yardımdan asılılığını ortadan qaldırmaq üçün özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına başlayıb.

Həmin il proqramın icrasına 6 milyon manat ayrılmışdı və ondan 8 minə yaxın insanın faydalanacağı elan olunmuşdu. Bu il özünəməşğulluq sisteminin genişləndirilməsinə büdcədən 35,6 milyon manat ayrılmışdı”.

Dövlət satınalmaları registrində açıqlanmış məlumata görə, nazirliyin Dövlət Məşğulluq Xidməti özünəməşğulluq tədbirlərinin icrası üçün iyul və avqust aylarında ümumi dəyəri 30,3 milyon manat olan 3 müqavilə imzalayıb. Müqavilələr satınalma müsabiqəsi keçirilmədən birbaşa bağlanıb.

Təəccüb doğuran odur ki, işlərin icrasına cəlb olunan iki lider şirkət “Az Nest” MMC və “Aqri Kon” MMC müqavilənin bağlanmasına 1-2 ay qalmış yaradılıb.

Ümumilikdə, bu il proqram çərçivəsində 7 minədək şəxsin kiçik ailə biznesinin aktivləri (mal və materiallar) alınıb verilməklə dəstəklənməsi planlaşdırılıb.

Proqrama cəlb olunmaq üçün müraciət edən və müvafiq potensialları olan şəxslər ilk növbədə biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara malik olmaları üçün onlar Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən kurslara cəlb edilir.

Kursları bitirənlərdən biznes-planları uğurlu hesab edilənlərin aktivlərlə təminatı həyata keçirilir. Artıq 6,5 mindən çox şəxsin biznes planı qiymətləndirmə zamanı uğurlu hesab edilib və qiymətləndirmə prosesi davam etdirilir.

Eyni zamanda bölgələrdəki proqram iştirakçılarının özünüməşğulluqlarını qurmaq üçün mal və materiallarla təmin edilməsi prosesi də gedir.

Oxunub: 103


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi