Qulu Məhərrəmli ekspertlərə etiraz etdi
AZTV sədri Arif Alışanov haqqında söylədiyi tənqidi fikirlərə görə barəsində xüsusi ittiham qaydasında cinayət işi açılan media eksperti Qulu Məhərrəmli ona qarşı başlanmış məhkəmə işi çərçivəsində aparılacaq linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislər cəlb olunmasına etiraz edib.
Lent.az-a bu barədə Qulu Məhərrəmlinin özü məlumat verib.
Media eksperti bildirib ki, bununla bağlı Yasamal rayon Məhkəməsinə vəsatətlə müraciət etmişik:
“Mütəxəssis qismində adları çəkilən müəllimələrin heç birini şəxsən tanımıram. Onların layiqli insan, vicdanlı və yaxşı dilçi olmalarına da şübhə etmirəm. Yalnız, burada xüsusi ittiham və cinayət təqibindən söhbət getdiyi üçün hər şey dürüst, ədalətli və şəffaf olmalıdır. 20 ilə yaxındır ki, BDU-da müəllimlik edirəm. Ona görə də eyni müəssisədə çalışan bir əməkdaşın başqa əməkdaş haqqında, xüsusən də ictimailəşmiş bir məsələ ilə bağlı rəy verməsi doğru deyildir. Ekspertiza haqqında qanun da buna yol vermir”.
Qeyd edək ki, Yasamal rayon məhkəməsinin müraciətinə əsasən, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılova dilçi-mütəxəssis qismində linqvistik ekspertizaya cəlb ediliblər.