azia.az
azia.az

Qulu Məhərrəmli:"“Media haqqında” qanunla bağlı narahatlıqlar, söz və mətbuat azadlığına təhlükə olduğunu düşünənlər var, bu iradların bir çoxunu haqlı hesab edirəm"

5-02-2022, 12:30

Qulu Məhərrəmli:"“Media haqqında” qanunla bağlı narahatlıqlar, söz və mətbuat azadlığına təhlükə olduğunu düşünənlər var, bu iradların bir çoxunu haqlı hesab edirəm"
Qulu Məhərrəmli:"“Media haqqında” qanunla bağlı narahatlıqlar, söz və mətbuat azadlığına təhlükə olduğunu düşünənlər var, bu iradların bir çoxunu haqlı hesab edirəm"
“Azərbaycan demokratik inkişaf yolu seçmiş ölkə kimi bu dəyərləri ön planda saxlamalıdır”
“Media haqqında” qəbul edilmiş yeni qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq. Layihəyə əsasən, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək.

Layihə təklif olunduğu gündən etibarən fikir ayrılıqları var. Bu yaxınlarda Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda onu Milli Məclisin qəbul etdiyi “Media haqqında” qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb. Komissar məktubunda həmin qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib: “Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir”.

D.Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, istənilən inkişaf etməkdə olan demokratik cəmiyyət üçün fikir, söz və məlumat azadlığı, plüralizm bir dəyərdir: “Bunlar olmasa, cəmiyyətdə məlumat yaymaq, insanlarla gərəkli olan informasiyanı bölüşmək, müxtəlif fikirlərin toqquşmasını müşahidə etmək çox çətindir. Buna görə də Qərb demokratiyasının inkişafı, bugünkü mərhələsi bir daha təsdiq edir ki, cəmiyyət fikir, məlumat, mətbuat azadlığı olmadan arzuladığı ideallara çata bilməz. Hesab edirəm ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi ən ciddi dəyərlərdən biri söz, məlumat azadlığıdır. Faktiki olaraq, demokratik seçimin göz önündə olan ən böyük nəticəsi mətbuat azadlığı, plüralizmin inkişaf etməsidir. Məlumat azadlığı olmadan cəmiyyəti irəli aparmaq, hakimiyyət üzərində ictimai nəzarəti həyata keçirmək, cəmiyyətdə şəffaflığı təmin etmək qeyri-mümkündür. Buna görə də Azərbaycanda qanunvericilik bazasını möhkəmləndirmək siyasəti yeridilir. Nəticələr isə göz önündədir”.

Q.Məhərrəmli qeyd etdi ki, proses ötən əsrin 90-cı illərində başlayıb və bu gün atılan addımlar prosesin davamı kimi dəyərləndirilməlidir: “Müəyyən çətinliklər də var. Məsələn, tənqidi mətbuatla bağlı, araşdırmaçı jurnalistlərlə bağlı bəzi problemlər, xüsusilə təqibolunma faktları mövcuddur. Bir çox hallarda bilavasitə yazılarla bağlı deyil, başqa fəaliyyətlə bağlı problemlər ortaya çıxır. Bu mənada istənilən inkişaf etmiş dövlətin siyasəti mətbuat azadlığı üçün normal şəraitin yaradılmasına yönəlib. Bunun üçün də gərəkli hüquqi bazanın yaradılması mütləqdir. Bu halda cəmiyyət də fayda görər. Bu gün mətbuat azadlığı ilə bağlı vəziyyət ideal deyil. Tənqidi qəzetlərin bir çoxu faktiki olaraq fəaliyyət göstərmir. Jurnalistlərin azad fəaliyyəti üçün də şərait ürəkaçan deyil. Xüsusilə, bir çox məmurlar söz azadlığından danışılanda özlərini pis hiss edirlər. Onlar heç kimin, o cümlədən medianın ictimai nəzarətini qəbul etmək istəmirlər”.

Media eksperti hesab edir ki, fikir plüralizmi də önəmli demokratik dəyərdir: “Müxtəlif fikirlərin toqquşması olmasa, cəmiyyət inkişaf edə bilməz. Vaxtilə ”Əkinçi" qəzetində Həsən bəy Zərdabi yazırdı ki, cəmiyyətin öncülləri qəzet səhifələrində bir-birilə mübahisə etməlidirlər ki, həqiqət ortaya çıxsın. İnsanlar hər hansı məsələ ilə bağlı müxtəlif fikirlər irəli sürə bilərlər. Cəmiyyət üçün doğru, faydalı fikri ictimai müzakirələr ortaya çıxarır. Hazırda televiziyalarda, qəzet səhifələrində, “Youtube” kanallarında fərqli fikirlərin toqquşmasını müşahidə edirik. Əldə etdiklərimizi qoruyub-saxlamalıyıq. Yeni qəbul olunmuş “Media haqqında” qanunla bağlı narahatlıqlar, söz və mətbuat azadlığına təhlükə olduğunu düşünənlər var. Müəyyən məhdudiyyətlərin tətbiq olunacağı, xüsusilə jurnalistlərin reyestrdən keçirilməsi ilə bağlı iradlar səslənir. Bu iradların bir çoxunu haqlı hesab edirəm. Ölkə prezidentinə “Media haqqında” qanuna yenidən baxılması ilə bağlı Qərbdən çağırışlar var. Burada əsas məsələ ondan ibarətdir ki, bizim cəmiyyətimiz söz, fikir, mətbuat azadlığı, plüralizm sahəsində əldə etdiklərini qoruyub saxlasın. Bu demokratiya olmasa, ağı qaradan seçmək mümkün olmayacaq. Təkfikirlilik avtoritarizmin məhsuludur. Azərbaycan demokratik inkişaf yolunu seçmiş ölkə kimi bu dəyərləri ön planda saxlamalıdır".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi