azia.az
azia.az

Ərazi bütövlüyümüz bərpa edilib, indi isə ərazilərimizdə tikinti-quruculuq işləri aparılır

6-11-2021, 13:04

Ülvi QULİYEV,
Milli Məclisin deputatı

Ərazi bütövlüyümüz bərpa edilib, indi isə ərazilərimizdə tikinti-quruculuq işləri aparılır


Vətən müharibəsində əldə etdiyimiz qələbə təcavüzkar Ermənistanın Qarabağı və ətraf bölgələri 30 il işğal altında saxlamasına son qoymaqla dünya birliyinə də bir çox həqiqətləri çatdırdı. Dünya niza¬mına iddialı Qərb ölkələri yaşadıqları ziyanlı fobiya-lara baxmayaraq, etiraf etməli oldular ki, Azərbaycan dövləti bu illər ərzində öz iqtisadi potensialını və hərbi gücünü yalnız bir hədəfə– ərazilərinin bütövlü¬yünün bərpa edilməsinə yönəldib.

Bütün dünya bu tarixi zəfərin nəticəsində gördü ki, Azərbaycanın Vətən müharibəsində hədəfi Qarabağ münaqişəsini beynəlxalq hüquq və tarixi ədalət müstəvisində həll etmək olub. Bunun üçün, xüsusən, son 17 ildə ordu quruculuğu prioritet təşkil edib, dövlət–vətəndaş münasibətlərinin qarşılıqlı inam üzərində qurulmasına önəm verilib, nəticədə, ictimai-sosial sabitliyə nail olu¬nub. Dünya birliyi onun da şahidi oldu ki, yerləşdiyimiz mürəkkəb coğrafi məkanda Ermənistandan fərqli olaraq, Azərbaycan öz dövlət müstəqilliyini qoruya bilib və işğalçını çıxmaqla, bütün qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmağa nail olub. Azərbaycan dost ölkələr, strateji müttəfiqlər qazanıb. Nüfuzlu beynəlxalq təşkilatlarla etibarlı münasibətləri qura bilib.
Müharibə günlərində dünya ictimaiyyəti onu da gördü ki, Azərbaycanda Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu elə bir səviyyəyə qaldırılıb ki, demoqrafik müqayisədə ölkəmizə dəfələrlə uduzan Ermənistanın hərb meydanında da məğlubiyyəti qaçılmaz olub. Ən başlıcası, həmin günlərdə çoxları¬nı, o cümlədən inkişaf etmiş bir sıra Avropa dövlətlərini heyrətləndirən ümumxalq birliyi¬miz, liderimizlə xalqımızın sarsılmaz vəhdəti oldu. Ali Baş Komandanımızın qətiyyətli siyasi iradəsi, yalnız qələbəyə köklənən qəhrəman Azərbaycan Ordusunun peşəkar yenilməzliyi dünyanın gözü qarşısında yeni bir reallığa meydan açdı. Məhz bu reallıq bir çoxları, xüsusən, bədxahlarımız və işğalçı Ermənistan üçün gözlənilməz oldu.
Ərazi bütövlüyümüzün bərpasından sonra ərazilərimizin özünün bərpasına başlanılıb. Əlbəttə, qələbədən əvvəl olduğu kimi, tarixi zəfərimizdən sonra da dünyada vəziyyət ağır olaraq qalır. Pandemiya bitməyib, dünya iqtisadiyyatı tənəzzüldən xilas olmayıb və üstəlik, ciddi geosiyasi prosesləri müşahidə etməkdəyik. Bütün bu mürəkkəbliyə bax¬mayaraq, dövlətimizin başçısı Qarabağda bərpa və quruculuq işlərinə start verib. O torpaqlarımızda ki, düşmən 30 il ərzində o yerləri viran qoyub– təkcə evlərimizi və infrastrukturu yox, məscidlərimizi, tarixi və mədəni irsimizi, hətta qəbirləri dağıdıb, daşı-daş üstə qoymayıb, nəzarətində polmuş bütün əraziləri də minalayıb. Amma bütün bu çətinliklərə baxmayaraq, dünya şahid olur ki, Qarabağa Böyük Qayıdışı təmin etmək üçün Azərbaycan hakimiyyətinin siyasi iradəsi hər şeyə üstün gəlir və bu qətiyyət dəyişməzdir. Prezident İlham Əliyevin bu günlərdə işğal¬dan azad edilmiş Zəngilanda Böyük qayıdışa start verməsi bunu bir daha təsdiq etdi.
Xatırlayaq ki, bu vaxtadək ölkə rəhbərinin fərmanı ilə “YAŞAT” fondu təsis edilib və uğurla fəaliyyət göstərir. Bu qurumun əsas məqsədi şəhidlərin ailə üzvlərinin və müharibə nəticəsində əlillik dərəcəsi müəyyən edilən qazilərimizin sosial müdafiəsinə xidmət göstərməkdir. Fondun yaradılmasında məqsəd həm də odur ki, ən böyük nailiyyətimiz olan birli¬yimizi post-müharibə dövründə daha da möhkəmləndirək, mənəvi öhdəliklərimizi yerinə yetirmək üçün hər birimizə imkan yaransın. Qısa bir müddətdə fond 2,8 min şəhidin 14 min ailə üzvü və müharibədə ya¬ralanan on minədək qazi ilə görüşlər keçirib, onların ən vacib ehtiyaclarını təmin edib. Fondun himayəyə götürdüyü şəxslərin sayı 5 min nəfərdən çoxdur.
Bir daha vurğulanması yerinə düşərdi ki, fondun fəaliyyəti məhz mənəvi dəyərlərimizin qorunmasına yönəlib. Şübhəsiz ki, əsas yükü yenə də dövlətimiz çəkir. Fond şəhid ailə üzvlərinin və qazilərin bir çox istehlak kreditlərini və digər borc öhdəliklərini artıq qarşılayıb, bəzi müalicə və psixoloji dəstək xərclərini ödəyib. Qurum təhsil və peşə hazırlığı, habelə digər məsələlərin həlli üçün əlavə tədbirlər görməkdədir.
Prezidentin digər fərmanı ilə institusi¬onal təşəbbüsün təməli qoyulub, Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu təşəbbüsdə də məqsəd Qarabağın bərpası kimi ümumxalq işimizdə hər birimizin mənəvi iştirak haqqını tanımaqdır.Ötən il sentyabrın 27-dən sonra, müharibə günlərində Ermənistan tərəfindən mülkü əhalimizə, dövlət əmlakına, infrast¬ruktur obyektlərinə və sahibkarlara vurulmuş ziyanın müəyyən edilib aradan qaldırılması məqsədilə yaradılmış hökumət komissiyası da fəaliyyətə başlayıb. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat vəsait ödənilir.
Qarabağda bərpa və quruculuq işlərinə dövlətimiz tərəfindən ilkin olaraq 2 milyard manat ayrılıb. Ayrılan böyük vəsaitlər və artıq başlanılan işlər öz yerində. Görülən ən vacib tədbirlərdən biri Vətən müharibəsinin iştirak¬çılarını məhz dövlət qayğısı ilə təmin etməkdir. Prezidentin tapşırığı ilə Mərkəzi Bank və Banklar Assosiasiyası tərəfindən müharibə iş¬tirakçılarına aid 1500-ə qədər kredit üzrə borc¬lar tam şəkildə silinib. AzSığorta tərəfindən 1053 şəhidimizin vərəsəsinə və müharibədə xəsarət alan 4 mindən çox hərbçimizə 18 milyon manatdan artıq ödəniş edilib.
Şübhəsiz ki, bu rəqəmlər şəhidlərimizin və qazilərimizin, bütün müharibə iştirak-çılarının Vətən qarşısındakı xidmətləri ilə eyniləşdirilə bilməz. Lakin Vətən övladları və onların doğmaları görəndə ki, dövlət və cəmiyyət onların yanındadır, mövcud imkanlar çərçivəsində və bəzən də daha artıq dəstək vermək istəyindədir, ən əsası, dövlət–vətəndaş münasibətlərinə mənəvi dəyərlərimiz müstəvisindən yanaşılır, təbii ki, bütün bunlar onları razı salır, cəmiyyətdə ümumi məmnunluq yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi