azia.az
azia.az

Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir

31-07-2019, 08:09

Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir
Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov :"Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir "
Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.
Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür.
Müstəqilliyinin 26 ilini geridə qoyan Azərbaycanda bu dövrdə bərqərar olan demokratik meyarlardan biri söz və mətbuat azadlığıdır. Çünki məhz azad mətbuat plüralist cəmiyyətin əsas göstəricilərindən biridir. 140 ildən çox tarixi və özünəməxsus ənənələri olan milli mətbuatımız hər zaman mütərəqqi ideyaların carçısı kimi çıxış edib. Azərbaycanda söz və mətbuat azadlığının tarixi kökləri qədim dövrlərə gedib çıxır. Ölkəmizin müstəqilliyə qədərki tarixini vərəqlədikcə məlum olur ki, bu qədim diyarın söz və mətbuat ənənəsi bir çox ölkələr üçün nümunə hesab oluna bilər. Mütərəqqi haldır ki, Azərbaycan hökuməti müstəqillik əldə etdikdən sonra da bu ənənəyə sadiq qalaraq söz və mətbuat azadlığının təmin olunması məqsədilə lazım olan bütün şəraiti yaradıb. Bununla kifayətlənməyən dövlət müasir çağırışları əsas götürərək mətbuat azadlığının daha da inkişaf etdirilməsini qarşıya məqsəd kimi qoyub. Hazırda əminliklə qeyd etmək olar ki, söz və mətbuat azadlığı Azərbaycan dövləti üçün prioritet sahələrdən hesab olunur.
Mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, müstəsna haldır ki, Azərbaycanın mətbuat tarixi bir çox dünya ölkələrindən öndə gedir. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə milli mətbuatın inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunmuş, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait hazırlanmış, leksikonumuzda media iqtisadiyyatı, media biznesi adlanan anlayışlar formalaşmış, qarışılıqlı inama istinad edən KİV - cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq iqtisadi baza yaradılmışdır. Əldə olunan nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması isə tarixi reallıqdır.
Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Bunu Azərbaycanda yaşayan hər bir azərbaycanlı bilir. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub.
Məlum olduğu kimi, müasir informasiyanın, vətəndaş cəmiyyətinin, eləcə də, azad medianın əsasını dəyərlər fikir, söz və məlumat azadlığı təşkil edir. Cəmiyyət demokratik şəkildə inkişaf etdikcə informasiya cəmiyyətinə keçid sürətlənir, informasiya mühitinin texnoloji komponentləri, informasiya resurslarının formalaşması, yayılması və istifadə sistemləri, informasiya telekommunikasiya infrastrukturu yaranır və inkişaf edir.
Azərbaycan Respublikasında söz, fikir, məlumat, o cümlədən mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas vəzifələrindən biridir. Dövlətin informasiya və mətbuat siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş söz, fikir və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Kütləvi informasiya vasitələrinin inkişafına və mətbuata dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin və mətbuatın müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyən olunan təşkilati - texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu əks etdirir.
Hazırda Azərbaycanda ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq kütləvi informasiya vasitələrindən də yan keçmir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sairə son illərdə Azərbaycanda söz və fikir azadlığının hüquqi təminatı istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdir. Bütün bu tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin 2008 - ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir. Cəmiyyəti doğru, düzgün, obyektiv informasiyalarla məlumatlandıran, kütləvi informasiya vasitələri dövlət informasiya siyasətində həlledici təsisatlarından olub bir növ dördüncü hakimiyyət funksiyasını həyata keçirir. KİV - lərin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla, fikir, söz və mətbuat azadlığını inkişaf etdirmək, KİV-lərin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya, kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli əməkdaşlığı gücləndirmək və sairdir. Kütləvi informasiya vasitələri hakimiyyət strukturları ilə bilavasitə bağlıdır və bunlar bir-birilə qarşılıqlı əlaqə kəsb edir. KİV siyasətin ayrılmaz tərkib hissəsidir. İctimai fəaliyyətin digər növləri ilə müqayisədə siyasət xüsusi məlumat mübadiləsi vasitələrinə daha çox ehtiyac duyur. Belə ki, iqtisadiyyat bazar tənzimləməsi zəminində adamların qarşılıqlı fəaliyyətinin bilavasitə formaları əsasında fəaliyyət göstərə bilir. Siyasət isə ünsiyyətin dolayı formaları və hakimiyyət, daşıyıcıları arasında xüsusi əlaqə vasitələri olmadan mümkün deyildir. Bu hər şeydən əvvəl, siyasətın təbiəti ilə bağlıdır. Adamların ixtisaslaşdırılmış ünsiyyət formaları qrup məqsədlərinin və mənafelərinin reallaşdırılması baxımdan zəruridir.
Demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesində kütləvi informasiya vasitələrinin xüsusi yeri və rolu var. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra senzura ləğv edildi, azad söz, azad fikir bərqərar oldu. 1995 - ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50 - ci maddəsində "Məlumat azadlığı" bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı vardır. Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.
Azərbaycanda azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi. Çıxışlarının birində dahi şəxsiyyət dövlətin informasiya siyasəti haqqında deyirdi: "Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında tətbiq olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir". Heydər Əliyev azad mətbuatın milli mənafelərə xidmət etməsi, milli ideologiyanın formalaşması, obyektiv, düzgün, ictimai rəyin yaradılması sahəsində ciddi addımlar atdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqilliyinin və azadlığının təmin edilməsi sahəsində çoxşaxəli işlər gördü.
2003 - cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev də söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Qəzetlərin 2001 - ci il dekabrın 31 - dək olan “Azərbaycan” nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005 və 2010 - cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümü idi. Prezident İlham Əliyevin 2008 - ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009 - cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Mətbuat Şurası üçün yeni inzibati binanın, o cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binasının tikintisi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına mənzillərin inşası dünya miqyasında analoqu olmayan hadisədir. Bütün bular medianın inkişafına dövlət qayğısının ən bariz göstəricisi olmaqla yanaşı, söz və mediaya verilən dəyər, fikir və ifadə azadlığına göstərilən diqqətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi