"Əliyev qərar veribsə, heç kim onu dayandıra bilməz" - Erməni politoloq
“Əgər Əliyev hərbi eskalasiya barədə qərar veribsə, çətin ki, onu kimsə dayandıra bilsin”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Tevan Poqosyan “Qolos Armenii” qəzetinə müsahibəsində deyib.
Jurnalistin “KTMT-nin nümayəndələri aprelin 11-də erməni və Azərbaycan mövqeləri arasında olsaydı, toqquşmadan qaçmaq olardımı?” sualına Poqosyan belə cavab verib:
“KTMT kontingentinin olması haradasa 5 faiz çəkindirici rol oynayacaq. Lakin Əliyev hərbi eskalasiya barədə qərar veribsə, çətin ki, kiminsə varlığı onu dayandıra bilsin. Hətta KTMT-nin mövcudluğu belə ona mane ola bilməz.
Bu müşahidəçilər oktyabr və dekabr aylarında Ermənistanda olublar, yenə gərginliyin qarşısını almaq mümkün olmayıb.
Müharibə bitməyib. 1994-cü ildən Ermənistan müharibənin episentrində qalıb. Çünki düşmən müharibənin yalnız İrəvanın alınması ilə bitəcəyini bəyan edib.
İstər KTMT, istərsə də Aİ missiyası olsun, heç bir missiyaya xüsusi ümid bəsləmək olmaz. Onlar yalnız faktları qeydə almaq məqsədi daşıyır. Bir dövlətin digər dövlətə qarşı təcavüzünün qarşısını almaq onların vəzifəsi deyil. Təhlükəsizliyimizi yalnız öz ordumuz qorumalıdır.
Bu fəlakətli siyasətə qarşı çıxmağın əsas yolu xalqın birliyidir. Təəssüf ki, əks proses göz qabağındadır.
Xalq birləşmir, əksinə, parçalanır və mənim nöqteyi-nəzərimə görə, ən yaxşı həll hakim rejimin şüurlu və könüllü şəkildə nəzarət rıçaqlarından imtina etməsi olardı”.
Xuraman Etibarlı,